Azərbaycana böhtanlar atan erməni “Lemkin institutunun sirri” açıldı - işdə terrorçu Teyliryanın adı keçir...

Faiq Ələkbərli: “Qatil Teyliryanın bu gün də “qəhrəman” kimi qələmə verilməsi yolverilməzdir, bu, Ermənistanın və onun havadarlarının ziyanlı yanaşmasının təzahürüdür”
Bütün inkişaf etmiş xalqlar, mədəni millətlər, sülhpərvər insanlar terrorçunun qəhrəmanlaşdırılmasını, onun cinayətlərinə haqq qazandırılmasını qəbul etmir, edə bilməz də. Ermənilər isə bu keyfiyyətlərdən uzaq olduqları üçün terrorçuları qəhrəman kimi qələmə verirlər, hətta onlara heykəllər də qoyurlar.
Çox təəssüflər olsun ki, Ermənistan belə yanlış yol tutur. Hətta Osmanlı dövlətinin baş naziri Mehmet Tələt Paşanın qatili Soqomon Teyliryanı həm qəhrəmanlaşdırır, həm onu “milli azadlıq hərəkatının lideri” kimi qələmə verir, ona heykəl qoyurlar. Bu faktlar bizə tanışdır.
Bu gün erməni mediası Teyliryanın 1921-ci il martın 15-də Tələt Paşanı qətlə yetirməsinə, 104 il əvvəl Berlində baş verən bu qətlima “haqq qazandırır”. Tələt Paşa olmayan erməni soyqırımının guya təşkilatçılarından biri olub və Teyliryan da onu ona görə güllələyib.
Erməni mediası yazır ki, Berlində baş verən qətl hadisəsindən sonra Teyliryan saxlanılıb, Almaniya məhkəməsində mühakimə olunub və həmin il iyunun 2-də məhkəmə onu azadlığa buraxıb.
“Ədalətli” Berlin məhkəməsi terrorçunu, cinayətkarı törətdiyi qətl hadisəsinə görə həbs etmək əvəzinə ona bəraət verib.
Caninin məhkəməsində münsiflər heyəti onun azadlığa çıxması üçün əlindən gələni edib və onu “günahkar” saymayıb. “Müttəhim Soqomon Teyliryan 1921-ci il martın 15-də Şarlottenburqda Tələt Paşa adlı şəxsin qəsdən öldürülməsində günahkardırmı? - Yox!" - bu, münsiflər heyətinin qərarı idi. Özü deyib: “Mən bir adam öldürdüm. Amma mən qatil deyiləm”-bu, erməni mediasının yazdığı bədnam ifadədir.
Burda maraqlı bir məqam da diqqətimizi çəkdi.
Polşalı hüquqşünas Rafael Lemkin məhkəməsini yaxından izləyib və o, “soyqırım” ifadəsi işlədib. Demək bunlar qondarma soyqırım məsələsini hələ keçən əsrin 20-ni illərindən dövriyyəyə buraxıbmışlar. Lemkin məhkəmədə qatli hərtərəfli müdafiə edib, terrorçunu dəstəkləyib və “bir insan başqasını öldürəndə niyə cəzalandırılır? Nə üçün bir milyonu öldürmək bir nəfəri öldürməkdən daha az cinayətdir?”-deyib.
Maraqlıdır, bu gün Lemkin adına “soyqırım” institutu fəlaiyyət göstərir və qondarma erməni “soyqırımının” təbliği ilə məşğul olur, ermənipərəstliyi ilə seçilən bu institutun mütləq mənada R.Lemkinlə bağlı olması şübhəsizdir.
Dünən terrorçunu dəstəkləyən Lemkinin davamçıları bu gün Azərbaycana qarşı düşmən mövqe sərgiləyir, Qarabağdan könüllü köçüb gedən ermənilərə görə bizi ittiham edir, olmayan “etnik təmizləmədə” suçlayır. İndi hər şey məlum olur ki, bu təşkilatın antitürk mövqeyi hardan qaynaqlanıb.
Onu da deyək, ermənilər özləri “fəxrlə” yazırlar ki,
Teyliryan Osmanlı İmperiyasında doğulub, Qafqazda erməni könüllü dəstələrinə qoşulmaq üçün bu bölgəyə gəlib. Guya həmin dövrdə onun bir çox ailə üzvləri “sürgün edilib” və “öldürülüb”.
Məhkəmədən sonra qatil Teyliryan təxminən otuz il Serbiyada, bir neçə il Valyevoda, sonra isə Belqradda yaşayıb.
“Lemkin adına institutun tutduğu qərəzli və düşmən mövqenin əsası, görünür, elə qatil Teyliryanın məhkəməsində qoyulub”
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Osmanlının son dövrlərində baş nazir olmuş Tələt Paşanın bir hay terrorçu tərəfindən qətlə yetirilməsi təsadüfi olmayıb. “Teyliryan kimi terrorçuların yetişməsinin arxasında bəzi Avropa dövlətləri dayanırdı. Bu dövlətlər eyni zamanda da terrorçulara hərtərəfli dəstək verirdilər. Xüsusən də burda Fransa, Böyük Britaniya kimi dövlətlərin adını çəkə bilərik. Almaniya əvvəlcə Osmanlı ilə müttəfqi olsa da, sonradan təəssüf ki, bu dövlətlərə qoşuldu. Tələt Paşaya qarşı terror törədib onu qətlə yetirən Teyliryanın məhz Berlin məhkəməsində azadlığa buraxılması bunu göstərir. Almaniya, Fransa, Böyük Britaniya Osmanlı dövlətinin liderlərinə qarşı terror aktlarını ya maliyyələşdirirdi, ya da bu və digər mənada onların arxasında dayanırdı”.
F.Ələkbərli qeyd etdi ki, Azərbaycan liderləri - Fətəli Xan Xoylu, Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli də məhz hay terrorçularının və onların himayədarlarının terroruna məruz qalıblar. “Bu anlamda həmin terrorçuları “qəhrəman” elan etmək kimə yarayır? Ermənistan hökuməti terrorizmi dəstəkləməyə davam edir. Ermənistan bu terrorların birbaşa iştirakçısıdırmı? Hay terrorçularının arxasında dayanan başqa qüvvələr, böyük güclər də var. Bu mənada Tələt Paşanın və digər türk liderlərinin qətli təsadüfi olmayıb. Bu gün yenə də Ermənistan hökuməti və onun havadarları eyni yolu davam etdirirlərsə, biz bundan nəticə çıxarmalıyıq. Baxmayaraq ki, Paşinyan hökuməti tamam başqa çıxışlar edir, yeni bir dönəmdə olduqlarını deyir. Bunun bir az ümidverici tərəfləri də var. Ancaq böyük ölçüdə baxdıqda Ermənistanda bu qatillərin yad edilməsi, onların “qəhrəman” kimi qələmə verilməsi, onlara heykəllər qoyulması müşahidə edilir. Qatil Teyliryanın bu gün də “qəhrəman” kimi qələmə verilməsi yolverilməzdir, bu, Ermənistanın və onun havadarlarının ziyanlı yanaşmasının təzahürüdür.
XX əsrin əvvəllərində hay terrorçularına dəstək verən dövlətlərin davamçıları bu gün bunu etiraf edib üzr istəməlidirlər. Biz əksini görürük, o dövlətlər sözdə erməni “soyqırımından” danışırlar. Görünür, onlar hələ də terroru dəstəkləməkdən əl çəkmirlər. Biz də ehtiyatlı olmalıyıq, tədbiri əldən verməməliyik”.
R.Lemkinin terrorçunu dəstəkləməsi məsələsinə də toxunan F.Ələkbərli bildirdi ki, bu da Avropadakı bəzi qüvvələrin o təşkilatlarla bağlı olmasını göstərir. “Lemkin adına institutun tutduğu qərəzli və düşmən mövqenin əsası görünür elə qatil Teyliryanın məhkəməsində qoyulub. Onun məhkəməsində onu müdafiə edən Rafael Lemkin “soyqırım” ifadəsi işlətməklə və Teyliryanı müdafiə etməklə öz mahiyyətini ortaya qoyub. Heç nə təsadüfi deyil və bizə qarşı bu işlər planlı şəkildə həyata keçirilib. Qatilə, cinayətkara, terrorçuya haqq qazandıranların özlərinin heç də onlardan fərqi yoxdur”-deyə F.Ələkbərli qeyd etdi.
İradə SARIYEVA