“Şimal axını”nın bərpası ilə bağlı Moskva-Vaşinqton danışıqları başladı - Lavrov ABŞ-ın Avropanı yola gətirəcəyinə inanır…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın “Şimal axını” boru kəməri ilə Avropaya təbii qaz nəqlinin bərpası ilə bağlı ABŞ-la danışıqlar apardığını açıqlayıb.
"Əlbəttə, hazırda fikir ayrılıqları var. Amma Avropaya enerji tədarükünün normallaşdırılmasında yalnız ABŞ və Rusiya maraqlıdır?" deyən Lavrov bu məsələdə əslində başqa ölkələrin də maraqlı olduğuna eyham vurub.
"Şimal axını” ilə bağlı danışıqların davam etdiyini deyən Lavrov bildirib ki, amerikalılar Avropadakı nüfuzlarından istifadə edərək Avropanın Rusiya qazından tamamilə imtina etməməsini təmin etməlidir.
Lavrov kəmərin yenidən fəaliyyətə başlamasına qarşı çıxanlar arasında Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Almaniyanın iqtisadiyyat naziri Robert Habekin olduğunu bildirib.
"Onların hamısı deyir ki, "Şimal axını"nın yenidən açılmasına heç vaxt icazə verməyəcəklər. Onlar ya xəstə insanlardır, ya da intihara meyllidirlər", - deyə nazir bildirib.
Bu arada, Fransanın “Total Energies” enerji şirkətinin baş direktoru Patrik Puyanne də bildirib ki, Avropanın sənaye sektorunun rəqabət qabiliyyətini qoruyub saxlaması üçün müəyyən səviyyədə Rusiya qazına ehtiyac var. Onun sözlərinə görə, bu məqsədlə zədələnmiş “Şimal axını” boru kəmərinin qismən yenidən işə salınması mümkün ola bilər.
"Dörd boru kəmərindən ikisi yenidən işə salınsa, təəccüblənmərəm, lakin dördünü də yenidən işə salmaq mümkün deyil. Mənbəsindən asılı olmayaraq, Rusiya qazı ilə LNG vasitəsilə rəqabət aparmaq mümkün deyil", - deyə Pouyanne bildirib.
TAHİR