Bakıdan Avropaya ağır mesaj - maliyyə siyasətiniz yanlışdır...

Əli Əlirzayev: “Dünya hələ qazıntı yanacağından imtina etməyə hazır deyil”
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışı zamanı deyib ki, nəql infrastrukturuna və hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır:
“Biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayəsidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.
Sözügedən məsələyə münasibət bildirən iqtisadçı alim Əli Əlirzayev baki-xeber.com-a açıqlamasında bildirdi ki, beynəlxalq maliyyə qurumlarının faydalı qazıntılara vəsait ayırmağı dayandırması təhlükəlidir: “Beynəlxalq maliyyə qurumları bununla bağlı siyasətlərinə yenidən baxmasalar, bunun ciddi fəsadları olacaq. Son vaxtlar “yaşıl enerji” ilə bağlı yaranan trendlər sanki aşırı arxayınçılıq yaradıb. Halbuki, nə qədər bu sahəyə sərmayə qoyulsa da qazıntı yanacağından asılılıq kifayət qədər böyükdür. Yaxın illərdə bunu günəş və külək enerjisi ilə əvəz etmək mümkün deyil. Ona görə də hasilat sahəsinə davamlı sərmayə qoyuluşu təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, dünya hələ qazıntı yanacağından imtina etməyə hazır deyil. Ən azından mövcud real vəziyyət bunu göstərir. Ona görə də bu sahəyə kredit ayrılmasa, o zaman yaxın illərdə bir sıra məhsulların həcmində ciddi azalma ola bilər. Çünki hasilata davamlı sərmayə qoyulmadan istehsalın stabilliyini təmin etmək mümkün deyil. Məsələnin digər tərəfi də var. Problem ondadır ki, mədən sənayesində fəaliyyət göstərən xarici şirkətlər yalnız öz mənfəətini güdür. Qazıntı layihələrinin maliyyələşdirilməsi zamanı xarici şirkətlər tərəfindən müəyyən bonus verilməlidir. Təkcə hasilat üçün sərmayə qoyulması yetərli deyil. Görünən odur ki, xarici şirkətlər bonus verməkdə maraqlı deyillər. Onların marağı odur ki, sərvətləri daşıyıb talasınlar. Bütün hallarda Prezident Əliyevin Məşvərət Şurası iclasında qaldırdığı məsələlər doğrudur”.
Vidadi ORDAHALLI