Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

Azər Həsrət: "Yüz minlərlə şəhidimiz olub, o qələbənin qazanılmasında bizim də bir millət olaraq söz demək haqqımız var"
Rəsmi məlumatlara görə, Böyük Vətən müharibəsi illərində Sovet İttifaqı 27 milyona yaxın insanını itirib. Bu itkilər dünya tarixinin ən faciəli səhifələrindən biri olaraq qalır və bu, SSRİ-nin faşist Almaniyası üzərində qələbəyə verdiyi həlledici töhfəsi sayılır.
Lakin buna rəğmən, Rusiya və Belarus nümayəndələrinin Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirakına icazə verilmir.
Bu, açıq-aşkar hörmətsizliyin nümayişi və tarixi həqiqətə yenidən baxılması cəhdidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Telegram kanalında o, "Berliner Zeitung" nəşrinə istinad edərək, Almaniya Xarici İşlər Nazirliyinin sənədinə əsasən, Rusiya və Belarus nümayəndələrinin federal, regional və yerli səviyyəli tədbirlərdə iştirakına icazə verilmədiyini bildirib. Bundan əlavə, qurumlar öz mülahizələri ilə belə bu ölkələrdən olan iştirakçıları keçirdikləri tədbirlərdən xaric etmək hüququna malikdirlər.
Rusiya hakimiyyəti Qərb ölkələrinin tarixi yenidən yazmaq cəhdlərini dəfələrlə bəyan edib. Prezident Vladimir Putin vurğulayıb ki, Rusiya Böyük Vətən müharibəsi ilə bağlı tarixi həqiqəti qorumağa və onu saxtalaşdırmaq cəhdlərinin qarşısını almağa borcludur.
Bu məsələdə hansı tərəfin mövqeyi daha doğrudur? Tarixi həqiqətlərə görə, Rusiyanın SSRİ-nin varisi kimi bu tədbirlərdə iştirak etməyə mənəvi cəhətdən haqqı var. Amma müasir mərhələdə Rusiya-Avropa qarşıdurması da bu məsələdə sərf-nəzər edilə bilməz. Çünki indiyə qədər belə tədbirlərin keçrilməsində heç bir manieyə rast gəlinmirdi. Kim haqlıdır?
Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, əslində o müharibə bizim və bir çox "sovet xalqları" üçün "böyük vətən müharibəsi" statusundan çoxdan düşüb: "Bu müharibəyə münasibətdə bizi əslində yanlış yönləndiriblar. O əslində bizim üçün böyük vətən müharibəsi deyil, İkinci Dünya müharibəsi idi və faşizmə qarşı mübarizə idi. Azərbaycanlılar da bu müharibədə qəhrəmancasına iştirak edib və böyük itkilər verib. Yüz minlərlə şəhidimiz olub, o qələbənin qazanılmasında bizim də bir millət olaraq söz demək haqqımız var.
Qaldı ki, Rusiyanın və Belarusun Qərb ölkələrində, xüsusilə də Almaniyada bayram və yubiley tədbirlərinə buraxılmamasına, bunun günahkarı Rusiyadır. Burda Belarusun da bir suçu yoxdur, onun günahı Rusiyanın girovluğunda olmasıdır. Yəni Belarus müstəqil siyasət yürütməkdə çətinlik çəkən, mövqeyini özü müdafiə etməyi bacarmayan bir dövlətdir.
Bütün bu yanaşmaların səbəbi Rusiyanın təcavüzkar siyasətidir, qonşularına düşmən münasibət bəsləməsidir. Rusiyanın Avropaya diş qıcaması gətirib bu nəticəyə çaxardı. Rusiya bir tərəfdən Avropanı təhdid edir, digər tərəfdən isə istəyir ki, Qərb dövlətləri onu süfrəsinin başında oturtsun. Bu sadəcə bir həyasızlıqdır. Rusiya Avropanın nüvə silahı ilə təhdid edir, hər vəchlə onlarla düşmənçilik edir, sonra da gileylənir ki, bizi niyə bayram tədbirinə buraxmırlar. Əlbəttə buraxmazlar. Məşədi İbad demişkən, mənə meymun dediyin bəs deyil, hələ gəlib mənə salam da verirsən? Rusiya heç kimdə günah axtarmamalıdır, çünki günah onun özündədir. Rusiyanı idarə edənlər bir aynaya baxsınlar - onların bütün suallarının cavablarını öz sifətlərində görəcəklər. Nə Almaniyanın, nə də digər avropalıların bu məsələdə heç bir günahı yoxdur. Bu gün Rusiya Ukraynanın işğal etdiyi torpaqlarından, Krım qarışıq, geri çəkilsə, Ukrayna xalqına yaşatdığı acılara görə üzürxahliq etsə və təzminatını versə, dağıdılmış ərazilərin bərpasını öz üzərinə götürsə, onda görəcəyik ki, ABŞ da, Avropa da və digər Rusiyaya düşmən olan ölkələr belə ona qucaq açacaqlar. Amma bir tərəfdən təcavüzkarlıq edib, digər tərəfdən isə bayram tədbirində iştiraka qoyulan qadağaya görə umu-küsü etmək absurd yanaşmadır. Bu, sadəcə olaraq, həyasızlığin zirvəsidir".
Dəniz NƏSİRLİ