Zəngəzur dəhlizi barədə Çinin adından 2 kəskin ziddiyyətli fikir yayıldı...

Qulamhüseyn Əlibəyli: “Diplomatik mövqedən çıxış etdikləri üçün ehtiyatlı mövqe tuturlar və...”
Zəngəzur dəhlizinin işə salınması böyük strateji əhəmiyyətə malikdir. Bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao Bakıda keçirilən “Azərbaycan - Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda bildirib.
“Azərbaycan bizim “Bir kəmər, bir yol” təşəbbüsümüzü ilk dəstəkləyən və onun həyata keçirilməsində fəal iştirak edən tərəfdir. Zəngəzur dəhlizinin tikintisinə gəlincə, bu, xüsusilə hazırkı beynəlxalq və regional geosiyasi vəziyyətdə Avropa ilə Asiya arasında əlaqələri daha da gücləndirəcək mühüm layihədir. Azərbaycan bu dəhlizin yaradılması təşəbbüsü ilə çıxış edib və onun həyata keçirilməsi böyük strateji əhəmiyyətə malikdir”, - deyə Lyu Tszyançao bildirib.
Lyu Tszyançao həmçinin qeyd edib ki, Çin şirkətləri layihədə iştirak edəcək, lakin daha çox tərəfdaş cəlb etmək üçün Çin biznes nümayəndələri arasında bu dəhlizin təmin etdiyi imkanlar barədə məlumatlılığın artırılması lazımdır.
Ancaq qəribədir ki, Çinin Ermənistandakı müvəqqəti işlər vəkili Çen Minq erməni mediasına açıqlamasında Lyu Tszyançaonun Bakıda Zəngəzur dəhlizi ifadəsini işlətməsini təkzib edib. Səfir əmin edib ki, konfrans zamanı Çin tərəfi bu mövzuya ümumiyyətlə toxunmayıb və mediada Çin tərəfinə aid edilən oxşar bəyanatlar varsa, onlar yalan və yanlış ola bilər. Səfir aydınlaşdırıb ki, Çin nümayəndə heyəti bu yaxınlarda Bakıda olub və “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş konfransda iştirak edib. Çin nümayəndə heyəti “Bir kəmər, bir yol” təşəbbüsünün Cənubi Qafqazda yayılmasına necə töhfə verə biləcəklərini müzakirə edib.
Maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı Çinin fərqli və ziddiyyətli mövqeyi nə deməkdir? Nədir bu məsələ?
“Bu, konkret halda Çinin bütövlükdə bir dövlət kimi Zəngəzur dəhlizinə münasibətinin tam formalaşmaması deməkdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, bir dövləti təmsil edən müxtəlif rəsmilərin müxtəlif bəyanatlarla çıxış etməsi diplomatiyada az-çox istifadə edilən üsullardan biridir: “Bunun müxtəlif səbəbləri ola bilər. Hesab edirəm ki, bu, konkret halda Çinin bütövlükdə bir dövlət kimi Zəngəzur dəhlizinə münasibətinin tam formalaşmaması deməkdir. Bakıdakı bəyanatda da nümayəndə heyətinin rəhbəri Zəngəzur dəhlizinin Çin tərəfindən müdafiə olunduğunu prinsipcə deyib. O cümlədən, bununla bağlı bir sıra ümumi fikirlər səsləndirib. Bu isə o deməkdir ki, Çin birmənalı mövqe ortaya qoymağa tələsmir. Yəni istəmirlər ki, Ermənistanı incik salsınlar. Ancaq reallıqda Pekin dəhlizin tərəfdarıdır. Ona görə ki, Zəngəzur dəhlizi daşımalar zamanı məsafəni qısaldacaq. Ermənistandakı səfirin bu fikirləri tamamilə inkar etməsi sırf Ermənistanın mövqelərinə uyğun mövqedən çıxış etməsi deməkdir. Diplomatlar bəzən belə bir üsuldan istifadə etmiş olurlar. Ancaq burada gizlətməli, inkar eləməli heç bir məsələ yoxdur. Zəngəzur dəhlizi ideyasını Azərbaycan irəli sürüb. Zəngəzur dəhlizi təkcə Türk dünyasını deyil, bütövlükdə Mərkəzi Asiya ölkələrini Avropa ilə əlaqələndirəcək. O cümlədən, Cənub-Şərqi Asiyanı Avropa ilə birləşdirən nəhəng bir layihə olmalıdır. İndi Ermənistan faktiki olaraq bu layihəyə qarşı çıxış edir. Düzdür, layihənin əvəzinə müxtəlif alternativlər irəli sürür, amma konkret olaraq dəhlizə razılıq vermir. Ona görə də Ermənistandakı Çin səfirinin belə bir mövqedən çıxış etməsi bir qədər təəccüblü görünsə də, hesab edirəm ki, diplomatiya mövqeyinə uyğun şəkildə çıxış edir. İndi Azərbaycan çalışır ki, öz layihələrini həyata keçirsin. O cümlədən, “Bir kəmər, bir yol” layihəsindən də istifadə etsin. Əslində Çin də mahiyyət etibarı ilə Avropaya ən qısa variantlardan biri kimi Zəngəzur dəhlizini açıq dəstəkləməyə borcludur. Sadəcə, diplomatik mövqedən çıxış etdikləri üçün ehtiyatlı mövqe tuturlar və bu səbəbdən müxtəlif fikirlər meydana gəlir”.
Vidadi ORDAHALLI