Həm ABŞ, həm də İran indi Azərbaycana daha çox möhtacdır...

“Azərbaycanın təkcə Rusiya ilə Amerika arasında deyil, İran və İsrail arasında da vasitəçi rolunu oynaya biləcəyini güman etmək məntiqlidir”. Bu fikirlər “Israel National News” nəşrində yer alıb. Sözügedən xüsusda hazırlanan məqalənin müəllifi israilli jurnalist və Dona Qrasiya Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avrahamdır.
O, məqaləsində ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Moskvaya səfəri çərçivəsində Bakıda qısamüddətli dayanmasının səbəblərini araşdırıb. Onun fikrincə, ən məntiqli variant ABŞ, Azərbaycan və İsrail arasında üçtərəfli strateji tərəfdaşlıq ideyasını müzakirə etməkdir: "Bu mühüm səfərin təfərrüatlarını indiyədək yalnız Azərbaycan tərəfi dərc edib, ABŞ isə susub. Amerika məxfiliyi bu səfər zamanı hansı mövzuların müzakirə edildiyi və hansı siyasi məsələlərin gündəmə gətirildiyi fonunda hamını təəccübləndirib”.
Müəllif qeyd edir ki, Azərbaycanda bir çoxları bu səfərin əslində ABŞ, İsrail və Azərbaycan arasında yaranan üçtərəfli ittifaqı gücləndirmək məqsədi daşıdığını güman edirdilər: “Vitkoff Bakıya gəlməzdən bir neçə gün əvvəl üç ölkə arasında artan ittifaq, İsrailin Azərbaycanı rəsmi olaraq İbrahim Sazişlərinə daxil etmək istəyi və ravvinlərin ABŞ-ın Azərbaycana hərbi yardımını məhdudlaşdıran müddəanı ləğv etmək çağırışları haqqında məlumatlar yayıldı. Vitkoffun səfəri həqiqətən də bu ittifaqı gücləndirmək üçün idi, bu, Yaxın Şərqdəki bütün Qərb tərəfdarları üçün əla xəbər olardı”. İsrailli jurnalist qeyd edir ki, Azərbaycan özünün geostrateji üstünlüklərinə görə regionun əsas ölkələrindən birinə çevrilib: “O, əhalisinin əksəriyyətinin şiə olmasına baxmayaraq, ölkənin İranın təsiri altında olmadığını və İsraillə möhkəm münasibətlər qurduğunu vurğulayır. Eyni zamanda, Bakı Rusiya ilə qonşu olmaqla, xarici siyasət məsələlərinin həllində müstəqilliyini qoruyub saxlayır. Bu, xüsusilə Azərbaycanın dekabrda sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı necə davranmasından aydın görünür. Əgər Bakı Moskvanın nəzarəti altında olsaydı, Rusiyaya qarşı bu qədər səs-küylü ittihamlar səsləndirməzdi”. Onun fikrincə, Azərbaycanın Qərbə və İsrailə bağlılığı sadəcə ritorika deyil: “Bu ölkə İsrail dövlətini çoxdan tanıyıb və orada səfirlik açıb ki, bu da Azərbaycanın və onun qonşularının tarixi kontekstini nəzərə alaraq gözlənilməz olub. Üstəlik, onun ABŞ və Aİ ilə enerji sektorunda tərəfdaşlığı da Azərbaycanın xarici siyasətinin qərbyönlü vektorunu təsdiqləyir. Bütün bunları nəzərə alsaq, Azərbaycanın niyə bu gün ideal regional vasitəçi kimi göründüyü aydın olur. Bu, Rusiya və İranla mürəkkəb münasibətləri olan müsəlman ölkəsidir, lakin hər ikisi ilə əlaqələr saxlayır. Digər tərəfdən, Bakı Qərb, İsrail və ABŞ ilə möhkəm əlaqələr qurub. Ona görə də Azərbaycanın təkcə Rusiya və Amerika arasında deyil, həm də İran və İsrail arasında vasitəçi rolunu oynaya biləcəyini düşünmək məntiqlidir”.
Məqalədə qeyd edilir ki, Azərbaycanın Qərb düşərgəsinə daxil olması regionda sabitliyə töhfə verə bilər, lakin belə strategiya ideal deyil: “Birincisi, bu, qonşularının, xüsusən də Rusiyanın təzyiqlərinə boyun əyməyən bir dövlət kimi Azərbaycanın hərbi potensialını və müstəqilliyini həqiqətən də gücləndirərdi. Bununla belə, Bakı Ermənistanla sülh sazişi imzalamaqdan çəkinər, bu məsələləri Moskvanın ixtiyarına verərdi ki, bu da Rusiyanın regional münaqişələrdə vasitəçi rolunu daha da gücləndirə bilərdi”. Müəllifin fikrincə, Azərbaycan Rusiya və Qərblə münasibətlərdə balansı saxlamağa, eləcə də İranla qarşıdurmadan qaçmağa çalışır: “Azərbaycan çevik davranır, kənar təzyiqlərdən yayınır və regional güclərlə lazımsız münaqişələrə girmir. Uitkoffun səfəri çox güman ki, Bakının müxtəlif geosiyasi maraqlar arasında naviqasiya qabiliyyətini gücləndirmək və Qərbin maraqlarını irəlilətməyə və regional sabitliyi təmin etməyə kömək edə biləcək təsir dairələrini genişləndirmək məqsədi daşıyırdı”. Hazırda İranın da ABŞ-la münasibətləri düzəltmək üçün vasitəçiyə ehtiyacı var. ABŞ prezidenti Donald Trampın İranın ali rəhbəri Əli Xameneiyə yazdığı məktubdan sonra iki ölkə arasında gərginlik yüksələn xətlə inkişaf etməkdədir. İran tərəfi məktubun məzmununu açıqlamasa da, ölkənin xarici işlər naziri Abbas Əraqçı onun təhdid xarakterli olduğunu bildirib. Əgər məktubun "Sky News Arabia" kanalı tərəfindən yayılmış mətninin həqiqi olduğunu qəbul etsək, orada doğrudan da Xameneiyə müraciətlə bu cümlələr yer alıb: "Sizə xəbərdarlıq edirəm: əgər siz bu uzadılmış əli rədd etsəniz və İran rejimi eskalasiya, terror təşkilatlarına davamlı dəstək və hərbi avantüra yolunu seçsə, cavab qəti və sürətli olacaq. Rejiminizin xalqımıza və müttəfiqlərimizə qarşı təhdidləri qarşısında hərəkətsiz qalmayacağıq". Görünən odur ki, Donald Trampa verilən cavabda İran tərəfi ABŞ-nin tələblərini rədd edib və yalnız nüvə proqramı ilə danışıqlar aparılmasının mümkünlüyünü bildirib. Bu da Trampın müvafiq reaksiyasına səbəb olub: əvvəlcə o, İranla bağlı "çox pis şeylər" ola biləcəyini bəyan edib, ardınca daha aydın şəkildə İranın bombalanacağı barədə xəbərdarlıq edib. İndi vasitəçilərin işə qarrışması halında proseslər hərbi yox, dinc müstəvidə çözülə bilər.
Samirə SƏFƏROVA