ABŞ-İsrail-Ərəb dünyası məkanında Azərbaycan təsirli iqtisadi-siyasi gücə çevrilir...

Rəsmi Təl-Əviv BP, SOCAR və yerli “NewMed Energy”bu şirkətlərinə İsrail sularında təbii qaz axtarışı aparmaq üçün lisenziyalar verib. İsrailin Enerji və İnfrastruktur Nazirliyi bildirir ki, lisenziya İsraildə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarova bu ölkənin enerji və infrastruktur naziri Eli Koen tərəfindən təqdim olunub.
İsrail daxili qaz ehtiyatlarını artırmaq və ixracı genişləndirmək5 istəyir. Koen bu xüsusda bildirib: “Təbii qaz bütün dünyada, xüsusən də Yaxın Şərqdə iqtisadi və diplomatik mövqeyimizi gücləndirən strateji sərvətdir. Buna görə də biz təbii qaz hasilatını həm daxili bazar, həm də ixrac üçün genişləndirməyə çalışırıq, xüsusən də bu dövrdə”.
“Reuters”in xəbərinə görə, 2023-cü ildə bu üçlük dördüncü lisenziya raundunda iki dəniz blokuna birlikdə təklif verib. “Leviafan” yatağı yaxınlığındakı “Klaster I” adlanan ərazi üçün verilən lisenziyalar çərçivəsində SOCAR kəşfiyyat konsorsiumunun operatoru kimi çıxış edəcək. BP ilk dəfə İsrailin təbii qaz sektorunda fəaliyyət göstərəcək. “NewMed Energy” isə artıq “Chevron” tərəfindən idarə olunan nəhəng “Leviafan” dəniz yatağının ən böyük payçısıdır. Hər bir şirkət lisenziyalardakı hüquqların təxminən üçdə birinə sahib olacaq. “Klaster I” İsrailin iqtisadi sularının şimal hissəsində, Aralıq dənizində yerləşən 1700 kvadrat kilometrlik bir ərazidir. Konsorsium kəşfiyyatın birinci mərhələsində seysmik və geoloji tədqiqatlar aparacaq, ikinci mərhələdə isə tədqiqat nəticələrinə əsasən qazma işləri həyata keçiriləcək. İsrailin Energetika Nazirliyi əlavə lisenziyaların verilməsinin gözlənildiyini və bu ilin sonlarına doğru beşinci tender raundunun planlaşdırıldığını açıqlayıb. Məlumata görə, layihənin daha əvvəl həyata keçirilməsi planlaşdırılırdı, lakin İsrail ilə HƏMAS arasında münaqişənin gərginləşməsi səbəbindən təxirə salınıb. Konsorsium 2026-cı ilin oktyabrına qədər lisenziya sahələrindən ən azı birində qazma işlərini, həmçinin neft məsələləri üzrə komissar tərəfindən təsdiqlənməli olan əlavə iş proqramını əhatə edən plan təqdim etməlidir. Tender qaydalarına əsasən, kəşfiyyat lisenziyaları ilkin olaraq üç illik müddətə verilir. Bu müddət ərzində lisenziya sahibləri ayrılmış sahədə təbii qaz kəşfiyyatı potensialını qiymətləndirmək üçün məcburi iş proqramını yerinə yetirməlidirlər. Bu müddət bitdikdən sonra lisenziya sahibləri lisenziyalarının daha 2 il uzadılmasını tələb edə bilərlər. Bu, neft məsələləri üzrə komissarın təsdiqlədiyi yenilənmiş iş proqramı və ən azı bir lisenziya çərçivəsində qazma öhdəliklərinin təsdiq edilməsi şərti ilə mümkündür. Ən azı bir qazma işi aparıldıqdan və qrupdakı lisenziyanın iş proqramının bütün elementləri yerinə yetirildikdən sonra lisenziyalar maksimum 7 il müddətinə qədər olmaqla daha 2 il uzadıla bilər. Belə uzadılma, lisenziyanın müddəti bitənə qədər hələ qazma işləri aparılmayan hər bir lisenziya sahəsində qazma üzrə öhdəliyin təqdim edilməsi şərti ilə mümkün olacaq. Bu layihə ilə yanaşı, 2025-ci il yanvarın 31-də SOCAR bildirib ki, “Union Energy” şirkəti ilə Aralıq dənizində ən böyük ofşor qaz yataqlarından biri olan “Tamar” layihəsində 10 % payın alınması üçün müqavilə imzalayıb. İsrail sahillərində yerləşən “Tamar” yatağı regionun əsas təbii qaz təchizatçısıdır. O, enerji təhlükəsizliyi və iqtisadi artımda mühüm rol oynayır. “Tamar” layihəsinin operatoru da ABŞ-ın “Chevron” şirkətidir.
Beləliklə, Azərbaycan Yaxın Şərqdə iqtisadi fəaliyyətini genişləndirir. Bu, Azərbaycanın siyasi cəhətdən də regionda mövqeyinin möhkəmlənməsinə xidmət edir. XII Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq xarici işlər naziri Tsipi Livni belə vəziyyətdə qeyd edir ki, Azərbaycan artıq Yaxın Şərqdə sülh təşəbbüslərində də aktiv rol oynaya bilər. Sabiq nazir Yaxın Şərqdə təhlükəsizliyin təminatının yalnız ittifaq vasitəsilə həyata keçirilə biləcəyini vurğulayıb: “İsrail, eləcə də Fələstinin praqmatik siyasi qüvvələri, BƏƏ və Səudiyyə Ərəbistanından ibarət bir güclü siyasi İttifaq yaradılmalıdır”. O qeyd edib ki, Azərbaycan da aktiv rol oynaya bilər: “Çünki bu ölkələr hər zaman İsraildə təhlükəsizliyi və sabitliyi dəstəkləyib, həm də onlarla bizim çox gözəl əlaqələrimiz var. Oktyabrın 7-dən sonra baş verən proseslərin nizamlanması liderlərdən asılıdır”. Yaxın Şərqdə gərginlik artdıqca və vəziyyət dəyişdikcə, Azərbaycan İsrail, Amerika və region arasında uçurumları bağlayan əsas oyunçu kimi ortaya çıxır. İsraildə yerləşən Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədim etdiyi yeni araşdırma məqaləsində bölgədəki əsas oyunçular arasında Azərbaycanın həm İsrail, həm də ABŞ üçün həyati önəmə sahib vacib tərəfdaş kimi çıxış etdiyi vurğulanıb. İsrail Hərbi Kəşfiyyatının keçmiş zabiti, İran və Yaxın Şərq üzrə ekspert, məqalənin müəlliflərindən biri olan Aleksandr Qrinberq tərəfindən Azərbaycanın regional sabitliyin təmin edilməsində müstəsna rolu xüsusi qeyd edilib. Azərbaycanın Rusiya ilə İran arasında yeləşməsindən və onun geosiyasi önəmindən bəhs edilən məqalədə Azərbaycanın İstər İsrail, istərsə də Amerika üçün önəmli kəşfiyyat tərəfdaşı olduğu və Azərbaycanın İranın təzyiqlərinə boyun əymədiyi xüsusi vurğulanıb.
Ramil QULİYEV