Rusiya Mərkəzi Bankından neft qiymətlərilə bağlı xəbərdarlıq - “SSRİ-nin çöküşü ssenarisi” təkrarlana bilər…

İddialara görə, Rusiya Mərkəzi Bankı hökumətə fevral ayında təqdim etdiyi qapalı risq hesabatında qlobal neft bazarının uzunmüddətli aşağı qiymətlər dövrünə girə biləcəyi barədə xəbərdarlıq edib.
“Reuters” yazır ki, hesabatda bu ssenarinin 1980-ci illərin ikinci yarısında, yəni Sovet İttifaqının dağılmasından bir qədər əvvəl baş vermiş proseslər təkrarlana bilər. Mərkəzi Bank vurğulayır ki, OPEK ölkələri və ABŞ təklifi kəskin şəkildə artırsa, qiymətlər sürətlə çökə bilər.
Hesabatda xatırladılır ki, OPEK indiki imkanları ilə qlobal bazarda Rusiyanın bütün neft ixracını kompensasiya edə bilər. Bildirilir ki, təkcə Səudiyyə Ərəbistanı fəaliyyətsiz quyuları ilə gündə 3 milyon barel hasil edə bilir ki, bu da Rusiyanın dəniz yolu ilə ixrac etdiyi gündəlik neft həcminə bərabərdir. Hesabatda xatırladılır ki, oxşar addım 1985-ci ildə hasilatın üç dəfə artdığı və qiymətlərin 10-15 dollara düşdüyü zaman Səudiyyə Ərəbistanı tərəfindən atılmışdı və bu, Sovet iqtisadiyyatında ciddi valyuta böhranına səbəb olmuşdu.
Rusiya hökuməti 2025-2027-ci illər üçün büdcədə neft qiymətlərini bir barel üçün 70 dollar əsasında planlaşdırsa da, ilin ilk aylarında Rusiyanın Ural nefti 60 dollardan aşağı satılıb. Bu vəziyyət neft və təbii qaz gəlirlərinin 20 faizə yaxın azalmasına səbəb olub. Maliyyə Nazirliyinin hesablamalarına görə, cari qiymətlərlə ilin sonuna qədər büdcədə 2 trilyon rubl kəsir yarana bilər.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp vəzifəyə başlayan kimi OPEK ölkələri ilə əməkdaşlıq edərək qlobal neft qiymətlərinin aşağı salınması strategiyasını gündəmə gətirmişdi. Qeyd edilir ki, OPEC+ qrupu 2025-cü ilin aprelindən hasilat məhdudiyyətlərini yumşaltmağa başlayacaq və 2026-cı ilin sonuna qədər gündəlik tədarükü 2,2 milyon barel artırmağı hədəfləyir.
TAHİR