Ərdoğan Trampla son söhbətində Qəzza məsələsinə necə yanaşdı...

Xaqani Cəfərli: "Traamp Qəzza sakinlərini köçürməyə başlasa belə, Ankara özünü qorumağa çalışacaq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
Məlumata görə, danışıq zamanı liderlər Türkiyə və ABŞ arasındakı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edib.
Ərdoğan Trampın Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılması üzrə qərarlılığını və birbaşa təşəbbüslərini dəstəklədiyini vurğulayıb.
Suriyadakı vəziyyətə toxunan Ərdoğan bu ölkədə sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyət göstərməsi və rəsmi Dəməşqə qarşı sanksiyaların qaldırılmasının önəmini vurğulayıb.
Ərdoğan yeni dövrdə ABŞ-dan Türkiyənin maraqlarını nəzərə alaraq terrorizmə qarşı mübarizədə addımlar atılmasını gözlədiklərini bildirib.
İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün sanksiyaların ləğv edilməsi, F-16 təyyarələrinin alışı prosesinin tamamlanması və Türkiyənin F-35 proqramına bərpa edilməsi zərurətini qeyd edib.
Lakin informasiyalarda Qəzza zolağındaki vəziyyətin müzakirə edilməsi ilə bağlı heç bir məlumat yoxdur. Hansı ki, Qazza ilə bağlı Amerika ilə Türkiyənın mövqeyi kəskin fərqlənir. Tramp bəyan edir ki, mən Qəzzanı satın alacam, Ərdoğan isə deyir ki, Qəzza xalqını öz dövma yurd-yuvasından köçürmək olmaz. Belə olan halda təsəvvür etmək olmur ki, bu məsələ müzakirə edilməyib. Yaxud da müzakirə edilibsə bu məsələ barədə niyə məlumat verilmir? Siz necə düşünürsünüz, Qəzza məsələsi bu danışıqda müzakirə edilməyib, yoxsa bu müzakirə məxfi saxlanılır? Müzakirə məxfi saxlanılıbsa buna səbəb nə ola bilər?
Baki-xeber.com-a məsələ barədə açıqlamasında politoloq Xaqani Cəfərli bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığının nə qədər davam etdiyi haqqında məlumat olmadığı üçün iki liderin söhbəti ilə bağlı dəqiq fikir bildirmək çətindir: "Tərəflər tərcüməçi vasitəsilə danışdığı üçün danışıq müddətini 4 yerə bölmək lazımdır. Bu isə o deməkdir ki, telefon danışığı müzakirə deyil, tərəflərin mövqelərini ifadə etməsindən ibarət olur. Trampın siyasi və diplomatik etika gözləyən birisi olmadığını ən yaxşı bilən şəxslərdən biri də Ərdoğandır. Ona görə də, Trampın Qəzza əhalsinin başqa ölkələrə köçürülməsi ilə bağlı fikrinə Ankarada münasibət bildirmirlər. Qənaətimcə, Ankara Trampla müansibətlərin korlanmasından yayınmağa çalışır və bu çox doğru addımdır. Çünki Türkiyənin dərin iqtisadi böhran keçirdiyi bir zamanda Trampın kəskin müdaxiləsi çox ağır nəticələr doğura bilər. Tramp, hətta Qəzza sakinlərini köçürməyə başlasa belə, Ankara özünü qorumağa çalışacaq. Ərdoğan yaxşı bilir ki, maliyyə naziri Mehmet Şimşək çox böyük çətinliklə lirənin kursunu qoruyur. Əgər Tramp sərt müdaxilə etsə, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə sosial partlayışa səbəb olar. Ona görə də Trampın xoşuna gəlməyə, onu qəzəbləndirməməyə çalışır".
Akif NƏSİRLİ