Ər-Riyadda 12 saatlıq Rusiya-ABŞ danışıqlarının detalları açıqlandı - Vaşinqton rusların nəzarətində olan nüvə obyektinin ABŞ-a verilməsini istədi...

Rusiya və ABŞ nümayəndə heyətləri Ər-Riyadda 12 saat davam edən danışıqlarda Qara dənizdə dəniz gəmiçiliyinin təhlükəsizliyi və Ukraynada mümkün atəşkəs şərtlərini müzakirə ediblər.
Rusiya tərəfdən nümayəndə heyətinə rəhbərlik edən Qriqori Karasin və FTX nümayəndəsi Sergey Besedanın iştirak etdiyi görüş təcrübəli ABŞ diplomatları Endryu Pik və Maykl Antonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilib. Kremlin sözçüsü Dmitri Peskov danışıqların başlanğıc nöqtəsinin Trampın təklif etdiyi “Qara dəniz təşəbbüsü” olduğunu və onun canlandırılmasının müzakirə edildiyini açıqlayıb. Bununla belə, danışıqlar təkcə dəniz nəqliyyatı ilə məhdudlaşmır. ABŞ tərəfi Ukraynanın enerji infrastrukturunun qorunması və Zaporojye Atom Elektrik Stansiyasına mümkün beynəlxalq nəzarət planlarını da qaldırıb.
Danışıqlar ictimaiyyətə sadəcə “texniki məsləhətləşmələr” kimi elan edilsə də, ABŞ Prezidenti Donald Trampın birbaşa bəyanatı müzakirələrin əhatə dairəsinin daha geniş olduğunu ortaya qoyur. Tramp bəyan edib ki, tərəflər “Ukraynadakı sərhəd xətləri və atom elektrik stansiyalarına nəzarət” kimi məsələləri də müzakirə ediblər.
Tərəflərdən heç biri birbaşa nəticə gözləməsə də, diplomatik münasibətlərdə mühüm açılış hesab edilən bu təmaslar 2022-ci ildə müharibə başlayandan bəri Rusiya ilə ABŞ arasında ən əhatəli dialoq olub.
Bundan əvvəl Tramp Ukrayna ilə nadir torpaq metalları üzrə resurs sazişinin əldə edildiyini və bu müqavilənin tezliklə imzalanacağını açıqlayıb. Tramp razılaşmanın təkcə mədənlərlə məhdudlaşmadığını, enerji obyektləri və atom elektrik stansiyalarının mülkiyyəti kimi məsələləri də əhatə etdiyini bildirib. Vaşinqton həmçinin Zaporojye Atom Elektrik Stansiyasının (ZAS) da ABŞ-ın mülkiyyətinə verilməsini istəyir. ABŞ administrasiyası bu obyektin Amerikanın nəzarəti altında olmasının həm infrastrukturun qorunması, həm də Ukraynanın enerji təhlükəsizliyi üçün faydalı olacağını iddia edir. Obyekt hazırda Rusiyanın nəzarətindədir.
Açıqlamalardan belə aydın olur ki, ABŞ Ər-Riyadda Rusiyadan Zaporojye Atom Elektrik Stansiyasının onların nəzarətinə verilməsini istəyib.
TAHİR