Ermənistan Qarabağda Azərbaycana qarşı etdiyi bu cinayət faktlarından yayına bilməz - Bakı məhkəməsində ifşa...

İlyas Hüseynov: “Məlum məsələ ilə bağlı Azərbaycanın arqumentləri beynəlxalq səviyyədə qiymətləndiriləcək”
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Məhkəmə zamanı təqsirləndirilən şəxslər epizodlar üzrə prokurorların suallarına cavab verir.
Təqsirləndirilən şəxs Lyova Mnatsakanyan etiraf edib ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. O qeyd edib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sarkisyan isə onu təsdiqləyib: “Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi. Qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub.
Qeyd edilən faktlar Ermənistan dövlətinə qarşı hansı ittiham və iddiaları qaldırmağa əsas verə bilər?
“Prosesin sonunda Azərbaycan Ermənistana qarşı bir sıra məsələlərlə bağlı iddia qaldıra bilər, bu beynəlxalq müstəvidə də həyata keçirilə bilər”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Bakıda keçirilən prosesdə erməni əsilli şəxslərin cinayət işi üzrə bir sıra faktlar üzə çıxır: “Qondarma rejimin ayaqda saxlanılması üçün onun maddi təminatı Ermənistan tərəfindən həyata keçirilib. Burada hərbi və təhlükəsizlik məsələləri xüsusi yer alıb, o cümlədən, məhkəmə prosesində səsləndirilən ifadələr də bunu təsdiq edir. Hesab edirəm ki, bu prosesin sonunda Azərbaycan Ermənistana qarşı bir sıra məsələlərlə bağlı iddia qaldıra bilər. Bu, beynəlxalq müstəvidə də həyata keçirilə bilər. Onu da deyim ki, Ermənistan davamlı olaraq separatçı ordunun kadr potensialının təyinatında iştirak edib. Eyni zamanda, separatçı ordu tərkibinə Ermənistandan da çağırışçılar dəvət olunub. Bu hamı üçün bilinən faktlar olsa da, məhkəmə prosesinin gedişatında bunların ifadə olunması Azərbaycanın postmüharibə mövqeyində reallıqlarını gücləndirir. 10 noyabr Bəyanatına imza atan elə baş nazir Nikol Paşinyan idi. Bununla da müharibə dayandı, atəşkəs elan olundu. Ermənistan daim separatçı ordu, separatçı siyasi rəhbərliyi ilə bağlı elə mövqedən çıxış edirdi ki, guya biz onları tərəf kimi qəbul etməli, danışıqlarda yer verməliydik. Bu tamamilə absurd idi. Əslində siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, maliyyə, idarəetmə kimi məsələlərdə separatçı quruma bütün dəstək Ermənistan tərəfindən verilib. Bu, Azərbaycan ərazisinin mənimsənilməsi, dağıdılması, özgəninkiləşdirilməsi ilə müşahidə olundu”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məlum məsələ ilə bağlı Azərbaycanın arqumentləri beynəlxalq səviyyədə qiymətləndiriləcək.
Günel CƏLİLOVA