“3+3” formatında Bakı-İrəvan sazişi - İran hansı məqsədi güdür...

“Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün "3+3" regional formatından istifadə edilə bilər”. NEWS.am-ın yaydığı məlumata görə, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan Dövlət Universitetində "Şanxay ruhunu təşviq etmək: ŞƏT fəaliyyətdə" mövzusunda keçirilən seminarda bildirib.
“İran həm Ermənistan, həm də Azərbaycanla təmasdadır və sərhəddə sabitlik və sülhün tərəfdarıdır. Bu müzakirələr zamanı tərəfləri sülh sazişinin imzalanması istiqamətində hərəkət etməyə çağırırıq. İran hesab edir ki, gərginliyə səbəb olacaq istənilən addımdan çəkinmək lazımdır", - o qeyd edib.
Səfirin sözlərinə görə, İran hakimiyyəti sülhə nail olmaq üçün tərəflərin təklif etdiyi istənilən formatı dəstəkləməyə hazırdır. "Düşünürəm ki, bu baxımdan "3+3" yaxşı regional formatdır və ondan istifadə edərək sülh sazişinə doğru irəliləmək olar", - M.Sobhani bildirib.
İran 3+3 formatında Azərbaycan-Ermənistan sazişinin imzalanmasına niyə belə maraq göstərir? Azərbaycan və Ermənistanın özünün ikitərəfli şəkildə imzalamasına ən ideal variant kimi baxıldığı halda İranın 3+3 formatı çərçivəsində saziş imzalanmasını gündəmə gətirməsinin nə önəmi var?
Sahil Kərimli: “İran çalışır ki, özünü bu prosesə daxil etsin”
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İranın bu formatdan danışması təsadüfi deyil və bunun altında başqa məqsədlər dayanır.
S.Kərimli qeyd etdi ki, əslində 3+3 formatının müəllifi Azərbaycan və Türkiyə olub və bu, bölgədə yerləşən məlum ölkələrin bir-biri ilə sıx əməkdaşlığını daha da gücləndirmək, proseslərə nəzarəti, yaxud kənar müdaxiləni neytrallaşdırmaq məqsədi daşıyırdı. S.Kərimlinin sözlərinə görə, ilk dövrlərdə İran da, Gürcüstan da bu formata soyuq yanaşırdılar, amma son vaxtlar bölgəmizdə baş verən yeni geosiyasi proseslər bu formatın yenidən gündəmə gəlməsinə səbəb olub.
S.Kərimli bildirdi ki, İranın 3+3 formatı çərçivəsində saziş imzalanmasını gündəmə gətirməsi fikri əhəmiyyətsizdir.
Azərbaycan və Ermənistanın ikitərəfli şəkildə sülh müqaviləsi imzalamasının ən ideal variant olduğunu və bunun daha çox əhəmiyyət daşıdığını deyən S.Kərimlinin sözlərinə görə, İran 3+3 formatından istifadə edərək vasitəçi kimi özünü göstərmək niyyəti güdür. “İran çalışır ki, burda fikir ayrıqları yaransın. 3+3 formatı ilə digər ölkələri də bu prosesə cəlb etsin, bununla da nəyəsə nail olsun. Yəni məsələ bir az da qəlizləşsin. 3+3 formatında burda təmsil olunan ölkələrin hamısının maraqları nəzərə alınmalıdır. İran çalışır ki, özünü bu prosesə daxil etsin. Yəni İran da bu prosesə cəlb olunsun və öz maraqlarını təmin etsin. Bu, real olan bir məsələ deyil. Baxmayaraq ki, 3+3 formatının müəllifi Azərbaycan və Türkiyədir və bu, regional əməkdaşlığın gücləndirilməsi marağı ilə yaradılan bir formatdır. Amma Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsində heç bir format Azərbaycan tərəfindən qəbul edilmir, Azərbaycan bu prosesin təkbətək, heç bir vasitəçilik missiyası olmadan həyata keçirilməsinə nail olmaq istəyir. Əgər vasitəçilərin iştirakı ilə, yaxud hansısa bir format çərçivəsində olacaqsa burda hər kəs öz marağını güdməyə çalışacaq və prosesdə yenə də müsbət, real nəticə əldə olunmayacaq. Burda əsas məsələ budur”-deyə S.Kərimli qeyd etdi.
Mehman İsmayılov: “Bu gün İran Azərbaycanla Ermənistanın vasitəçisiz birbaşa dialoquna mane olmaq istəyir”
Politoloq Mehman İsmayılov da “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burda İranın təxribatçı niyyətlərindən söhbət gedir. Azərbaycan və Ermənistanın özünün ikitərəfli şəkildə sülh müqaviləsi imzalamasının ən ideal variant olduğunu, bunun daha çox əhəmiyyətli olduğunu deyən M.İsmayılovun sözlərinə görə, İran 3+3 formatından istifadə edərək özünü vasitəçi kimi görmək istəyir, bu isə qətiyyən uyğun deyil. “İranın marağı odur ki, bu prosesdə vasitəçilik etsin və dialoqa, sülhə mane olsun. Məqsəd odur ki, Ermənistan Azərbaycanın şərtlərinə razı olmasın, konstitusiyada dəyişiklik etməsin və Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü 3+3 platformasından öz məqsədləri üçün istifadə etsin. İran öz maraqlarını güdür”-deyə ekspert bildirdi.
M.İsmayılovun fikrincə, İranın 3+3 formatından danışması birbaşa sülhə mane olmaq, sülh müqaviləsinin imzalanmasını uzatmaq məqsədi daşıyır. İranın vasitəçiliyik niyyətlərinin sülhün əldə olunması üçün ziyanlı olduğunu deyən M.İsmayılov qeyd etdi ki, İranın vasitəçiliyi prosesə ciddi zərbə vura bilər. “İran iki dəfə vasitəçilik edib, bir vasitəçiliyində ermənilər Xocalı soyqırımını törədib, ikinci vasitəçiliyində Şuşa və Laçın işğal olunub. İranın vasitəçiliyi bizə lazım deyil. Birincisi, bu gün İran Azərbaycanla Ermənistanın vasitəçisiz birbaşa dialoquna mane olmaq istəyir. İkincisi, İran əmindir ki, heç zaman Azərbaycan öz ərazisindən, hava məkanından İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Bunu əzbər bilirlər. Sadəcə, bizə qarşı qarayaxma, şər kampaniyası aparırlar ki, Azərbaycanı daima gərginlikdə saxlasınlar. Azərbaycanı sərbəst siyasətdən yayındırmaq, gərginlikdə saxlamaq, türk faktorunun güclənməsinə imkan verməmək niyyəti güdürlər. Məqsədləri odur ki, Azərbaycanla Ermənistan arasında yeni bir “Minsk qrupu” yaratsınlar. Rusiya, Ermənistan, İran yenə də regionda 3 olsunlar, Türkiyə ilə biz isə 2 olaq, Gürcüstan da neytraldır. Yəni səfirin açıqlamasının mahiyyətində belə çirkin niyyətlər dayanır”-deyə M.İsmayılov bildirdi.
İradə SARIYEVA