Ukrayna müharibəsindən sonra Bakının xam nefti Almaniyanın da köməyinə çatdı...

Vüqar Bayramov: “Azərbaycanın Avropaya nəql etdiyi mavi qazın həcmində də artımlar müşahidə edilir”
Yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi təxminən 3 dəfə artıb. Bunu Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur”.
Göründüyü kimi, xam neft ixracı hesabına Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi artıb. Yəni təkcə Azərbaycan qazı yox, həm də Azərbaycan nefti Ukrayna-Rusiya müharibəsindən sonra Avropa üçün nəfəslik rolunu oynayır. Onları çətin vəziyyətdən çıxardır. Bir sözlə, həm də Azərbaycan nefti Avropanın uğur şansına çevrilir. Bu baxımdan Azərbaycanın xam neftinin Almaniya sənayesi üçün nə kimi əhəmiyyəti var?
“Bu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun artması anlamına gəlir”
Sözügedən məsələyə aydınlıq gətirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə prizmadan yanaşdı: “Biz ümumilikdə, Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin artmasını müşahidə edirik. Bir tərəfdən Azərbaycanın Almaniyaya ixrac etdiyi enerji məhsullarının həcmi artır. Digər tərəfdən isə təbii ki, ölkələr həm də enerjidən kənar sektorda əməkdaşlıq qurublar. Sözsüz xüsusən Rusiya-Ukrayna müharibəsi konteksində biz Azərbaycanın Qərbi Avropanın enerji təhlükəsizliyinin formalaşması və möhkəmlənməsindəki töhvəsinin artmasını müşahidə etdik. Bu da nəticə etibarı ilə bütövlükdə məhz Azərbaycanın regional təhlükəsizliyin formalaşmasına və güclənməsinə verdiyi töhvədir. Bir tərəfdən Azərbaycan Avropaya xam neftini ixrac edir, digər tərəfdən Azərbaycan Avropa arasında mavi qaz əməkdaşlığı güclənib. Azərbaycanın Avropaya nəql etdiyi mavi qazın həcmində də artımlar müşahidə edilir. Bütün bunlar, təbii ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunun artması anlamına gəlir. Nəticə etibarı ilə bu, xüsusən də Azərbaycan-Almaniya və bütövlükdə Avropada əməkdaşlıq etdiyimiz ölkələrlə münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına öz töhvəsini verir. Ən başlıcası bu, Azərbaycanın regional təhlükəsizlikdə rolunun güclənməsindən xəbər verir. Almaniya getdikcə Azərbaycanın regionda önəmini daha dərindən dərk edir. Azərbaycansız Orta Asiya ölkələri ilə əlaqələrin çətin olacağının fərqindədilər”.
Vidadi ORDAHALLI