Tramp Qəzzadan sonra gözünü Krıma dikdi - Putinlə gizli razılaşma iddiası…

ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Vaşinqtonla Moskva arasında yeni səhifə açılıb. Tramp Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya prezidenti Putinlə danışıqlara başlayıb.
Trampın Rusiya ilə iqtisadi əlaqələri gücləndirmək istədiyini bildirən amerikalı jurnalist Seymur Herş, Trampın Qəzzadan sonra gözünü Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krıma dikdiyini iddia edib. Jurnalist iddia edib ki, Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etməyi və Krımda beynəlxalq istirahət mərkəzi yaratmağı planlaşdırır. O, eyni zamanda Donetsk və Luqanskın daxil olduğu Donbas regionunda da oxşar layihənin həyata keçirilə biləcəyini iddia edib. Herş bildirib ki, o, bu iddiaları adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisinə əsaslandırıb.
Kremlpərəst separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” 2022-ci il fevralın 24-də müharibə başlamazdan bir müddət əvvəl birtərəfli qaydada müstəqilliklərini elan ediblər. Putin iki rayonun müstəqilliyini də tanıyıb.
“Semafor” da martın 17-də dərc etdiyi bir yazıda Trampın Krımı Rusiya ərazisi kimi tanımaq fikrində olduğunu iddia edib. Adının açıqlanmasını istəməyən rəsmilər Ağ Evin Birləşmiş Millətlər Təşkilatını da eyni addımı atmağa təşviq etməyi planlaşdırdığını bildiriblər.
Digər tərəfdən, xəbərdə Krımın Rusiya ərazisi kimi tanınma ehtimalının danışıqlarda müzakirə edilən məsələlər arasında olduğu, lakin Trampın hələlik rəsmi qərar vermədiyi bildirilib.
TAHİR