İsrail Suriyanı vurur, Türkiyə hələ sözdən o tərəfə getmir - niyə?..

Abutalıb Səmədov: "Turkiyə yaxşı başa düşür ki, bu zərbələrin arxasında yalnız İsrail dövləti dayanmır"
İsrail aprelin 3-ü gecəsi Həma və Dəməşqdəki hava bazalarına və digər hərbi hədəflərə bir sıra hava zərbələri endirib. İsrail əsgərləri həm də ölkənin cənubunda quru əməliyyatı həyata keçirib. Suriyanın yeni hakimiyyət orqanları İsrailin basqınını kəskin şəkildə pisləyib və bunu “əsassız eskalasiya” adlandırıb. Lakin İsrail milli təhlükəsizlik maraqlarından çıxış etdiyini deyir və zərbələri “gələcək üçün xəbərdarlıq” adlandırır.
İsrailin baş naziri Benyamin Netanyahu isə hələ fevral ayında Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edib. Netanyahu yeni hökumətə bağlı qüvvələrin İsrail ərazisinə yaxın yerlərdə olmasını qəbul etməyəcəklərini bəyan edib. İsrail hücumu zamanı, Dəməşq bölgəsi də daxil olmaqla, Suriyanın demək olar ki, bütün ərazisindəki hədəfləri vurub.
Suriya Xarici İşlər Nazirliyi hücumların Həma əyalətindəki hərbi hava limanının "demək olar ki, tamamilə dağıdılması" ilə nəticələndiyini, onlarla mülki vətəndaş və hərbçinin yaralandığını açıqlayıb.
İsrailin müdafiə naziri İsrael Katz Suriya prezidentinin əvvəllər istifadə etdiyi ləqəblə çağırış edərək deyib: "Suriya lideri Colaniyə xəbərdarlıq edirəm. Əgər düşmən qüvvələrinin Suriyaya girməsinə icazə versəniz və İsrailin təhlükəsizlik maraqlarını təhdid etsəniz, bunun əvəzini ağır ödəyəcəksiniz. O əlavə edib ki, İsrail silahların "cihadçılar" kimi təsvir edilən yeni məmurların əlinə keçməsinin qarşısını almaq istəyir.
İsrailin Suriyaya zərbə endirməsi ilə eyni vaxtda Türkiyənin Suriya hava bazalarına döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri yerləşdirməyi planlaşdırdığı barədə xəbərlər yayılıb. Buna görə də ekspertlər İsrailin keçirdiyi əməliyyatın Türkiyənin regionda artan roluna cavab ola biləcəyini ehtimal edirlər.
İsrail rəsmiləri Türkiyənin Suriya, Livan və Yaxın Şərqin digər bölgələrində oynadığı “mənfi roldan” narahat olduqlarını bildiriblər. İsrailin xarici işlər naziri Gideon Saar Parisə səfəri zamanı deyib: "Aydındır ki, onların niyyəti Suriyanı Türkiyənin protektoratına çevirməkdir".
Lakin bütün bunlara rəğmən, Türkiyə bəyanat şəklində belə bu ittihamlara cavab vermir. Suriyada Türkiyənın öz mövqeləri var, ölkənin idarə edilməsində Ankara böyük rola malikdir. Türkiyə Suriyanın təhlükəsizliyinə dair üzərinə öhdəliklər göturməyə hazır olduğunu bəyan edib. Belə bir şəraitdə İsrailin Suriyadakı hücum əməliyyatlarına Türkiyənin adekvat reakisiyası müşahidə edilmir. Türkiyə nəyə görə gözləmə mövqeyi tutur?
Baki-xeber.com-un sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki, Suriyada baş veran hadisələr - Bəşər Əsədin hakimiyyəti yeni qüvələrə təhvil verib Moskvaya qaçması bütün dünyanı ciddi şəkildə narahat edir: "Bu narahatlığın kökundə duran məsələ ilk növbədə Türkiyənin Suriyada möhkəmlənməsi ilə bağlıdır. Təsadüfi deyil ki, aprelin 3-də endirilən aviazərbələr ərəfəsində İsrailin xarici işlər naziri "Suriya Türkiyənin proteraktoratına çevrilib" fikrini Fransaya səfəri zamanı Parisdə səsləndirib. Türkiyənin Suriyada nüfuzunun artmasından yalnız İsrail narahat deyil, bölgədə marağı olan digər dövlətlər də bu reallığı qəbul etmək istəmirlər. Ancaq bu istiqamətdə aktiv şəkildə addımlar atan İsrail dövlətidir.
O da təsadüfi deyil ki, Bəşər Əsəd devrildikdən dərhal sonra İsrail Suriya ilə arasında olan və 1974-cü ildən BMT-nin nəzarətinə verilən 400 kv/km-lik bufer zonanı da nəzarətə götürüb. Türkiyənin Suriyada maraqları hamıya bəllidir. Belə iddialar var ki, hazırda Suriyada 10 min türk əsgəri var. Eyni zamanda Türkiyə "Suriya xalq ordusu" adlanan 100 minə yaxın hərbi kontinigenti özündə birləşdirən orduya da yardım göstərir və bu silahlı dəstənin rəsmi Suriya ordusunun tərkibinə keçməsini istəyir. Türkiyənin məqsədi aydındır. Qərb və ABŞ Suriyada kürd dövləti yaratmaq istəyirdilər. Kürd dövlətinin yaranması və onun fonunda kürd seperatçılarının güclənməsi Türkiyə üçün çox böyük təhlükə yaradardı. Çünki artq uzun müddətdir ki, İraqda da kürd muxtar idarəetməsi mövcuddur. Bu muxtariyyət, demək olar ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Suriyada da belə bir qurumun yaranması və bu ərazilərin Türkiyədəki kürd əhalisinin yerləsdiyi ərazilərə yaxın olması Türkiyə üçün çox böyük təhlükədir. Bu təhlükə hələ də qalmaqdadır. Ona görə də Türkiyə Suriyadakı kürd separatizminin kökünü kəsmək istəyir. Yeni Suriya hakimiyyəti də Türkiyə ilə eyni fikirdədir.
Eyni zamanda, Türkiyənin Suriyada hərbi baza yaratmaq - Palmira əyalətində qırıcılar və hava hücumundan müdafiə sistemləri yerləşdirmək planlarının olduğu barədə də informasiyalar yayılmaqdadır. Bunu da İsrail qəbul etmək istəmir. Endirilən aviazəribələrin həmin əraziləri hədəfə alması də bununla bağlıdır. Turkiyə yaxşı başa düşür ki, bu zərbələrin arxasında yalnız İsrail dövləti dayanmır. Onun müttəfiqləri var - ilk növbədə ABŞ Türkiyənin bölgədə güclənməsindən ciddi narahatlıq keçirir. Eyni fikri Rusiya haqqında da söyləmək olar. Rusiya da bir zamanlar - Bəşər Əsəd dönəmində Suriyada əsas söz sahibi idi. Suriya ərazilərinin böyük əksəriyyəti Rusiyanın nəzarətində idi. Ona görə Rusiya da bugünkü reallıqlarla barışmaq istəmir.
Türkiyənin kifayət qədər səbrli davranışının kökündə duran məsələ məhz budur. Yəni İsrailin aviazəribələrin arxasında dünyanın böyük dövlətlərinin maraqları var. Bu səbəbdən burada ehtiyatlı davranmaq gərəkir, ciddi hazırlıqlar olmadan müəyyən addımlar atmaq Türkiyə üçun ciddi problemlər yarada bilər.
Hadisələr göstərir ki, İsrailin Suriyaya qarşı aviazərbələr endirməsi və yerüstü əməliyyatlar keçirməsi bundan sonra da davam edəcək. Bu addımların qarşısını almaq, ona qarşı adekvat hərəkətlər etmək Türkiyənin qarşısında duran əsas məsələlərdir. Təbiidir ki, burada Türkiyə Suriyanın yeni hakimiyyəti ilə əlaqəli şəkildə bu addımları atmalıdır və yəqin ki, atacaq. Lakin bu işdə tələsmək, vaxtından əvvəl hərəkətlər etmək çox təhlükəlidir. Türkiyə ona qarşı hansı qüvvələrin dayandığını yaxşı başa düşdüyündən bu məsələdə tələsmək istəmir. Hesab edirik ki, bu kifayət qədər düşünülmüş, ölçülüb-biçilmiş bir siyasətdir".
Akif NƏSİRLİ