Türkiyə və İsrail Suriyada toqquşur, Azərbaycanın vasitəçiliyinə böyük ehtiyac yaranır

Suriyaya S-400 zenit-raket komplekslərinin yerləşdirilməsi Ankara ilə Dəməşq arasında hazırlanan müdafiə sazişinin bir hissəsi ola bilər. Türkiyə rəsmiləri belə bir ssenarini mümkün hesab etdiklərini bildirir. Onların fikrincə, bu, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərindən imtina etməyi tələb edən ABŞ-ın da yanaşmasına uyğundur. Eyni zamanda, bu, İsrail aviasiyasının Suriyadakı imkanlarını məhdudlaşdıracaq.
S-400-lərin Suriyada yerləşdirilməsi variantını Türkiyə hökumətinə yaxın ingilisdilli “Daily Sabah” qəzeti yazıb. Nəşr hesab edir ki, bu, son aylarda Ankara ilə Dəməşqdəki keçid hökuməti arasında hazırlanmış birgə müdafiə sazişində belə bir məqam ola bilər: “Bunun ehtimalı artır, çünki İsrail Suriya ərazisinə hücumları davam etdirir”. “Daily Sabah”ın yazdığına görə, S-400-lərin Türkiyədən kənarda yerləşdirilməsi Ankaraya belə çətin dövrdə Rusiya ilə sabit münasibətləri saxlamağa kömək edəcək. Eyni zamanda bu, bir müddətdir Ankara ilə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin taleyi ilə bağlı danışıqlar aparmağa çalışan ABŞ prezidenti Donald Tramp administrasiyasının tələblərini yerinə yetirəcək. S-400-lərin alınması ABŞ-ın 2019-2020-ci illərdə Türkiyəyə qarşı Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində tətbiq etdiyi bir sıra tədbirlərin reallaşmasına səbəb olub. Bu dalğada Ankara öz təyyarə parkını keyfiyyətcə yeniləmək üçün lazım olan F-35 beşinci nəsil çoxməqsədli qırıcı proqramına çıxışı itirdi. Və ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Rişin açıqladığı kimi, Türkiyə ABŞ-ın bütün şərtlərini yerinə yetirməyənə qədər təyyarələri qəbul etməyəcək: “Qırıcılar bu S-400-lər Türkiyədən çıxarılmayana qədər yerindən tərpənməyəcək”. Rusiyanın S-400-lərinin Suriya ilə bağlı Türkiyənin daxili müzakirələrinin mərkəzində olması faktını Qətərin “Middle East Eye” portalının Ankaradakı mənbələrindən biri təsdiqləyib. Onun sözlərinə görə, S-400-lər Suriyaya müvəqqəti yerləşdirilə bilər – Türkiyə ona verilən hava bazalarından birini təchiz edənə qədər. Nəşrin mənbəsi əlavə edib ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib. O qeyd edib ki, avadanlıq tədarükçüsü kimi son söz Rusiyada qalır. Lakin Ankara Suriyanın keçid dövrünün rəhbəri Əhməd əl-Şara ilə kövrək etimad mühitini pozmamaq üçün Moskvanın S-400-lərin yerləşdirilməsinə razılıq verəcəyinə “stavka” edəcək. “Middle East Eye” portalının mənbələrinə görə, Türkiyə mərkəzi Homs əyalətindəki “Tiyas” (T-4) bazasına nəzarət etmək üçün Dəməşqdəki müvəqqəti administrasiyadan artıq razılıq alıb. Mənbələrin məlumatına görə, obyektdə Türkiyə istehsalı olan zərbə silahları və hava hücumundan müdafiə sistemləri mütləq yerləşəcək: “HİSAR hava hücumundan müdafiə sistemi bazanı havadan mühafizə etmək üçün T4 ərazisinə yerləşdiriləcək”. Sistem quraşdırıldıqdan sonra baza özü yenidən qurulacaq və lazımi obyektlərlə genişləndiriləcək. Ankara, həmçinin təkmilləşdirilmiş zərbə imkanlarına malik pilotsuz təyyarələr də daxil olmaqla, orada kəşfiyyat və döyüş pilotsuz təyyarələri yerləşdirməyi planlaşdırır. Nəhayət, bu məlumata görə, “Tiyas” ətrafında qısa, orta və uzun mənzilli hava hücumundan müdafiə sistemlərini ehtiva edən çox səviyyəli müdafiə sistemi formalaşacaq. Türkiyə rəsmiləri vurğulayırlar ki, belə bir hava çətiri İsraili Suriya hədəflərinə hava zərbələri endirməkdən çəkindirmək məqsədi daşıyır. 2024-cü il dekabrın 8-də Dəməşqdə hakimiyyət dəyişikliyindən bəri yəhudi dövləti şimal qonşusunun ərazisində əməliyyat azadlığından istifadə etməkdə davam edir. İsraillilər artıq Suriyanın keçid hökumətinə sadiq hərbiləşdirilmiş qüvvələri hədəfə alırlar.
Yəhudi dövlətinin hakimiyyət orqanları bu yaxınlarda Ankaranın hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsində maraqlı olması ilə bağlı həyəcan təbili çalıb. İsrail mediası yüksək səviyyəli təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Suriyadakı hər hansı bir türk hava bazası İsrailin əməliyyat azadlığını poza bilər: “Bu, bizim mübarizə aparmağa qərarlı olduğumuz potensial təhlükədir”. Son aylarda İsrail aviasiyası Dəməşqə xəbərdarlıq göndərmək də daxil olmaqla, “Tiyas”a dəfələrlə zərbələr endirib. İsrail və Türkiyənin nə vaxtsa Suriya ilə bağlı birbaşa münaqişəyə girə biləcəyi perspektivi yəhudi dövlətinin təhlükəsizlik aparatı tərəfindən fəal şəkildə müzakirə olunur. Suriya kürd administrasiyasına yaxın olan “North Press” xəbər agentliyinin qeyd etdiyi kimi, Türkiyə həqiqətən də “Tiyas”la bağlı planını həyata keçirərsə, aviabaza bir çox oyunçunun iştirak etdiyi yeni regional qarşıdurmanın mərkəzinə çevrilə bilər. “North Press” hesab edir ki, Suriya aviabazasının son aylarda İsrail və Türkiyə arasında çox danışılan toqquşmaya səbəb olub-olmayacağına yaxın həftələrdə qərar verilə bilər. Amma proseslər indi Suriyada türkiyə və İsrail arasında savaş ehtimalını artırır. Bu şəraitdə hesab edilir ki, Azərbaycanın tərəfləri barışdırmaq üçün vasitəçilik missiyasını işə salması istisna deyil. Türkiyənin müdafiə, ticarət, təhsil və sənaye sahələrində yüksələn tərəfdaşı olan Azərbaycan Ankaranın İsraillə münasibətlərinin yenidən qurulmasında əsas rol oynaya bilər. Bundan əlavə, Azərbaycan İsraillə bir sıra strateji, iqtisadi və sosial əlaqələri bölüşür. Belə bir vasitəçi rolu Azərbaycanın İsraillə paylaşdığı ümumi məqsədlərdən və müsbət münasibətlərdən istifadə edəcək. Bundan başqa, Azərbaycan coğrafi mövqeyinə görə Türkiyə ilə İsrail arasında normallaşma üçün mühüm rol oynaya bilər.
Tahir TAĞIYEV