Ermənistan siyasətçiləri və şərhçilər qardaş Türkiyənin daxili siyasi hadisələrini var güclə qızışdırırlar, çünki onlar türk düşmənləridir...

Hakim AKP ilə müxalif CHP arasında yaşananlar qardaş Türkiyənin daxili siyasi məsələsi olduğu üçün ona müdaxilə etmək, hər hansı mövqedən şərh vermək biz Azərbaycan vətəndaşlarına, siyasi şərhçilərə, politoloqlara və siyasətçilərə düşməz.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Qardaş ölkə üçün hər şeyin pozitiv və konstitusiya çərçivəsində yekunlaşmasını istəmək, bu yöndə edilən səyləri təqdir etmək bizlər üçün yetər. Əgər qardaş ölkənin milli təhlükəsizlik, müdafiə və xarici siyasəti ilə bağlı məsələlər gündəmdə olmuş olsaydı, onu Türkiyənin dövlət mənafeləri baxımından şərh etmək, müdafiə etmək bizim borcumuzdur. Elə bu günlərdə hələ davam edən "PKK açılımı" deyilən məsələnin qardaş ölkəmizin milli təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıdığını şərh etdik və edirik.
Ancaq ölkənin daxili siyasi mövzularında məsafə saxlamağın zəruri olduğunu düşünürəm.
Təsəvvür edin ki, bu gün Ermənistan siyasətçiləri, şərhçilər və politoloqlar Türkiyədə AKP - CHP qarşıdurmasını ya o tərəfin, ya da bu tərəfin xeyrinə geninə-boluna həvəslə şərh edirlər. Çünki onlar türk düşmənləridir və onların missiyası qardaş Türkiyədə siyasi ziddiyyətləri daha da qızışdırmaqdır...
Tahir TAĞIYEV