Rusiya ABŞ-dan sanksiyaların ləğvini və SWIFT-ə qaytarılmasını istədi - Trampdan da cavab gəldi…

ABŞ Ukrayna və Rusiyanın Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəldiyini açıqlayıb. Bu barədə Ağ Evin ABŞ nümayəndə heyətinin müharibəyə son qoymaq üçün 23-25 mart tarixləri arasında Səudiyyə Ərəbistanında Ukrayna və Rusiya nümayəndə heyətləri ilə keçirdiyi ayrı-ayrı görüşlərin ardından yaydığı açıqlamada deyilir.
Bildirilir ki, tərəflər həmçinin Qara dənizdə gücdən istifadəni aradan qaldırmaq və kommersiya gəmilərindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq barədə razılığa gəliblər. Açıqlamada qeyd olunub ki, bu addımın məqsədi Qara dənizin beynəlxalq ticarət və enerji daşımaları üçün təhlükəsiz dəhliz olaraq qalmasını təmin etməkdir.
Qeyd edilir ki, ABŞ Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı ilə bağlı dünya bazarına çıxışını bərpa etməyə, dəniz sığortası xərclərini azaltmağa və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışını genişləndirməyə dəstək verəcək.
Vaşinqton həmçinin Kiyevlə Rusiya və Ukraynanın enerji infrastruktur obyektlərinə hücumların qarşısının alınması mexanizminin hazırlanmasına dair razılıq əldə etdiyini açıqlayıb.
Razılaşmalarla bağlı Rusiya və Ukraynadan isə fərqli açıqlamalar gəlib. Ukrayna prezidenti Zelenski razılaşmaların Ağ Ev tərəfindən dərc edildiyi andan qüvvədə olduğunu və Kiyevin dərhal öhdəliklərini yerinə yetirməyə hazır olduğunu, Kreml isə müəyyən şərtlər yerinə yetirilməyənə qədər razılaşmaların qüvvəyə minməyəcəyini bildirib. Rusiya xüsusilə qeyd edib ki, Qara dənizdə təhlükəsiz dəniz daşımalarını təmin etmək üçün ilk növbədə müəyyən sanksiyalar aradan qaldırılmalıdır.
Kreml, “Rosselhozbank” və qida və gübrə ticarəti ilə məşğul olan digər maliyyə qurumlarına qarşı sanksiyaların ləğvi, bu qurumların yenidən SWIFT sisteminə qoşulması və lazımi müxbir hesabların açılmasını ilkin şərt kimi irəli sürüb.
Bundan əlavə, ticarətin maliyyələşdirilməsi əməliyyatlarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, kənd təsərrüfatı və gübrə istehsalı ilə məşğul olan şirkətlərə qarşı sanksiyaların dayandırılması, qida nəqliyyatı gəmilərinin sığortasının təmin edilməsinə maneələrin aradan qaldırılması və limanlarda Rusiya bayrağı altında üzən gəmilərə xidmət göstərilməsi sazişin həyata keçirilməsi üçün tələb olunan şərtlərdən olub. Həmçinin bildirilib ki, kənd təsərrüfatı texnikası və istehsal proseslərində istifadə olunan malların Rusiyaya idxalına qarşı sanksiyalar da ləğv edilməlidir.
Xatırladaq ki, Ağ Evin açıqlamasında Kremlin vurğuladığı bu ilkin şərtlər qeyd edilməyib.
ABŞ prezidenti Donald Tramp isə Qara dənizdə dəniz təhlükəsizliyi ilə bağlı sazişin həyata keçirilməsi üçün Kremlin irəli sürdüyü şərtlərin hazırda dəyərləndirildiyini açıqlayıb. "Hazırda onların hamısını qiymətləndiririk. Beş-altı şərt var. Biz onların hamısına baxırıq" - deyən Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
TAHİR