Avropa-Mərkəzi Asiya 1-ci sammiti Azərbaycansız nəticə verməz...

Xalid Kərimli: "Təxmini hesablamalara görə, qarşıdakı beş il ərzində Azərbaycan üzərindən yükdasımaların həcmi 5 dəfə artaraq 30 milyon tonu keçəcək"
Aprelin 3-də Səmərqənddə 1-ci Avropa-Mərkəzi Asiya sammiti başlayıb. Bununla bağlı olaraq beynəlxalq tərəfdaşlıq üzrə Avropa komissarı Jozef Tsikela Mərkəzi Asiya ölkələrinə səfər edib. Aprelin 3-4-də Səmərqənddə keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiya-Avropa İttifaqı sammitinə hazırlıq sözügedən qurumun regiona artan marağından xəbər verir.
Bu, Brüsselin geosiyasi qeyri-sabitlik şəraitində iqtisadi və siyasi əlaqələri şaxələndirmək və yeni tərəfdaşlar tapmaq istəyi ilə bağlıdır. Avropa Rusiyanı əvəzləyə biləcək alternativ xammal və enerji bazası axtarışındadır. Hadisələrin gedişi göstərir ki, bu alternativə daha çox Orta və Mərkəzi Asiya ölkələri uyğun gəlir.
Məlum olduğu kimi, hazırda xammal və enerji bazası olaraq bütün dünya gözünu Mərkəzi Asiyaya dikib. Çin, Rusiya və Avropanın Mərkəzi Asiyada maraqları böyükdür. Amma Mərkəzi Asiya ölkələrı üçün Avropa İttifaqının təklifləri Çin və Rusiyanın təkliflərinə nisbətən daha cəlbedicidir. Mərkəzi Asiyanın xammal və enerji resurslarını isə Azərbaycansız Avropaya daşımaq mümkün deyil. Bütün hallarda, indiki şəraitdə bu istiqamətdə kommunikasiya Azərbaycandan keçir. Çünki İran və Rusiya üzərindən keçən alternativ marşurutlar Avropa üçün nə siyasi, nə də iqtisadi cəhətdən səmərəlidir. Buna baxmayaraq, Azərbaycanın bu sammitdə iştirakı ilə bağlı hələ heç bir təklif və ya dəvət yoxdur.
Hətta indiki mərhələdə bəzi prinsiplərə görə Azərbaycan Mərkəzi Asiya ölkəsi kimi də nəzərdən keçirilir. Belə ki, bu yaxınlarda BMT Mərkəzi Asiya ölkələrinin inkişafı ilə bağlı bir proqram həyata keçirirdi. Həmin proqramın icrasına Azərbaycan da cəlb edilmişdi. Yəni BMT-də də başa düşürlər ki, Azərbaycansız Mərkəzi Asiya ölkələri ilə kommunikasiya qurmaq mümkün deyil. Belə bir şəraitdə sözügedən sammitin Azərbaycansız keçirilməsi nə dərəcədə uyğundur? Ümumiyyətlə, Avropanın Mərkəzi Asiya ilə bağlı strategiyası Azərbaycansız nə qədər uğur qazana bilər?
Baki-xeber.com saytının sualını cavablandıran iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, əslində sammitin keçirildiyi yer məsələsi bir qədər texniki-təşkilati məsələdir: "Yəni məkan önəm kəsb etmir, amma rəmzi xarakter daşıya bilər. Məsələn, COP29 Azərbaycanda keçirildi. Bu, BMT-nin ən böyük iqlim sammiti idi. Amma bu heç də nə Azərbaycan iqtisadiyyatının inkişafına, nə də ekoloji problemlərinin həllinə gətirib çıxarmadı. Bu tip məsələlər qısamüddətli təsirə malik hadisələrdir.
Brüsselin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini intensivləşdirməsi isə Azərbaycan üçün çox yaxşı xəbərdir. Çünki Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqının iqtisadi əlaqələrinini genişləndirilməsi Azərbaycandan tranzit yük axınının həcmini artıracaq. Bu isə ölkənin həm geosiyasi və strateji əhəmiyyətini artıra, həm də dövlət büdcəsinə daha çox maliyyə vəsaiti qazandıra bilər. Amma hansısa dövrdə Avropa Rusiya üzərindən də Mərkəzi Asiya ölkələri ilə rahat əlaqələr qura bilər. Lakin hazırda Avropa İttifaqı ilə Rusiya arasında münasibətlərin gərgin olması bunu qeyri-mümkün edir.
Digər tərəfdən, İranın da sanksiyalar altında olması yenə Azərbaycan üzərindən tranziti aktuallaşdırır. Ona görə də bu iki region ölkələrinin bir-biri ilə əlaqələrini genişləndirməsi indiki mərhələdə Azərbaycan üçün kifayət qədər faydalıdır.
Lakin bizim bu sammitdə iştirakımız o qədər də önəmli əhəmiyyətə malik deyil. Ola bilsin ki, Azərbaycana dəvət gələcək və ya artıq gəlib. Amma Azərbaycan bu sammitdə istirak etməsə də, burada faciəvi heç nə yoxdur. Əsas məsələ odur ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri ticarət müqavilələri bağlasın və aralarında yük dövrüyyəsini artırsınlar. Ən azı, həmin yüklərin bur hissəsi Azərbaycandan keçəcək və bu bizə kifayət qədər dividend gətirəcək. Təxmini hesablamalara görə, qarşıdakı beş il ərzində Azərbaycan üzərindən yükdasımaların həcmi 5 dəfə artaraq 30 milyon tonu keçəcək. Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı məhz bunun üçun vacibdir.
Ümumiyyətlə, Mərkəzi Asiya ölkələrinin inkişaf etməsi Azərbaycanda həm iqtisadi, həm ticari, həm siyasi, həm də insan hüquqları sahəsində çox ciddi töhfələr verə bilər.
Biz Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli qaydada, həm Türk Dövlətləri Təşkilatında, həm İslam Əməkdaşlıq Təşkilatında, həm də müxtəlif iqtusadi birliklər çərçivəsində ciddi əlaqələrə malikik. Son beş ildə isə bu əlaqələr daha sürətlə inkişaf etməkdədir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın bu sammitdə iştirak edib-etməməsi o qədər də vacib məsələ deyil. Qoy bizsiz razılaşsınlar, əlaqələrini genişləndirsinlər. Onların əlaqələri nə qədər genişlənsə, bizim tranzit gəlirlərimiz bir o qədər artacaq".
Dəniz NƏSİRLİ