ABŞ-ın zərbələri İranı parçalayacaq, yeni dövlətlər yaranacaq...

Məlum olduğu kimi, Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir. Bu günlərdə ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə proqramı ilə bağlı razılığa gəlməsə, Vaşinqton bombardmanlara və ikinci dərəcəli sanksiyalara əl ata bilər. Təhdidlər İranın ABŞ-la birbaşa danışıqlardan rəsmən imtina etməsindən sonra baş verib.
Məsələ ilə bağlı yenidən açılama verən Tramp vurğulayır ki, İran rəhbərliyi Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa danışıqlarla aparmaq istəyir: “Düşünürəm ki, birbaşa danışıqlarımız olsa, daha yaxşı olar. Məncə, bu daha sürətli olacaq və siz qarşı tərəfi vasitəçilər vasitəsilə hərəkət etməkdən daha yaxşı anlayacaqsınız. Onlar vasitəçilərdən istifadə etmək istəyirdilər. İndi bunun mütləq belə olduğunu düşünmürəm. Fikrimcə, onlar narahatdırlar. Düşünürəm ki, onlar özlərini zəif hiss edirlər, mən isə onların özlərini belə hiss etmələrini istəmirəm. Güman edirəm ki, onlar görüşmək istəyirlər”. Belə bir vaxtda “The Telegraph” nəşri məlumat yayıb ki, ABŞ üsyançı qrupa qarşı hava hücumlarını gücləndirdiyi üçün İran qoşunlarına husi müttəfiqlərini tərk edərək Yəməndən çıxmağı əmr edib. Yüksək rütbəli İran rəsmisi nəşrə bildirib ki, bu addım iranlı hərbçilərin öldürüləcəyi təqdirdə ABŞ-la birbaşa qarşıdurmadan qaçmaq məqsədi daşıyır. Rəsmi qeyd edib ki, İran həmçinin ABŞ-dan gələn birbaşa təhdidlərə diqqəti yönəltmək üçün regional proksilər şəbəkəsini dəstəkləmək strategiyasını azaldır. Mənbənin sözlərinə görə, Tehranın əsas narahatçılığı Tramp və onunla necə davranmaqdır: "Hər görüşdə onun haqqında müzakirələr üstünlük təşkil edir və əvvəllər dəstəklədiyimiz regional qrupların heç biri müzakirə olunmur”. ABŞ-ın husilərə hücumları demək olar ki, hər gün baş verir. Donald Trampın inanılmaz dərəcədə uğurlu adlandırdığı zərbələr mühüm hərbi obyektləri dağıdıb və komandirləri öldürüb. Öz növbəsində husi üsyançıları Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə, o cümlədən qrupa zərbə endirmək səylərinə rəhbərlik edən “USS Harry Truman” təyyarədaşıyıcısına hücum etdiklərini bildiriblər. İndiyədək heç bir gəmiyə ziyan dəyməyib. Nəşrin İrandakı mənbəsi deyib: "Burada belə bir fikir var ki, husilər sağ qala bilməyəcəklər və son aylarını, hətta günlərini yaşayırlar, ona görə də onları siyahımızda qoymağın mənası yoxdur. Onlar “Hizbullah”ın keçmiş lideri Nəsrullaha və Bəşər Əsədə arxalanan zəncirin bir hissəsi idilər və bu zəncirin yalnız bir hissəsinin gələcəyini qorumaq mənasızdır". Təhlilçilər həmçinin hesab edirlər ki, İranın ötən il İsrailə uğursuz raket zərbələrindən sonra aldığı cavab Tehranın kənar hücumlara qarşı etibarlı maneə qurmaq qabiliyyətini də sıradan çıxarıb. Bu şəraitdə ABŞ-ın İranı vurması daha da sanlaşıb. Mələni şərh edən rusiyalı politoloq Sergey Markov qeyd edir ki, İran və ABŞ-İsrail arasında müharibə ehtimalı hazırda çox yüksəkdir. Bu müharibənin Azərbaycan üçün çox ciddi təsirləri ola bilər. Onun sözlərinə görə, birinci ən böyük çətinlik qaçqınlarla bağlıdır: “Azərbaycan kütləvi qaçqın axınına hazırlaşmalıdır. Bu cür tədbirlər sərt variant - sərhədlərin möhkəm bağlanması və heç kimin buraxılmaması, ya da yumşaq variant - uşaqlarla qadınların və ya bütün qaçqınların buraxılması ola bilər. Aydındır ki, humanitar səbəblərə görə hər hansı bir qaçqından imtina etmək çətindir, lakin digər tərəfdən, bu qaçqınların yerləşdirilməsi, qidalanması və sair çətinliklər var”.
Politoloqun fikrincə, dost MDB ölkələrindən bir neçəsi bu məsələdə Azərbaycana yardım edə bilər: “Hesab edirəm ki, Azərbaycanın Rusiya, Qazaxıstan, Belarus, Özbəkistan kimi dostları İrandan qaçqın axını zamanı Azərbaycana kömək edə bilər. Və indi bu ölkələrlə qaçqın axını halında mümkün sürətli yardım üçün danışıqlar aparmaq daha məqsədəuyğundur. Bəlkə də indi qaçqın düşərgələri üçün qida ehtiyatları, çadırlar hazırlamaq, qaçqınların yerləşdirildiyi yerlərdə təhlükəsizliyi təmin edə biləcək xüsusi polis qrupları hazırlamaq daha yaxşı olardı”. Markov qeyd edib ki, Azərbaycan üçün ikinci çətinlik İranın müharibədən sonrakı problemlərinin həlli məsələsidir: “Azərbaycanın İran dağılacağı təqdirdə qarşılaşacağı digər problem də var. Bu ehtimal sıfır deyil. ABŞ və İsrail İranı payıza qədər bölmək istəklərini qətiyyən gizlətmirlər. İran etnik qruplara - farslar, ərəblər, kürdlər və azərbaycanlılara bölünə bilər. Azərbaycan İran dağıldığı və Cənubi Azərbaycan formalaşdığı təqdirdə nə edəcəyini müəyyənləşdirməlidir. Azərbaycanla birləşmə nəzəri cəhətdən mümkündür, lakin praktikada bu, son dərəcə islamlaşmış əhalinin hazırkı dünyəvi, tərəqqiyə doğru gedən Azərbaycanı udacağı deməkdir və ciddi təhlükədir. Cənubi Azərbaycanın, onun dövlət institutlarının formalaşmasına kömək etmək daha məqsədəuyğun olardı. Buna ciddi ehtiyac yaranacaq. Və Cənubi Azərbaycanın dövlətçiliyi Azərbaycan və Azərbaycanın Rusiya, Qazaxıstan və Belarus kimi dostlarının iştirakı ilə qurulsa, daha doğru olardı.Elə bir vəziyyət yarana bilər ki, Güney Azərbaycanın dövlətçiliyi Azərbaycana mənfi münasibət bəsləyən bəzi şəxslər tərəfindən qurulsun. Bunun qarşısı alınmalıdır. Bu, çətin problemdir. Və ümumiyyətlə, indi bu barədə düşünmək lazımdır. Hesab edirəm ki, bu vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı indidən bəzi məsləhətləşmələr aparılmalıdır. Amma bu, tamamilə qapalı formatda müzakirə edilməlidir, çünki İranın məğlubiyyəti və süqutu halında nələrin edilməsi lazım olduğunu açıq şəkildə müzakirə etməyi İran anlayışla qəbul etməz”.
Tahir TAĞIYEV