ABŞ-da USAİD-in ləğvi prosesi başladı - bütün əməkdaşlar işdən çıxarılır, ofislər bağlanır…

ABŞ-da Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ləğvi prosesinə başlanıb. Amerika mətbuatı yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti tərəfindən həyata keçirilən xərclərin azaldılması əməliyyatı çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğvi prosesinə başlayıb.
USAİD rəsmilərinə istinadən qeyd edilir ki, mənbələr minlərlə yerli əməkdaşın, xaricdə xidmət edən ABŞ diplomatlarının və dövlət qulluqçularının işdən çıxarılacağını təsdiqləyib.
"Bu, şübhəsiz ki, son bağlanmadır. Agentliyin bütün işçi qüvvəsi ləğv edilir" deyə USAİD rəsmisi bildirib.
Qeyd edilir ki, bir neçə gün əvvəl Konqresə təqdim edilən məlumatda USAİD-in demək olar ki, bütün əməkdaşlarının sentyabrın sonuna qədər işdən azad ediləcəyi, bütün xaricdəki ofislərin bağlanacağı və bəzi vəzifələrin Dövlət Departamentinə veriləcəyi bildirilib. Bu addım ABŞ-ın 60 ildən artıq qlobal inkişaf yardımında dönüş nöqtəsi hesab edilir.
ABŞ prezidenti Donald Tramp və İlon Maskın fevral ayında başlatdığı islahat planına uyğun olaraq, USAİD-in Dövlət Departamenti daxilində bütün fəaliyyətinin yenidən qurulması nəzərdə tutulurdu. Tramp agentliyi “fırıldaqçılıqla dolu” və “radikal solçular tərəfindən idarə olunan” adlandırıb, Mask isə USAİD-i “cinayətkar təşkilat” adlandırıb.
Bütün bunların ardınca USAİD-in ləğvi çərçivəsində minlərlə işçi inzibati məzuniyyətə buraxılıb, yüzlərlə işçinin müqavilələri ləğv edilib və bütün dünyada 5000-dən çox inkişaf və humanitar proqramlar dayandırılıb.
TAHİR