Azərbaycan-ABŞ-İsrail strateji əməkdaşlığı Ermənistanı qorxuya saldı...

Məlum olduğu kimi, bu günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub. “X” hesabında paylaşım edən Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulmasının zəruriliyini bildirib:
“Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, regionun daha təhlükəsiz, firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq”.
Xatırladaq ki, Azərbaycanla Ermənistan sülh sazişinin mətnini razılaşdırdıqlarını açıqlayıblar. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hazırkı dönəmdə sülh müqaviləsinin imzalanmasına əsas maneənin Ermənistanın konstitusiyasının olduğunu bildirib. Nazir tərəfindən ATƏT-in artıq aktual olmayan Minsk qrupu və digər aidiyyəti strukturlarının ləğvinin də vacibliyi diqqətə çatdırılıb. Ermənistan rəsmiləri isə, öz növbəsində, razılaşmanı imzalamaq üçün yeri və zamanı müzakirə etməyə hazır olduqlarını bildiriblər. Amma bu fonda Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv şəkildə atəşə tutur. Elə bu da Ermənistanın sülh prosesində heç də maraqlı tərəf kimi çıxış etmədiyini nümayiş etdirir. Qeyd edilənlər fonunda Ermənistanın “armenianreport” portalı yazır: “Gəlin, baş verənləri Uoltsun açıqlamasını nəzərə alaraq anlamağa çalışaq. Bu, vəziyyəti ümumi şəkildə başa düşmək üçün çox vacibdir. Amma əvvəlcə xatırlayaq ki, Azərbaycan və Ermənistan sülh mətnini razılaşdırıblar. Bu müqavilənin bütün bəndlərini razılaşdırmaq çox uzun vaxt apardı, amma sonda hər şey razılaşdırıldı. Bu, hamımızın gördüyümüz kimi, mümkün olan hər yerdə - Vaşinqtondan Moskvaya, Tehrandan Parisə qədər bu alqışlanır. Amma problemlər də var. Bakıda Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyi ilə bağlı məsələ aktual olara qalır. Və burada xatırlayırıq ki, bu həftə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffa məxsus təyyarə “Flightradar”ın məlumatına görə, Moskva vaxtı ilə saat 1:54-də Moskvadan havaya qalxaraq cənuba doğru hərəkət edib. O, Bakı vaxtı ilə saat 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Stiven Vitkoffun orada nə işi var idi? Bu məsələ ilə bağlı heç bir ictimai məlumat yoxdur. Amma biz xatırlayırıq ki, indi oyunlar nə qədər açıq şəkildə oynanılır, onun mahiyyəti Azərbaycanla bağlı 907-ci düzəlişin son olaraq ləğvinə, hətta dayandırılmasına nail olmaq cəhdindən qaynaqlanır. Bundan əlavə, ümumilikdə ABŞ, İsrail və Azərbaycan arasında strateji üçbucaq yaratmaq layihəsi var. Təsadüfdürmü? Düşünməyin. ABŞ prezidentinin xüsusi nümayəndələri təsadüfən Bakıya gəlmirlər.
Deyilə bilər ki, Uoltsun bəyanatı bunun əksini göstərir. Xeyr, bu doğru deyil. Qarşımızda gördüyümüz başqa bir performansdır, onun məqsədi ABŞ rəhbərliyinin artıq onların iştirakı olmadan əldə edilmiş razılaşmalarda iştirakını sübut etmək istəyidir. Amma bu o demək deyil ki, Azərbaycan “Zəngəzur dəhlizi” adlanan yerdən keçmək planlarından əl çəkib. İndi də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində etdiyi çıxışda Türkiyənin öz ərazisindən keçən “Zəngəzur dəhlizi”nin 224 kilometrlik hissəsində yaxın aylarda işə başlayacağını açıqlayıb. O vurğulayıb ki, Azərbaycan da “beynəlxalq nəqliyyat marşrutları üçün strateji rol oynayan” dəhlizin reallaşdırılması istiqamətində işi fəal şəkildə davam etdirir. Və sonra Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub. Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Məhz bu müzakirələr çərçivəsində ABŞ hazırda “Zəngəzur dəhlizi” adlanan növbəti Türkiyə-Azərbaycan layihəsinin həyata keçirilməsi ilə bağlı fundamental razılığa gələ bilərdi. Və əsas problemin nə olduğunu bilirsinizmi? Məsələ burasındadır ki, bizim hakimiyyət ən azı buna qarşı çıxmır, xalqın içinə çıxmır, onlara həqiqəti demir”. Rusiyalı politoloq Sergey Markedonov da qeyd edir ki, Azərbaycan istəyinə mütləq nail olacaq: “Ermənistan və Azərbaycan sülh sazişi imzalamağa yaxınlaşıblar. Yeni il bayramı ərəfəsində prezident İlham Əliyev Bakı və İrəvanın kompromis əldə edə bilmədiyi iki məqamı qeyd etdi. Müzakirələr beynəlxalq məhkəmələrdəki iddialar, o cümlədən üçüncü qüvvələrin dövlət sərhədində yerləşdirilməsi ilə bağlı idi. Bu iddiaların hər ikisi erməni tərəfinə ünvanlanmışdı, çünki məhz Ermənistan ərazisində Aİ-nin müşahidə missiyası yerləşdirilib və Azərbaycan tərəfinin keçmiş Dağlıq Qarabağdakı hərəkətləri ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddialar olub. Əliyevin həmin açıqlamalarından təxminən 2,5 ay keçəndən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov bəyan etdi ki, Ermənistan mübahisəli məqamlarla bağlı təklifləri qəbul edib. Az sonra rəsmi kanallar vasitəsilə İrəvandan məlumat gəldi. Ermənistan tərəfi kompromisə getməyə hazır olduğunu təsdiqlədi. Baş nazir Nikol Paşinyan dedi ki, bu müddəaların ideal ifadəsini tapa bilməyəcəyimiz bəlli olanda biz Təhlükəsizlik Şurası formatında müzakirələr apardıq və sənədin mövcud məzmununun kompromis həll variantı sayıla biləcəyi qənaətinə gəldik. Uzun müddətdir davam edən bu münaqişə tarixinə nöqtə qoymaq olarmı? Çoxdan gözlənilən sülh əldə olunurmu və Qafqaz yeni dövrə qədəm qoyurmu? Bütün bu suallara müsbət cavab vermək istərdim. Ancaq indi də bütün sülh konstruksiyasının sabitliyinə müəyyən şübhələr qalmaqdadır. Dünya ictimaiyyətinin Bakı və İrəvandan gələn xəbərlərə kifayət qədər təmkinli reaksiyası yəqin ki, bununla izah olunur. Məsələ hətta onda deyil ki, kompromis razılaşmalar final mətnində təcəssüm etməlidir. “Növbəti mərhələdə Bakının gözləntiləri belədir: Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarını özündə əks etdirən Konstitusiyasına dəyişiklik etməlidir”, - nazir Bayramov bildirib. Amma İrəvanda hələ də başqa cür düşünürlər. Nikol Paşinyanın sözlərinə görə, sülh sazişinin hazırlanması, eləcə də Ermənistan Konstitusiya Məhkəməsinin ərazi iddialarının olmaması ilə bağlı qərarı artıq problemi bağlayıb. Gördüyümüz kimi, tam deyil... Lakin konstitusiya ilə yanaşı, sərhədlərin demarkasiyası və delimitasiyası və “dəhliz” problemi də həll olunmamış qalır. Sülh müqaviləsinin mətnində bu barədə heç nə yazılmayıb, amma praktikada bu məsələlərin həlli demək olar ki, daha vacibdir! Beləliklə, regiona sülhün gəlməsi üçün nəinki söz və sənədlər, həm də əməli hərəkətlər lazımdır!”.
Nahid SALAYEV