Tramp əsas rəqibini həbsə basan Makronu vurdu - Marin Le Penə tam dəstək verdi...

Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Penlə bağlı məhkəmənin qərarını çox vacib məsələ adlandırıb. Bunun ardınca isə Donald Tramp daha konkret mövqe sərgiləyib.
O, Marin Le Penə verilən hökmü “əcinnə ovu” adlandırıb və onun azad edilməsinə çağırıb: “Marin Le Penə qarşı əcinnə ovu - Avropa solçularının ifadə azadlığını boğmaq və siyasi rəqibini senzuraya məruz qoymaq üçün qanundan silah kimi istifadə etməsinin daha bir nümunəsidir, bu dəfə iş rəqibi həbsə atmağa qədər gedib”.
Ağ Ev rəhbəri vurğulayıb ki, keçmişdə özü də oxşar siyasi təqiblərə məruz qalıb: “Mən Marin Le Peni tanımıram. Lakin onun uzun illər ərzində necə inadla çalışdığını qiymətləndirirəm. O, məğlubiyyətlərə uğrayıb, lakin irəliləməyə davam edib. Onlar onu ehtimal ki, heç bir şey bilmədiyi əhəmiyyətsiz bir ittihamla tuturlar - məncə, bu “mühasibatlıqda” bir səhvdir. Bütün bunlar Fransa və böyük fransız xalqı üçün, hansı tərəfdə olmasından asılı olmayaraq, çox pisdir. Marin Le Penə azadlıq". Qeyd edək ki, Paris məhkəməsi Le Peni parlament köməkçiləri ilə bağlı işdə dörd il azadlıq məhdudiyyətinə məhkum edib, bunun ikisində o, elektron bilərzik daşımalı olacaq, digər iki il şərti verilib. Paris məhkəməsinin hökmü onu 2027-ci ildə Fransa prezidenti seçkilərində namizədliyini irəli sürmək imkanından məhrum edib. Le Penin özü məhkəmənin qərarını siyasi adlandırıb. Trampın yanaşması isə birbaşa prezident Emmanuel makrona ünvanlanmış ittiham hesab olunur. ABŞ-ın vitse-prezidenti Cey Di Vens NBC telekanalına müsahibəsində eyni mövqeni sərgiləyib: “Avropanı Rusiya və ya Çin təhdid etmir, onun üçün əsas təhlükə həll edilməmiş daxili problemləridir”. O, daxili problemləri qitənin “mədəni təməlini sarsıdan” miqrasiya siyasəti, rəqabətsiz iqtisadiyyat və təhlükəsizlik məsələləri ilə əlaqələndirib: “Avropa liderləri bir tərəfdən müasir dünyada əsas təhlükənin Rusiya olduğunu bildirir, eyni zamanda, Moskvadan milyardlarla dollar qaz alırlar, ümumdaxili məhsullarının isə yalnız bir faizini müdafiəyə sərf edirlər. Halbuki biz müdafiə sektoruna ÜDM-in 3-4 faizini xərcləyirik”. ABŞ-ın vitse-prezidenti, həmçinin Avropada demokratiyanın pozulmasına Paris məhkəməsinin Marin Le Penə qarşı çıxardığı hökmü misal göstərib. Bu arada dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunduqdan sonra Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak etmək üçün bütün mümkün müraciət yollarından istifadə etmək niyyətində olduğunu bəyan edib. Le Pen mübarizəni davam etdirəcəyini və cavab hazırladığını bildirib. İslah məhkəməsinin qərarından sonra Paris Apellyasiya Məhkəməsi 2026-cı ilin yayında prosesə baxacağını elan edib. Bu tarix “Milli Birlik” partiyasının liderinə yenidən ümid verib. Ancaq o, bununla kifayətlənmir və 2027-ci il prezident seçkiləri üçün təşviqat aparmağa ümid edir: “Mən bütün mümkün müraciət yollarından istifadə edəcəyəm. Bunun qarşısının alınmasına icazə verməyəcəyəm”. “Milli Birlik” partiyası aprelin 6-na böyük nümayiş keçirəcəyini planlaşdırıb. Partiya tərəfdarları Marine Le Penin seçki dairəsi olan Henin-Beaumontda vərəqələr paylayırlar. Onların əksəriyyəti Parisə getməyə hazır olduqlarını deyiblər. “Milli Birlik” partiyasının sədri Jordan Bardella indiki vəziyyətdə böyük bir siyasi ulduza çevrilir. “Toluna Harris Interactive” araşdırma şirkətinin RTL telekanalı üçün keçirdiyi sorğuya əsasən, o, 2027-ci il prezidentlik yarışında favoritdir. Sorğunun nəticələrinə görə, Fransa xalqının 35-36%-i Marin Le Peni namizəd kimi əvəz edəcəyi halda prezident seçkilərinin birinci turunda Bardellaya səs verməyə hazırdır. İkinci yerdə seçicilərin 23-25%-nin dəstəklədiyi keçmiş baş nazir Eduard Filipdir. İlk üçlüyü 13% səslə ifrat solçu siyasətçi Jan-Lyuk Melenşon tamamlayır. Bardella və Filip arasındakı fərq, göründüyü kimi, sadəcə olaraq böyükdür. Skeptiklərə 2022-ci il prezident seçkilərinin nəticələrini xatırlatmaq lazımdır. Birinci turda Emmanuel Makron 27,85%, Marin Le Pen 23,15% səs toplayıb. Aralarındakı boşluq minimal idi. Jan-Lyuk Melenşon 21,95% səslə üçüncü olub. İkinci turda Makron qalib gəldi: 58,55%, Le Pen 41,45%. Nəzərə almaq lazımdır ki, 2022-ci il prezident seçkilərinin ikinci turunda Emmanuel Makronun qələbə qazanmasında Jan-Lük Melenşonun seçicilərinin əhəmiyyətli bir hissəsi həlledici rol oynayıb. Mélenşon birbaşa olaraq hazırkı prezident üçün səsverməyə çağırmasa da, o, açıq şəkildə ifadə etdi: "Le Pen üçün bir dənə də səs yoxdur" və bu, faktiki olaraq ifrat sağa dəstəyin rədd edilməsi idi. Nəticədə onun bir çox tərəfdarı ya Makrona səs verdi, ya da sadəcə olaraq seçkilərə gəlmədi. Bununla belə, Makronun son qələbəsini təmin etmək üçün ona kifayət qədər səs verildi. Bu fenomen - solçu seçicilərin Makronla ciddi fikir ayrılıqlarına baxmayaraq, ifrat sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hələ də ona səs vermələri - son illərdə Fransa siyasi həyatının əsas elementinə çevrilib. 2027-ci ildə də eyni ssenari baş verəcəkmi? Hər hansı bir dəqiq nəticə çıxarmaq hələ tezdir. Amma bir şey aydındır: Marin Le Penin prezident postuna əsas namizədlərdən biri kimi sıradan çıxarılması ciddi siqnaldır. Biz isə burada heç bir mübaliğəsiz siyasi repressiyadan danışırıq. Bəli, məhz belədir. Elə Tramp da bunu deyir.
Samirə SƏFƏROVA