Ermənistan özü atəşkəsi pozub Azərbaycandan sübut istəyir...

Son günlər Ermənistan hökuməti sərhədlərdə atəşkəsin pozulması barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatlarına qəribə inkar reaksiyaları göstərir. Belə ki, Ermənistan Azərbaycan Müdafiə nazirliyinin məlumatlarının həqiqiliyini inkar edərək üstəlik Azərbaycandan bu məlumatların doğruluğunu sübut edən faktlar istəyir.
Ardınca da dünyaya car çəkir ki, Azərbaycan günlərdən bəri atəşkəsə dair sübutları bizə vermir. Ermənistanın bu reyaksiyalarında məntiqsizlik odur ki, atəşkəsin pozulmasına dair sübutlar yalnız o halda ola bilər ki, ya ölən olsun, ya yaralanan olsun, ya da dağılmış ev, mülk olsun. Atəşkəsin pozulması halında isə bu cür sübutlar həmişə olmaya da bilər.
Bundan başqa, Ermənistan rəsmiləri Azərbaycana atəşkəsin pozulması hallarına nəzarət mexanizminin yaradılması təklifi ilə müraciət etdiklərini, lakin buna da guya cavab almadıqlarını iddia edirlər. Ermənistan hakimiyyəti unudur ki, ən təminatlı nəzarət mexanizmi sülh sazişinin imzalanmasıdır ki, bunu da özləri sağa - sola buruşdururlar...
Ermənistanın konkret atəşkəsin pozulması barədə siyasəti aşkar sübut edir ki, özləri əvvəlcə atəşkəsi pozur, Azərbaycan bu barədə məlumat yayan kimi onu inkar edir və sübut istəyirlər, daha sonra isə "atəşkəsə nəzarət mexanizmi" deyilən mövzuda nağıllar uydururlar....
Namiq Quliyev