Zaxarova "Minsk Qrupu ləğv edilməlidir” dedi və topu Ermənistana atdı...

ATƏT-in Minsk Qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) beynəlxalq danışıqlar formatı olaraq bütün institutları ilə birgə bərpa edilə bilməz. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu qurumun bütün strukturları, Minsk Konfransı, Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in fəaliyyətdə olan sədri də daxil olmaqla hamısı ləğv edilməlidir”, - deyə diplomat bildirib. O vurğulayıb ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin ən optimal yolu isə “Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə “bu qrupun amerikalı və fransız həmsədrləri sadəcə olaraq qurumda fəaliyyətlərini dayandırdılar”. "Ermənistan, Azərbaycan, Aİ və Fransanın iştirakıyla keçirilən zirvə toplantısından sonra Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, 2022-ci il oktyabrın 6-da Praqada oldu. Bununla da 2023-cü ilin sentyabrında yerlərdə vəziyyət kəskin şəkildə dəyişdi", - deyə Zaxarova qeyd edib. “ Dağlıq Qarabağ nizamlanması üzrə Minsk Qrupu həmsədrlərinin mandatı vaxtilə ATƏT tərəfindən təsdiq edilsə də artıq bu mandat öz aktuallığını itirib”, - deyə diplomat bildirib. “Madam ki, iki həmsədr bu qrupda fəaliyyətini dayandırıb, üstəlik yuxarıda qeyd olunan bütün amillər də ortaya çıxıb, o zaman ATƏT-in Minsk Qrupundan necə danışmaq olar?-deyə Zaxarova yekunlaşdırıb.
Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən artıq üç ildən çox vaxt keçib və artıq qrupun mövcudluğuna da ehtiyac qalmayıb. Azərbaycan dəfələrlə Minsk Qrupunun ləğvi məsələsini gündəmə gətirib. Ancaq Ermənistan Minsk Qrupunun buraxılması üçün hələ də heç bir konkret addım atmayıb.
Surxay Əliyev