Min illik İran-Ermənistan qonşuluğu hardan çıxdı, Zəngəzurun İran şahına nə bağlılığı?..

İrəvanda keçirilən “Ermənistan-İran - min illik qonşuluq” adlı beynəlxalq konfransda İranın Ermənistandakı səfiri Mehdi Sobhani çıxışı zamanı gerçəklikdən uzaq, reallığı əks etdirməyən fikirlər işlədib. Səfir iddia edib ki, Ermənistanın cənubunda - “Sünik” (əslində Qərbi Zəngəzur) bölgəsində baş verən hadisələr guya birbaşa “İran şahı” ilə bağlıdır.
Tarixi faktları bilərəkdən təhrif edən səfir ciddi yanlışlığa yol verib. Əsrlər boyu bu bölgədə türk sülalələrinin hökmranlıq etdiyi, bu coğrafiyada İran və Ermənistan adlı dövlətlərin olmadığı təkzibolunmaz faktdır. 1925-ci ilə, yəni Qacarlar dövləti xaincəsinə süquta uğradılana qədər farslar hakimiyyətdə deyildi və 1936-cı ildə İran adlı dövlət ortaya çıxdı. Yəni 1936-cı ilə qədər İran adlı dövlət olmayıb, Ermənistan adlı dövlətin də nə zaman, hansı xalqın tarixi ərazisində yaradıldığı məlumdur. Bu halda səfirin minillik Ermənistan-İran sərhədindən danışması, Qərbi Zəngəzurun hansısa “İran şahı” ilə bağlı olmasını iddia etməsi absurddur və tarixi gerçəklikləri təhrif etməkdir.
Aydın Quliyev: “Min il əvvəl, yəni 1400-1500 il əvvəllər buralarda Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar dövlətləri, bunlardan isə 80-90 il əvvəl Teymur dövləti olub”
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev rəsmi fesybuk hesabında yazdığı “Deputatlarımız da danışsınlar ki, Mehdi Sobhaninin və ermənilərin "qulaqlarında sırğa qalsın" başlıqlı statusunda bildirir: “İranın Ermənistandakı səfiri Mehdi Sobhanı İrəvanda "Min illik İran - Ermənistan qonşuluğu" mövzusunda konfransda geniş nitq söyləyib. Min il əvvəl bu regionda İran və Ermənistan adlı dövlət, ya siyasi coğrafiya var idi? Min il əvvəl, yəni 1400- 1500 il əvvəllər buralarda Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar dövlətləri, bunlardan isə 80 - 90 il əvvəl Teymur dövləti olub Bunların heç birinin nə İran, nə də Ermənistan dövlətinə bağlılığı olmayıb. O zaman bu bölgədə heç erməni etnosu adlı bir varlıq belə yox idi...
Mən sözümü dedim.
Milli Məclisimizdə, Akademiyamızda tanıdığım bir neçə sanballı tarixçi alimlərimiz var. Onlar da reaksiya versinlər ki, Sobhanı və ermənilər danışdıqları yalanın məsuliyyətini "qulaqlarında sırğa eləsinlər"...
Faiq Ələkbərli: “Bu ərazilərdə azı min ildən çox türk dövlətləri, türk sülalələri hökmranlıq edib, nə İran, nə də Ermənistan adlı dövlət olmayıb”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan və İran adlanan ölkələrin özlərini bir-birinə daha yaxın göstərməsi və bu əlaqələri “qədimləşdirməkləri” təsadüfi deyil. “İndi Ermənistan və indi İran adlanan ölkə də vaxtilə türk dövlətlərinin bir hissəsi olub. Ən azı min illik tarixi dövrdə türk dövlətlərinin himayəsində olublar. Bu baxımdan, İrəvanda keçirilən “Ermənistan-İran - min illik qonşuluq” konfransının adı da, mahiyyəti də saxtadır. Min ildən çox bir müddətdə bu ərazilərdə türk dövlətləri mövcud olub. İndi İran adlanan dövlətdən danışırıqsa Xorasan, Türkmənsəhra, Qaşqay eli və Azərbaycan (Azərbaycanın güneyi) daxil olmaqla bura ancaq türk dövlətlərinin ərazisi olub. Min il bundan əvvəl Səlcuqlar, Qəznəvilər hökm sürürdülər. Ondan bir az əvvələ getsək Sacilər, Şirvanşahlar kimi yenə də Azərbaycan-türk dövlətləri mövcud olub. Əgər söhbət min ildən o tərəfə gedirsə, müəyyən dövrdə burda Ərəb Xilafətinin hakimiyyəti ola bilər. Min ildən çox bir dövrdə bu coğrafiyada İran şahı da, İran adlı dövlət də yox idi. Mehdi Sobhaninin İran-Ermənistan adrasında guya minillik qonşuluğun olmasından bəhs etməsi həm tarixi baxımdan saxtakarlıqdır, həm də hüquqi baxımdan əsassızdır. Bu ərazilərdə azı min ildən çox türk dövlətləri, türk sülalələri hökmranlıq edib, nə İran, nə də Ermənistan adlı dövlət olmayıb. Bu halda Sobhani hansı minillik qonşuluqdan danışır? Onların idarəçiləri Azərbaycan türkləri idi. Bu bir gerçəklikdir”.
F.Ələkbərli hesab edir ki, İran səfirinin söylədiyi fikirlərin heç bir əsası yoxdur və sadəcə qıcıq yaratmaqdan başqa bir şeyə xidmət etmir. Qacarları devirib yerinə keçən Pəhləvilərin hakimiyyətinin indi “İran” kimi qələmə verildiyini deyən F.Ələkbərli bildirdi ki, bu da cəmi yüz ili əhatə edir, bu dövrdə də Pəhləvilərin Zəngəzurla heç bir ələqəsi olmayıb. F.Ələkbərli qeyd etdi ki, 1918-ci ildə tarixi türk torpaqlarında kiçik bir hay dövləti quruldu. “Tarixi faktlar ortadadır və bütün bu gerçəkliklərə göz yumub İran və Ermənistan arasında guya minillik qonşuluq olduğunu iddia etmək çox yanlışdır. İran səfirinin belə cəfəng iddianı səsləndirməsi təsadüfi deyil, çünki Azərbaycanın Zəngəzuru nəzarətə götürməsindən çox narahatdırlar. Halbuki, Zəngəzurun Şərqi də, Qərbi də 1000, 2000, 3000 il əvvəl də məhz Azərbaycan türklərinə məxsus olub”.
Ermənistanın indiki sərhədlərini az qala İran sərhədi hesab edən, Ermənistanın gələcəyini düşünən İran səfirinin bütövlükdə öz dini kimliyinə arxa çevirdiyini, müsəlman qardaşlığından, şiə məzhəbindən tamamilə uzaq panfarsist mövqedən çıxış etdiyini deyən F.Ələkbərli hesab edir ki, o bu məsələyə fars təfəkkürü ilə yanaşır. “Bəli, erməni fars qardaşlığından hardasa danışa bilərlər, danışsınlar. Amma Zəngəzuru “İran şahına” bağlamaq, minillik sərhəddən danışmaq tamamilə əsassızdır. Zəngəzurun, bütövlükdə bu bölgənin tarixən nə hansısa İran şahı ilə, nə də ermənilərlə bağlılığı olub. Səfirin dedikləri tamamilə yalandır, saxtakarlıqdır”-deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA