Ştaynmayer Almaniyanın Orta Dəhlizə marağını çox açıq ifadə etdi...

Bu marşrut üzrə yüklərin Çindən Avropaya və geri daşınması müddəti alternativ marşrutlara nisbətən 3,5-5,5 gün, daşınma xərclərini isə 30-40% azaldır
Aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin mətbuata bəyanatlarla çıxışları zamanı Ştaynmayer bildirib ki, hazırda mövcud yolların imkanları məhduddur:
"Ölkənizdən keçən yolların, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı bir perspektivə çevriləcək. Sizin region - Cənubi Qafqaz daha sabit bir region olandan sonra son illərdəki münasibətlərdən fərqli olaraq daha sabit bir regiona çevriləcək".
Məlum olduğu kimi, Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin davamı olan Orta Dəhliz ideyası türk dünyasının beynəlxalq məkana inteqrasiyası ilə yanaşı, olduqca güclü iqtisadi potensialı özündə təcəssüm edir.
Əslində illər əvvəl Azərbaycan sözügedən Orta Dəhliz nəqliyyat marşrutu layihəsinin açar hissəsi olan Baki-Tiflis-Qars dəmir yolunu inşa edib. 2018-ci ildə isə Trans-Xəzər Nəqliyyət Dəhlizinin yaradılması ilə Çin-Qazaxıstan sərhədindən başlayaraq, Xəzər dənizi üzərindən Bakıya, oradan isə Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə çatan yüklər Türkiyə ərazisindən iki istiqamətdə - Şərqi və Qərbi Avropaya çıxır.
İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlara əsasən Cənubi Qafqazda maraqları olan digər dövlətlərin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Artıq Azərbaycan münaqişə tərəfi sayılmır və bu, ticarət münasibətlərində əsas məqamlardan biridir.
Nəzərə alsaq ki, Azərbaycan Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsidir, bu zaman mövcud potensialın inkişaf dinamikası gələcək perspektivdə ölkəmizin geosiyasi və iqtisadi çəkisini daha da artıracaq.
Şimal nəqliyyat dəhlizi ilə yüklər 12 min km məsafə qət edərək, Cənub Dəhlizi ilə 10 km məsmsafə qət edərək Avropaya müvafiq olaraq 14-12 günə çata bilirsə, Orta Dəhliz vasitəsilə Çindən yüklər 7 min km məsafə qət edərək 8,5 günə Avropaya çatır. Orta Dəhlizlə yükdaşımalar həm vaxta, həm də xərclərə qənaət deməkdir.
Beləliklə, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, yaxud Trans-Xəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə (Orta Dəhliz) strateji baxışı özünü tamamilə doğruldur. Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və bu həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat dəhlizlerinin şaxələndirilməsinə ehtiyacları qarşılayan optimal həll yoludur. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Ölkəmiz Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan biridir.
Göründüyü kimi, təkcə Almaniya deyil, Orta Dəhliz - Şərq-Qərb marşrutu bütün Avropa ölkələri üçün ən səmərəli yükdaşıma marşrutudur. Bu marşrut üzrə yüklərin Çindən Avropaya və geri daşınması müddəti alternativ marşruilara nisbətən 3,5-5,5 gün ixtisar edilir. Yüklərin çatdırılma xərclərinə gəldikdə isə, Orta Dəhluzlə yükdasımalar zamanı alternativ marşrutlara nisbətə 30-40% yükdaşıma xərcləri daha ucuz başa gəlir.
Gələcəkdə Zəngəzur dəhlizi açılacağı təqdirdə yüklərin çatdırılma müddəti və yükdaşıma xərcləri Orta Dəhlizdə daha 10% azala bilər. Bu isə Orta Dəhluzi Avropa ölkələri üçün daha cəlbedici edə bilər. Amma bununla belə, hazırda da Orta Dəhliz nəqliyyat marşrutu həm Mərkəzi və Orta Asiya ölkələri, həm də Avropa İttifaqı üçün ən sərfəli yük və sərnişin daşıma marşrutudur.
Məhz bu səbəblərdən Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer deyir ki, Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün də vacibdir.
Akif NƏSİRLİ