Mülki qətllərə görə Paşinyanın şəxsi məsuliyyəti - Ştaynmayer sualdan yayındı...

Əli Mustafa: “Bununla Almaniya digər Avropa ölkələri kimi xristian təəssübkeşliyini ortaya qoyur”
Məlum olduğu kimi, aprelin 2-də Prezident İlham Əliyevin Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə geniş tərkibdə və təkbətək görüşü keçirilib. Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Prezident Frank-Valter Ştaynmayerə “Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma separatçı rejimin keçmiş rəhbərlərinin hazırda Bakıda məhkəməsi gedir. Onlar öz ifadələrində etiraf edirlər ki, 100-dən artıq mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın şəhər və kəndlərinin bombardmanı Ermənistanın hazırkı rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın birbaşa əmrləri ilə aparılmışdır. Həmin müharibə cinayətlərinə gəldikdə, nəyə görə Avropa İttifaqı və onun təsisatları Ermənistana və onun siyasi-hərbi rəhbərliyinə qarşı sanksiya tətbiq etməyib” sualı ünvanlanıb.
Ancaq Almaniya Prezidenti bu suala birbaşa cavab vermədi. Ən başlıcası, Ştaynmayer mülki obyektlərin vurulması faktına da birbaşa münasibət bildirmədi. Sadəcə, özünə haqq qazandırdı ki, biz bu regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq, bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik və s. Bir sözlə, ona ünvanlanan konkret sualdan yayındı.
“Prezident Ştaynmayerin bu sualdan yayınması onu göstərir ki, bununla bağlı deyəcək bir sözü yoxdur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Ştaynmayerə konkret olaraq o sualın ünvanlanması çox doğru idi: “Bu sualın içində dünyanın, Avropanın Azərbaycana münasibəti və ikili standartlara söykənən yanaşması çox aydın şəkildə ifşa edildi. Məsələnin mahiyyəti odur ki, onlar ermənilərlə bağlı balaca bir şey olan kimi hay-küy salırlar və hayların müdafiəsinə qalxırlar. Ancaq ermənilərin etdiyi bütün vəhşilikləri görməzdən gəlirlər. İndi də bu siyasəti davam etdirirlər. Bununla Almaniya digər Avropa ölkələri kimi xristian təəssübkeşliyini ortaya qoyur. 44 günlük Vətən müharibəsi dönəmində Ermənistan ordusu Bərdədə, Gəncədə və digər şəhərlərdə məhz mülki obyektləri hədəf alırdı. Bir dəfə olsun Almaniya bunu pisləmədi. Hətta Almaniyada fəaliyyət göstərən QHT-lər belə, bunu pisləmədilər. Bütün bunlar Avropanın ermənipərəst mövqeyini ortaya qoyur. Ermənilərin daim Qərb tərəfindən dəstəkləndiyini ortaya qoyur. Ermənilərin törətdikləri cinayətlərdə onların da bu və ya digər şəkildə rol aldıqlarını ortaya qoyur. O baxımdan, hər halda Almaniya da bu məsələlərdən kənarda deyil. Prezident Ştaynmayerin bu sualdan yayınması onu göstərir ki, bununla bağlı deyəcək bir sözü yoxdur. Çox təəssüf ki, ədaləti deyə bilmirlər. Halbuki, Ştaynmayer yeni siyasətçi deyil. Kifayət qədər təcrübəsi olan, regiona bələd olan siyasətçidir. Vaxtı ilə Almaniyanın xarici işlər naziri olub. Deməyim odur ki, o, məsələnin mahiyyətini çox gözəl anlayır. Avropanın bu məsələdə qərəzli olduğunu, obyektiv olmadığını bilir. Yaxşı bilir ki, onlar bu məsələdə ədalətsizcəsinə ermənilərin yanında yer alıblar. Ancaq indi artıq Azərbaycan güclənib öz haqqını müdafiə edib və fərqli bir reallıq yaradıb. İndi Almaniya başa düşməyə başlayıb ki, Azərbaycanı da anlamaq və ona layiq olduğu qiyməti vermək lazımdır. Ancaq eyni zamanda öz qəbahətlərini etiraf etmək istəmirlər. Köhnə dostlarını bir formada himayə etmək istəyirlər”.
Vidadi ORDAHALLI