İmamoğlu İstanbul Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) keçirilən əməliyyat çərçivəsində həbs edilən Əkrəm İmamoğlu, Beylikdüzü bələdiyyə başçısı Mehmet Murat Çalık və Şişli bələdiyyə başçısı Resul Emrah Şahan Daxili İşlər Nazirliyi tərəfindən vəzifələrindən uzaqlaşdırılıb.
Bildirilir ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.
Nazirliyin açıqlamasına görə, Şişli rayon rəhbəri Cevdet Ertürkmən Şişli Bələdiyyə sədri vəkili təyin edilib.
İstanbul Valiliyi də vəzifəsindən uzaqlaşdırılan bələdiyyə sədrləri ilə bağlı açıqlama yayıb. Valilik, bələdiyyə məclislərinin hər iki bələdiyyə (İstanbul Böyükşəhər Bələdiyyəsi və Beylikdüzü) sədrinin yerinə vəkillər seçmək üçün 26 martda toplana biləcəyini vurğulayıb.
Xatırladaq ki, Əkrəm İmamoğlu bu gün məhkəmə qarşısına çıxarılıb. Məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində Əkrəm İmamoğlu barəsində həbs qərarı çıxarıb
Məhkəmə Əkrəm İmamoğlunun “silahlı terror təşkilatına yardım” cinayəti ilə bağlı başqa bir istintaqda həbsinə artıq qərar verildiyi üçün onun həbs tələbinin rədd edilməsinə qərar verilib. İstanbul Baş Prokurorluğunun isə İmamoğlunun “silahlı terror təşkilatına yardım” ittihamı ilə həbs tələbinin rədd edilməsi qərarından apellyasiya şikayəti verəcəyi bildirilir.
Məhkəmədən sonra Əkrəm İmamoğlu həbsxanaya göndərilib.
Bu arada, İstanbul Böyükşəhər Bələdiyyəsi və sədr İmamoğluna qarşı aparılan istintaq çərçivəsində İmamoğlunun terror ittihamı ilə bağlı verdiyi ifadə də üzə çıxıb.
İmamoğlu, "Terror təşkilatlarında fəal iştirak edən qohumunuz və ya yaxınlarınız varmı?" sualına belə cavab verib: "Mən Türkiyə Cümhuriyyətini, millətini sevən bir insanam. Elə bir ailədə doğulub böyümüşəm ki, vətən sevgisi baxımından heç kimlə rəqabət aparmıram. Çünki hər bir vətəndaşı vətənpərvər kimi qəbul edirəm. Amma məncə, heç kim millətini, ölkəsini, bayrağını məndən çox sevmir. Bu sualın əxlaqsızlıq və qəsdən verildiyini düşünürəm".
TAHİR