Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

Elşən Manafov: “Yalnız rəsmi Bakının haqlı tələblərindən və ən əsası, növbəti dəfə "Dəmir yumruqla" üzbəüz...”
“Dağlıq Qarabağ ermənilərinin “məcburi köçürülməsi” (əslində ermənilər könüllü olaraq, Azərbaycan vətəndaşlığını qəbul etmədikləri üçün köçüblər və bunu təsdiqləyən video, foto və sübutlar var) və Dağlıq Qarabağın ləğvi haqqında fərman dərc edildikdən sonra bu məsələ Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin tənzimlənməsi gündəliyindən çıxarılıb”.
Bu barədə Ermənistan XİN “Azadlıq” radiosunun erməni xidmətinin sualına cavab olaraq bildirib.
Daha sonra Ermənistan XİN-in açıqlamasında bunlar qeyd edilib: “Biz keçmişdə dəfələrlə bəyan etmişik ki, Azərbaycanla apardığımız danışıqlarda Ermənistan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə çalışır, o cümlədən bu məsələlərin həlli üçün beynəlxalq mexanizmin yaradılmasına cəhd edir”.
Göründüyü kimi, erməni tərəfi iddia edir ki, Dağlıq Qarabağ buraxılandan və ermənilərin zorla Qarabağdan köçürülməsindən sonra sülh sazişindən Qarabağ məsələsi çıxarıldı. Bu, tamamilə yalandı. Prezident İlham Əliyev Almaniya Prezidenti Ştaynmayerlə Bakıda mətbuat konfransında dedi ki, biz bu məsələni sülh sazişindən məcburən çıxartdırdıq: “Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ “respublika”sının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz, təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik. Ancaq 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə ay sonra Ermənistan təkidlə irəli sürdüyü o maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu”.
Bu o deməkdir ki, Ermənistan heç də 2023-cü ilin sentyabrında separatçı qurum özünü buraxandan dərhal sonra sülh sazişindən Qarabağ məsələsini çıxarmayıb. 2024-cü ilin əvvəlinədək buna cəhd edib. Yalnız Azərbaycan Ermənistanı buna məcbur edəndən sonra onlar bu addımı atıb.
“Azərbaycan tərəfi heç vaxt Qarabağ ermənilərinin zorakı şəkildə oradan uzaqlaşdırılmasını nəzərdə tutan fərmana imza atmayıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov hesab edir ki, hər zaman olduğu kimi, Ermənistan tərəfi bir sıra məsələləri təhrif edir: “Azərbaycan tərəfi heç vaxt Qarabağ ermənilərinin zorakı şəkildə oradan uzaqlaşdırılmasını nəzərdə tutan fərmana imza atmayıb. Söhbət Qarabağın Azərbaycana mövcud qanunvericilik çərçivəsində reinteqrasiyasından gedə bilər ki, bununla bağlı təkliflərini rəsmi Bakı Qarabağdakı erməni icması ilə yanaşı, Paşinyan hakimiyyətinə, habelə ATƏT-in Minsk Qrupunda təmsil olunmuş həmsədr dövlətlərin hökumətlərinə göndərib. Reinteqrasiya təkliflərində rəsmi Bakı Qarabağda Azərbaycan dövləti və xalqına qarşı cinayət əməllərinə yol verməmiş ermənilərin təhlükəsizliyinə təminat verməklə yanaşı, onları respublikanın tam hüquqlu vətəndaşları kimi tanımağa hazır olduğunu bildirib. Rəsmi Bakının bu təklifləri ermənilər tərəfindən qəbul edilməyib. Onlar könüllü şəkildə Qarabağı tərk edərək Ermənistana slğınıblar. Halbuki, rəsmi İrəvan Avropa İttifaqına ünvanlanmış müraciətlərində rəsmi Bakının Qarabağda etnik təmizləmə siyasəti həyata keçirdiyini iddia edib. Avropa Şurası Parlament Assambleyası isə, hətta Azərbaycanı “etnik təmizləmə” siyasətində ittiham edən qətnamə qəbul edib. Rəsmi Bakıdan ermənilərin təhlükəsiz şəraitdə Qarabağa qayıdıb məskunlaşmaları üçün şərait yaradılmasını tələb edib və bu zaman Ermənistandan zorla qovulmuş 240 mindən yuxarı soydaşımızla bağlı məsələlərə münasibət belə sərgiləməyib. Qarabağda antiterror əməliyyatı 2023-cü ilin sentyabrında keçirilib. Sentyabrın sonunda separatçı qurum özünü buraxıb. Ancaq 2024-cü ilə qədər Ermənistan Qarabağ məsələsinin sülh sazişində olmasına cəhd edib. Baxmayaraq ki, İrəvan 2022-ci ilin oktyabrında Praqada keçirilən görüşdə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bununla belə, rəsmi İrəvan bir qayda olaraq Azərbaycanla sülh danışıqlarında Qarabağ məsələsini qabardıb. Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı məsələləri sülh danışıqlarının gündəliyində saxlamaqla həm beynəlxalq birliyi aldatmağa, həm də, müqavilənin imzalanmasını qeyri-müəyyən müddətə qədər uzatmaq üçün ondan istifadə etməyə cəhd göstərib. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, yalnız rəsmi Bakının haqlı tələblərindən və ən əsası, növbəti dəfə "Dəmir yumruqla" üzbəüz qalmamaqdan ötrü rəsmi İrəvan Qarabağla bağlı məsələlərin sülh danışıqlarının gündəliyindən, o cümlədən, müqavilənin mətnindən çıxarılmasına razılıq verməyə məcbur olub”.
Vidadi ORDAHALLI