Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

Hər bir dövrdə insanlar dini inanclarına və milli kimliklərinə görə təbəqələrə bölünüblər. Cəmiyyətləri bir-birindən ayıran dinlər və ayrı-ayrı inanclar insanları fərqləndirir. Dini dözümlülük mənasını verən tolerantlıq insan hüquqları anlayışı və vicdanla bağlıdır.
Bu dəyərlər insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Dini və milli tolerantlıq anlayışı insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır. Tolerantlıq sadəcə dözümlülük deyil, eyni zamanda başqalarının inanclarına, adət-ənənələrinə və milli kimliklərinə hörmətlə yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin formalaşmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə zəmin yaradır.
Azərbaycanda yaşayan hər bir xalq öz dini inancını qoruyub saxlayır
Tarix boyu dini və milli münaqişələrin yaratdığı fəsadlar bəşəriyyətə ağır ziyanlar vurub, cəmiyyətlər arasında parçalanmaya səbəb olub. Eyni zamanda, tolerantlığın və dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz və firavan olub. Tarixi nümunələr göstərir ki, multikultural mühitin mövcud olduğu ölkələrdə elmi, mədəni və iqtisadi inkişaf daha sürətli gedib, fərqli din və etnik mənsubiyyətə malik insanlar birgə fəaliyyət göstərərək ümumi rifaha töhfə verib. Deməli, millətlərarası münasibətlərin inkişaf etdirilməsində, xüsusilə tolerantlığa həssaslıqla yanaşılamalıdır. Azərbaycanda yaşayan hər bir xalq öz milli dəyərlərini, adət ənənlərini, dini inanclarını qoruyub saxlayır və dövlət də məsələyə xüsusi diqqətlə yanaşır. Sivilizasiyaların kəsişdiyi Azərbaycanda multikultural dəyərlərin qorunub saxlanılması minillik tarixə söykənir. Zaman-zaman formalaşan bu dəyərlər dərin qatlara malikdir və özündə çoxəsrlik bir dövrü birləşdirir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini təhlükəsiz hiss edir və rahat şəkildə dini inanclarını həyata keçirirlər. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Ölkəmizdə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır
Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) 2025-ci il 25 mart tarixli hesabatında ölkəmizlə bağlı irəli sürülən qərəzli və əsassız iddialarla bağlı bəyanat yayıb. Bəyanatda hesabatın qərəzli və birtərəfli xarakter daşıdığı xüsusi vurğulanıb, Azərbaycanda dini tolerantlıq mühitinin tarixən təşəkkül tapdığı və bu gün də bütün dini icmalara bərabər şərait yaradıldığı qeyd olunub. Bildirilib ki, ölkədə 900-dən çox dini icma fəaliyyət göstərir, onların təxminən 30 faizi qeyri-müsəlman icmalardır. Bakıdakı pravoslav kilsəsi, katolik kilsəsi, sinaqoqlar və digər dini məbədlər ölkədə dini müxtəlifliyin və azadlığın göstəricisidir. Bəyanatda bildirilib ki, hesabatda guya Azərbaycanın dini azadlıqları məhdudlaşdırdığı, qeyri-müsəlman icmalara qeydiyyat verilmədiyi və Qarabağda erməni dini irsinə təhdid olduğu barədə əsassız iddialar reallıqla üst-üstə düşmür. 2023-cü ildə BMT missiyasının Xankəndidə dini və mədəni obyektlərə heç bir zərər dəymədiyini rəsmən bəyan etdiyi xüsusilə diqqətə çatdırılıb.
Qeyd olunub ki, USCIRF 30 il ərzində Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində məscidləri dağıtmasını və dini abidələri təhqir etməsini tamamilə nəzərə almır. Azərbaycanda dini radikalizmlə mübarizə qanun çərçivəsində aparılır və dövlətin təhlükəsizliyinə yönəlmiş fəaliyyətlər hüquqi qaydada cavablandırılır. Həmçinin vurğulanıb ki, Azərbaycan dövləti həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə dinlərarası dialoqu və dini tolerantlığı təşviq edir. “Bakı Prosesi” çərçivəsində keçirilən beynəlxalq forumlar, dinlərarası zirvə toplantıları və mədəniyyətlərarası dialoqun dəstəklənməsi bu siyasətin konkret təzahürüdür. Qərəzli və birtərəfli təqdim edilən bu cür hesabatlar regionda sülh, sabitlik və qarşılıqlı anlaşmaya deyil, gərginliyə və nifrət ritorikasına xidmət edir. Biz bu cür yanaşmanı qətiyyətlə rədd edirik və dünya ictimaiyyətini Azərbaycanın reallıqlarını obyektiv şəkildə qiymətləndirməyə çağırırıq”, - deyə Avropa Azərbaycan Mərkəzinin bəyanatında xüsusi vurğulanıb.
Bəzi beynəlxalq dini qurumlar qərəzli mövqedən çıxış edərək siyasi sifarişlə işləyir
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bəzi beynəlxalq dini qurumlar, o cümlədən, ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) qərəzli mövqedən çıxış edərək siyasi sifarişlə işləyir: “Çünki bu dərəcədə ədalətdən, obyektivlikdən uzaq hesabatın hazırlanması yalnız siyasi sifarişə söykənir. Məsələ ondadır ki, Birləşmiş Ştatlarda erməni lobbisinə satılan bu təşkilatlar sanki məqsədyönlü şəkildə Azərbaycanı qaralayırlar. Azərbaycanın dövlət vəsaiti hesabına, məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar və digər dini ibadətgahlar təmir olunur. Hər il ölkə başçısı bütün dini icmalara büdcədən vəsait ayrır. Azərbaycanda dini zəmində toqquşma, hansısa insident yaşanmır. Çünki ölkəmizdə inanc azadlığı var. Kimsə inancına, dini görüşlərinə görə təqib edilmir. Bütün bunları görməzdən gəlib Azərbaycanı dini azadlıqların məhdudlaşdırılmasına və digər bu kimi məsələlərə görə ittiham etmək siyasi ləyaqətsizlikdir. Azərbaycan əraziləri Ermənistanın işğalı altında olanda 60-dan çox məscid məhv edilib. Bir dəfə olsun bu təşkilatlar buna öz etirazını bildirmədilər. İndi utanmadan Azərbaycanı dini azadlıqlara görə tənqid edirlər. Halbuki, bu tənqidlərin heç bir əsası yoxdur”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.