ABŞ tarixdə görünməmiş “ticarət müharibəsinə” başladı, Azərbaycan da prosesdən kənarda qalmadı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal edilən mallara ötən əsrin əvvəllərindən bəri görünməmiş gömrük rüsumları tətbiq olunduğunu açıqlayıb. O, yeni rüsumlarla əlaqədar aprelin 2-sini “Amerikanın qurtuluş günü” elan edib.
Bundan başqa, ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib. Donald Tramp bu xüsusda bildirib: “Bu təhlükənin mənbəyi ABŞ-dan kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Mən bununla təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm”. Tramp deyib ki, ABŞ-ın digər ölkələrlə ticarət əlaqələrində qarşılıqlılıq yoxdur: “Üstəlik, bu münasibətlər xüsusilə son illərdə son dərəcə balanssızlaşıb”. Tariflərin tətbiq edildiyi siyahıya 183 ölkə və Avropa İttifaqı daxildir. Bəzi ölkələrə daha yüksək tarif tətbiq olunub. Məsələn, Lesoto 50%, Çin 34%, Yaponiya 24%, Avropa İttifaqı 20%, İsrail 17%, Türkiyə 10%, Böyük Britaniya 10%, Braziliya 10% rüsum tətbiqinə məruz qalıb. Rüsumlar bir sıra keçmiş SSRİ ölkələrinə də şamil olunacaq və siyahıda Azərbaycan da var. Həmin ölkələrdən Moldova 31%, Qazaxıstan 27%, Azərbaycan 10%, Ermənistan 10%, Gürcüstan 10%, Ukrayna 10%, Türkmənistan 10%, Qırğızıstan 10%, Tacikistan 10% rüsumla üzləşib. Rusiya siyahıda yoxdur. Tramp düşünür ki, ticarət maneələri həm dost, həm də dost olmayan ölkələri ona güzəştə getməyə məcbur edəcək: “Bu gün Qurtuluş günüdür. Bu, Amerika tarixində ən mühüm günlərdən biri, Amerika iqtisadi müstəqilliyinin bəyannaməsidir”. Tramp bir daha Amerikanı yenidən böyük və zəngin edəcəyinə söz verib: “Ölkəmizi 50 ildən çoxdur soyublar. Bu, artıq olmayacaq”. Trampın vurğuladığına görə, ticarət tərəfdaşları Amerikaya ondan aldıqlarından daha çox mal satırlar və onların tarifləri Amerikanınkından daha yüksəkdir. O deyir ki, yeni cavab tarifləri oyun qaydalarını düzəltmək məqsədi daşıyır. İqtisadçılara görə, tariflərin tətbiqindən hamı itirəcək, o cümlədən amerikalılar, onlar üçün təkcə idxal olunan deyil, bütün mallar bahalaşacaq. Birləşmiş Ştatların ticarət tərəfdaşları istər-istəməz cavab rüsumları tətbiq edəcəklər ki, bu da qlobal ticarətə zərər verəcək və bütün dünyada rifahın artımını yavaşladacaq. Beləliklə, qlobal ticarəti silkələyən Trampın iqtisadi planı ABŞ-ın həm müttəfiqləri, həm də rəqibləri ilə ticarət münasibətlərini yenidən formalaşdırmaq məqsədi daşıyır. Amma Tramp administrasiyası ABŞ-ın istehsalını canlandırmaq, ticarət kəsirini azaltmaq və milli borcun azaldılmasını hədəfləyən siyasəti çərçivəsində ölkənin xarici mallardan asılılığını azaltmağa çalışır. Ağ Evin mətbuat katibi Karolin Levitt bildirir: “Prezident on illərdir ölkəmizi soyan ədalətsiz ticarət qaydalarına son qoyacaq rüsum planını elan edib. O, bunu Amerika işçilərinin mənafeyi naminə edir”. Tramp administrasiyası rüsumlardan gəlir əldə etmək, yəni ABŞ-a daxil olan mallara tətbiq edilən idxal vergilərindən faydalanmaq, eyni zamanda, onlardan digər ölkələrə qarşı təzyiq kimi istifadə etmək istəyir. Bununla o, digər ölkələri öz rüsumlarını azaltmağa və ya miqrasiya və narkotik qaçaqmalçılığı ilə mübarizə kimi digər siyasət dəyişikliklərinə məcbur edə bilər. Lakin bəzi iqtisadçılar və bazar analitikləri qeyd ediblər ki, əgər rüsumlar danışıqlara açıqdırsa və zamanla azaldıla biləcəksə, bu, son nəticədə rüsumların gətirəcəyi gəlirləri məhdudlaşdıra bilər.
Tariflərin ABŞ-də qiymətlərin artmasına səbəb olacağı və daha geniş iqtisadi təsirləri ilə bağlı digər narahatlıqlar da var. Trampın tarifləri və daha çoxunun tətbiqi ilə bağlı təhdidləri artıq ABŞ səhmlərinin dəyərdən düşməsinə və ölkə iqtisadiyyatının tənəzzülə uğraya biləcəyi qorxusuna səbəb olub. “S&P500” - ABŞ-da 500 aparıcı şirkətin fəaliyyətini izləyən bazar indeksi 2022-ci ilin payızından bəri ən böyük rüblük itkisinə doğru gedir. Avtomobil tariflərinin ddə şoku böyük ola və Avropada, Asiyada uzunmüddətli nəticələrə səbəb ola bilər. Bu tariflər Asiyada, xüsusilə Cənubi Koreya və Yaponiyanın iqtisadiyyatlarına ciddi təsir göstərə bilər, çünki bu ölkələr avtomobil sektorlarından böyük ölçüdə asılıdır. Avropada isə təsirlər Almaniya və Avropa İttifaqının avtomobil istehsalı tədarük zəncirinə sıx inteqrasiya olmuş qonşu ölkələrə də ciddi zərbə vura bilər. Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova bildirib ki, avtomobil sənayesi Slovakiya iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu ölkə Aİ-də tariflərdən ən çox təsirlənən ilk üçlük arasında olacaq. “Goldman Sachs”ın hesablamalarına görə, keçən il ABŞ-da satılan 16 milyon avtomobildən daxil olan “Yel Büdcə Laboratoriyası” da Trampın yeni avtomobil tariflərinin 2026-cı ildən 2035-ci ilə qədər gəliri 600-650 milyard dollara çatdıra biləcəyini hesablayıb. Lakin həmin araşdırma eyni zamanda göstərib ki, rüsumlar ABŞ-də nəqliyyat vasitələrinin qiymətlərinin orta hesabla 13.5 faiz artmasına səbəb olacaq ki, bu da 2024-cü il istehsalı olan yeni avtomobilin qiyməti üçün əlavə 6 min 400 dollara bərabərdir. Maliyyə konsultasiyası ilə məşğul olan “Anderson Economic Group” isə proqnozlaşdırır ki, polad və alüminium idxalına 25 faiz rüsumların tətbiqi qərarı ənənəvi mühərrikli avtomobillərin qiymətlərini 250-800, elektrikli avtomobillərin qiymətlərini isə 2 min 500 dollar və ya daha çox artıracaq. Polad və alüminium idxalına 25 faiz rüsumun tətbiq olunması ilə bağlı prezident Trampın qərarı martın 12-də qüvvəyə minib. Trampın daha əvvəl tətbiq etdiyi tariflərə artıq cavab tədbirləri gəlib. İndi ABŞ prezidentinin aprelin 2-də elan etdiyi yeni tariflər qlobal ticarət müharibəsini daha da alovlandıracaq. Həm Kanada, həm də Çin bir sıra ABŞ məhsullarına cavab rüsumları tətbiq edib, Aİ isə Amerika viskisi, motosikletləri və motorlu qayıqlarına 50 faiz, saqqız, quş əti, soya və digər mallara aprelin ortalarından başlayaraq əlavə rüsumlar qoyacağını bildirib. Aİ həmçinin ABŞ-ın bütün idxal məhsullarına 25 faizlik gömrük rüsumu ilə hədələyib, lakin bu qüvvəyə minməyib. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, Brüssel ABŞ rüsumlarına qarşı güclü bir plan hazırlayıb. İddialara görə, bu plan çərçivəsində ABŞ banklarının və böyük texnologiya şirkətlərinin hədəf alınması da mümkündür. Fevraldan bəri qarşılıqlı rüsumlar tətbiq edən Pekin və Vaşinqton arasında ticarət gərginliyi Trampın “Azadlıq günü” elanından sonra daha da arta bilər.
Ramil QULİYEV