Ermənistan dağ-mədən sənayesində Azərbaycana qarşı düşmənçilikdən əl çəkmir...

Zaur İbrahimli: “Həm aparıcı ölkələr, həm də beynəlxalq təşkilatlar ekoloji məsələ ilə bağlı Ermənistana təzyiq göstərməlidir”
Məlum olduğu kimi, "Environmental Protection First” (EPF) Koalisiyasının Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə hazırladığı interaktiv rəqəmsal xəritə Koalisiyanın saytına (https://www.epfcoalition.org/useful-links) yerləşdirilib.
Rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərindədir. Qeyd edək ki, interaktiv rəqəmsal xəritə ciddi beynəlxalq reaksiyalar doğurmaqdadır.13 ölkədən 29 QHT xəritədə açıqlanmış faktlardan dəhşətə gələrək, Espoo Konvensiyasının Katibliyinə və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatına Ermənistanın hərəkətləri barədə müraciət edib.
Təqdim edilmiş xəritədə göstərilir ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrindən yaranan, tərkibində yüksək konsentrasiyalı ağır metallar olan tullantılar transsərhəd çaylara axıdılır.13 ölkə QHT-sindən Ermənistana çağırış edilib ki, dağ-mədən fəaliyyətini Azərbaycanla razılaşdır.
“Ermənistanın dağ-mədən sənayesi müəssisələri Azərbaycana və Cənubi Qafqazın ekologiyasına zərbə vuracaq fəaliyyətlə məşğuldur”
“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, siyasi şərhçi Zaur İbrahimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın dağ-mədən sənayesi müəssisələri Azərbaycana və Cənubi Qafqazın ekologiyasına zərbə vuracaq fəaliyyətlə məşğuldur: “Artıq beynəlxalq təşkilatlar və Azərbaycan QHT-lərinin çağırışına baxmayaraq, Ermənistan hökuməti Ermənistanın dağ-mədən sənayesinin fəaliyyətinin müasir standartlara uyğun şəkildə qurulması istiqamətində heç bir iş görmür. Ekologiyaya ciddi ziyan vuran müəssisələrə qarşı heç bir tədbir görülmür. Ermənistan hakim elitasının kommersiya maraqları əsas götürülərək ətraf mühit məsələləri maddiyyata qurban verilir. Halbuki, “Mədən hasilatı sənayesində şəffaflıq təşəbbüsünün” tələbləri diqtə edir ki, Ermənistan ən azı transsərhəd bölgəsində dağ-mədən sənayesinin fəaliyyətini Azərbaycanla razılaşdırmalıdır. Bütün ölkə miqyasında ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Dağ-mədən müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Azərbaycan dəfələrlə bəyan edib ki, hazırda Ermənistan dağ-mədən sənayesinin fəaliyyəti Kürəkçay və Araz çayını qidalandıran çaylarda vəziyyəti daha pis həddə çatdırıb. Kürəkçayda beynəlxalq şirkətlər tərəfindən aparılan monitorinq zamanı bu çayda zərərli tullantıların, maddələrin normadan artıq olduğu müəyyən edilib. Eyni vəziyyət Araz çayında da müşahidə olunur. Ermənilərin Araz çayını çirkləndirməsi Xəzər dənizinə də olduqca mənfi təsir edir. Bununla bağlı Xəzəryanı ölkələr də dəfələrlə öz etirazlarını dilə gətirib. Bütün bu çağırışlara baxmayaraq, ermənilər məlum istiqamətdə heç bir addım atmır. Hətta Ermənistan hökuməti ölkə daxilində fəaliyyət göstərən yerli ekoloji təşkilatlara da təzyiq göstərir. Erməni mediasında da bu məsələ ilə bağlı məlumatların yayılması qadağan olunub.Artıq bu missiyanı Azərbaycan QHT-ləri, ekoloqları öz üzərinə götürüb. Məlum problemlə bağlı beynəlxalq təşkilatlara dəfələrlə müraciət etmişik və ilkin nəticələr də var. Hətta erməni ekoloqları belə bu müraciətləri müzakirə edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, "Environmental Protection First” (EPF) Koalisiyasının katibliyi müvafiq qaydalara uyğun olaraq Ermənistanda araşdırma və monitorinq fəaliyyəti həyata keçirməlidir: “Həm aparıcı ölkələr, həm də beynəlxaq təşkilatlar ekoloji məsələ ilə bağlı Ermənistana təzyiq göstərməlidir. Nəzərə almaq lazımdır ki, bu yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqaz, Xəzəryanı ölkələr üçün ciddi problemdir. Ermənistan dağ-mədən sənayəsi faktiki olaraq beynəlxalq nəzarətdən kənar fəaliyyət göstərir. Yaxın gələcəkdə bunun çox ağır nəticələri ola bilər. Bu səbəbdən də Azərbaycan QHT-ləri mütəmadi olaraq məlum hadisəni gündəmə gətirir. Ümid edirik ki, beynəlxalq təşkilatlar da sərt addımlar atacaq”.
Günel CƏLİLOVA