Ermənistan KTMT ilə bağlı mövqeyinə yenidən baxmaqdan imtina etdi - "əslində KTMT özünə baxmalıdır..."

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətdə öz mövqeyini yenidən nəzərdən keçirmək niyyətində deyil.
“KTMT ilə bağlı nəyi nəzərdən keçirməliyik ki?! Əslində KTMT özü baxmalıdır ki, görsün o ümumiyyətlə mövcuddur ya yox. Əgər mövcuddursa, onun sərhədlərinin hardan keçdiyini və nə etməli olduğunu, nələri isə etmədiyini bəyan etməlidir”, - deyə Simonyan bildirib.
O həmçinin, baş nazir Paşinyanın tapşırığı ilə ölkə qurumlarının Rusiya tərəfdaşları ilə əməkdaşlığı fəallaşdırmağa başladığı barədə yayılan məlumatları da təkzib edib.
Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bəyan edib. Ermənistanın baş naziri bildirib ki, təşkilat İrəvana münasibətdə, xüsusən 2021-2022-ci illərdə öhdəliklərini yerinə yetirilməyib və ölkə buna göz yuma bilməz. Bundan sonra Ermənistan təşkilatın maliyyələşdirilməsində iştirakını dayandırıb.
2024-cü il sentyabrın əvvəlində İrəvan KTMT-nin Qırğızıstanda keçirilən təlimlərində iştirakdan imtina edib.
2024-cü il noyabrın sonunda Qazaxıstanda keçirilən KTMT sammitindən sonra açıqlama verən Vladimir Putin bəyan edib ki, Ermənistan bu təşkilatdan çıxdığını rəsmən açıqlamayıb. "Ermənistan bildirdi ki, fasilə verir və bugünkü iclasda qəbul edilən bütün sənədləri dəstəkləyir. Əgər belədirsə, deməli, Ermənistanın KTMT çərçivəsində tammiqyaslı işə qayıtması ehtimalı var", - Rusiya prezidenti həmin vaxt bildirib.
2024-cü ilin dekabrında isə Paşinyan Ermənistanın KTMT-yə qayıtmasının çətin olduğunu qeyd edib.
TAHİR