Britaniyalı generaldan III Dünya Müharibəsi xəbərdarlığı - 2 il ərzində başlaya bilər…

ABŞ və Rusiya Ukraynada müharibəyə son qoymaq üçün danışıqlar aparması fonunda Moskva ilə Avropa ölkələri arasında isə fikir ayrılığı dərinləşir. Avropa ölkələrinin Ukraynada sülhməramlıların olması təklifi Rusiya prezidenti Vladimir Putin tərəfindən sərt etirazla qarşılanıb. Rusiya sülhməramlı qüvvələrə qarşı çıxdığı üçün Aİ ölkələri ilə gərginlik artır.
Bu arada, Britaniya generalı Ser Riçard Şirreff diqqətçəkən açıqlama ilə çıxış edib. Belə ki, general Şirreff 2 il ərzində III Dünya Müharibəsinin başlaya biləcəyilə bağlı xəbərdarlıq edib. Rusiyanı çəkindirmək üçün lazımi addımların atılmasının vacibliyini ifadə edən ingilis general bildirib ki, dərhal gərəkli addımlar atılmasa, önümüzdəki iki il ərzində müharibə başlayacaq.
Qərbin münaqişənin qarşısını almasının və həyatda qalmasının tamamilə onun hazırlıq səviyyəsindən asılı olduğunu deyən general, hökumətləri və hərbi analitikləri vəziyyətə ciddi yanaşmağa və tammiqyaslı səhvlərdən qaçmaq üçün düzgün qərarlar qəbul etməyə çağırıb. Mövcud geosiyasi vəziyyətin son dərəcə təhlükəli olduğunu vurğulayan Şirreff bildirib ki, keçmiş səhvlərdən dərs götürməli və bu cür səhvlərdən qaçınmalıyıq. O, bildirib ki, təcili və düşünülmüş həll yolları tapılmalıdır.
Tarixə işarə edərək, müasir dövrdə hadisələrin yenidən baş verməsi risqinin olduğunu söyləyən Şirreff, Qərb ölkələrini ortaq hərəkətə keçməyə çağırıb: "Birlik bizim ən böyük gücümüzdür".
TAHİR