Simonyan Azərbaycanın və Ermənistanın konstitusiyasını Venesiya komissiyasına göndərməyi təklif edir...

Arzuxan Əlizadə: “Ermənilərin heç zaman sözü ilə əməli bir-birini tamamlamayıb”
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olub-olmadığını müzakirə etməyə hazırdır. Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Spiker Ermənistan konstitusiyasının araşdırılması üçün ekspertiza və ya Venesiya Komissiyasına göndərilə biləcəyini qeyd edib.
“Biz deyirik ki, sülh sazişi ilə bu məsələni həll etmişik. Bu iddiaların reallıqla əlaqəsi olub-olmadığını öyrənmək üçün iki ölkənin Konstitusiyasını ekspertizaya göndərə bilərik. Biz hər iki ölkənin konstitusiyasını Venesiya Komissiyasına göndərə bilərik, Venesiya Komissiyası belə bir şeyin olub-olmadığını desin”, - Simonyan əlavə edib.
Məlumat üçün qeyd edək ki, Ermənistan konstitusiyasında istinad olunan bu ölkənin “Müstəqillik Aktı”nda Azərbaycana qarşı ərazi iddiaları var. Azərbaycan Konstitusiyasında isə heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiaları yer almayıb. Yəni Simonyanın iddiasının əksinə olaraq, ərazi iddialarının olub-olmadığının araşdırılması üçün Azərbaycan Konstitusiyasının Venesiya Komissiyasına göndərilməsinə ehtiyac yoxdur. O üzdən, Simonyanın bu cür yanaşması və faktiki Ermənistan Konistitusiyasında ərazi iddialarının olduğunu inkar etməsi, hətta Azərbaycan Konstitusiyasında guya ərazi iddialarının olması ilə bağlı işarə etməsi belə qənaətə gəlməyə əsas verirmi ki, Ermənistan Konstitusiyanı bizim istədiyimiz səviyyədə dəyişməyəcək?
“İki ölkənin konstitusiyalarını Venesiya Komissiyasına göndərmək təklifi təxribat və prosesi uzatmaq cəhdidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə prinsipcə bunu istisna etmədi: “Əvvəla, Ermənistandan nə desən gözləmək olar. Bundan əvvəl də Simonyan belə sərsəm iddialarla çıxış etmişdi. Ermənilərin heç zaman sözü ilə əməli bir-birini tamamlamayıb. Bu baxımdan bəli, Ermənistanın hazırlanacaq yeni Konstitusiyasında Azərbaycan və Türkiyə ilə bağlı hansısa formada ərazi iddiası məsələsi öz əksini tapa bilər. Simonyanın iki ölkənin konstitusiyalarını Venesiya Komissiyasına göndərmək təklifi təxribat və prosesi uzatmaq cəhdidir. Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası öz əksini tapmayıb. Erməni tərəfi bu cür pozucu təkliflərlə çıxış etməklə vaxt uzatmağa çalışır. Çünki geosiyasi proseslərin sürətlə dəyişməsi Ermənistanı ümidləndirir. Ona görə də hər vəchlə Azərbaycanın konstitusiya tələblərindən yayınmaq üçün “yen metodlar” ortaya atırlar. Öz aləmlərində hesab edirlər ki, nə qədər vaxtı uzada bilsələr, bu, hansısa mərhələdə onların xeyrinə işləyəcək. Toparlanacaqlar, güc toplayacaqlar və danışıqlarda mövqelərini gücləndirəcəklər. Bütün oyunlar bunun üzərində qurulub. Ona görə də əsla Ermənistana etibar etmək olmaz. Qarşı tərəf Konstitusiyadan ərazi iddialarının çıxarılacağını bəyan etsə də, buna yazılı formada tam əməl etmədən onlara etibar etmək olmaz”.
Vidadi ORDAHALLI