Ermənistan hakimiyyətinin bu qərarı da Rusiyaya təsir etmədi...

Elxan Şahinoğlu: "Məhz Ukrayna-Rusiya müharibəsi zamanında ona görə başladı ki, Ukrayna Aİ üzvü olmaq fikrinə düşdü"
Artıq Ermənistan 44 günlük savaşdan sonra üzünü Rusiyadan Avropaya çevirdiyi barədə çeşidli bəyanatlar verməyə başladı. Amma Ermənistan bununla yanaşı, Rusiyanın özünün və onun patronajlığı altında fəaliyyət göstərən iqtisadi və siyasi birliklərin yaratdığı şəraitdən və imkanlardan də imtina etmir.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir sıra qanunlarla yanaşı “Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması haqqında” qanunu da imzalayıb. Bununla da Ermənistanın Aİ-yə qəbul edilməsi üçün hüquqi baza formalaşıb. Bundan sonrakı mərhələdə isə Ermənistan İttifaqa qəbul üçün dövlətin qarşısında qoyulan tələbləri yerinə yetirməyə başlayacaq.
Rusiya rəsmiləri indiyə qədər bir neçə dəfə bəyan edib ki, Ermənistan Aİİ, BRİCS, MDB və s. Rusiyanın patronajlığı ilə fəaliyyət göstərən birliklərlə eyni vaxtda Aİ-yə üzv ola bilməz. İndi artıq həlledici mərhələ yaxınlaşmaqdadır. Proqnozlaşdırmaq çətindir ki, Ermənistan Aİ-nin tələblərini nə qədər vaxta yerinə yetirəcək. Rusiya buna dözəcəkmi? Amma hər halda onu da nəzərə almaq lazımdır ki, Ermənistanın Aİ-yə üzv olması Avropa ölkələrinin də marağındadır. Ona görə Ermənistan xüsusi hal kimi də nəzərə alına bilər. Çünki bu, Aİ-nin Cənubi Qafqazda mövcudluğu deməkdir.
Moskva hansı addımlar ata bilər? Rusiya buna dözəcəkmi?
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baki-xeber.com-un müxbiri ilə söhbətində bildirib ki, Ermənistan parlamenti Avropa İttifaqına üzvülüklə bağlı qanunu qəbul etsə də, Ermənistan prezidenti bunu imzalasa da, Ermənistanın Avropa İttifaqına üzvülüyü, aydındır ki, yaxın perespektivdə mümkün deyil: "Ona qalsa Ukrayna, Moldova və Gürcüstan da oxşar qanunlar qəbul ediblər. Uzun illərdir bu üç ölkəni də Avropa İttifaqına qəbul etmirlər. Halbuki, Ukrayna və Moldova həm məkan baxımından, həm də mədəni-siyasi münasibətlər baxımından Avropaya daha yaxındır. Məhz Ukrayna-Rusiya müharibəsi zamanında ona görə başladı ki, Ukrayna Aİ-yə üzvü olmaq fikrinə düşdü. Rusiya bu istəyi əngəlləmək üçün Ukraynaya hücum etdi. İndiyə qədər də Ukraynanı Aİ üzvülüyünə qəbul etmirlər.
Bu qərarla Ermənistan hakimiyyəti göstərməyə çalışır ki, Avropaya yaxındır, Avropa dəyərlərini bölüşür. Amma Aİİ və BRİCS-dən də Ermənistanın imtina edəcəyini zənn etmirəm. Çünki Paşinyan sözdə Avropaya istiqamətlənsə də, əməldə əsas ticarət tərəfdaşları Rusiya, Aİİ və BRICS ölkələridir. Təsadüfi deyil ki, keçən il Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son 3 ildə 4 dəfədən çox artaraq 16 milyard dollara yüksəlib.
Rusiya Ermənistanı o halda cəzalandırar ki, onun Aİ-yə üzvlüyü reallaşmağa yaxın olsun. Rusiyada da anlayırlar ki, indiki şərtlər daxilində Ermənistan Aİ üzvlüyünə qəbul edilə bilməz. Ona görə də Rusiya hesab edir ki, hələ indidən Ermənistan hakimiyyətini cəzalandırmaq doğru olmaz".
Digər tərəfdən, hazırda Rusiya Ukrayna cəbhəsi bataqlığında hər gün o qədər güc itirir ki, indi onun heç Ermənistanı cəzalandırmaq imkanları da mövcud deyil. Mütəxəssislərin hesablamalarına görə, Rusiya hər gün müharibəyə bir milyard dollar pul xərcləyir. Rusiyanın builki dövlət büdcəsinin xərcləri isə təxminən 400 milyard dollar təşkil edir. Rusiya 400 milyardlıq illik dövlət büdcəsinin 365 milyardını müharibəyə xərcləyirsə, vəziyyətin nə yerdə olduğunu təsəvvür etmək elə də cətin deyil.
Qarşıdakı aylar ərzində Rusiya Ukrayna ilə atəşkəsə nail ola bilsə, onun Ermənistanla məşğul olmağa vaxtı və imkanı yaranacaq. Fikrimizcə, Ermənistanın taleyi məhz həmin vaxt həll ediləcək.
Akif NƏSİRLİ