"Azərbaycanda hicabla gəzənlər döyülür, həbs olunur" - İrandan gələn ağ yalan...

Dövləti İslam respublikası adlandırmaqla vətəndaşların hamısını müsəlman etmək mümkün deyil, elə isə teokratik İran rejimi kimi aldatmaq istəyir?
İran mediası həmişə Azərbaycan haqqında mənfi fikirlər səsləndirmək üçün müxtəlif doğru-yalan əsaslar axtarışında olur. Həmişə "milçəyi filə döndərib" Azərbaycanı tənqid etməyə fürsət yaradırlar. Bu dəfə isə İran mediası nə vaxtsa Azərbaycanda olduğu iddia edilən bir qadının ifadələrini əsas gətirərək ölkəmizi tənqid hədəfinə çevirməyə uğursuz cəhd göstərib.
Belə ki, “Rasanews” saytı qərəzli olaraq yazır ki, Azərbaycandan olduğunu iddia edən və özünü Kövsər Tağıyeva kimi qələmə verən qadın İranda keçirilən konfransda iddia edib ki, guya “Azərbaycanda hicablı qadınlar ciddi məhdudiyyətlər və təzyiqlərlə üzləşirlər”.
Bir müddət öncə İran televiziyasında hökumətin göstərişi ilə şou göstərən və Azərbaycanda heç kəsin dinə sevgisi olmadığını iddia edən qadın deyib ki, “Azərbaycanda qadınlar dini tərbiyə ilə böyümürlər. Əgər kimsə İslamı qəbul etmək və ya hicab taxmaq istəsə, ya hökumət, ya ailə, ya da cəmiyyət tərəfindən maneələrlə üzləşəcək”.
Bundan öncə də cəfəng iddialarla gündəmə gələn həmin qadın İran hökumətinin sifarişi ilə yenidən “Azərbaycan xalqının əksəriyyətinin İslam dinini dərindən tanımadığını” bildirib.
Əvvəla, qadının çadra örtməsi, kişinin təsbeh gəzdirməsi və başına fəs qoyması hələ onların müsəlman olması anlamına gəlmir. İranda da çadra və digər müsəlman qiyafəsi altında min oyundan çıxan insanlar kifayət qədərdir. Yəni qadının çadra örtməsi, kişinin müsəlman görünüşü alması hələ onun müsəlman olmasına dəlalət etmir. O yalnız İran İslam Respublikasının kriteriyasıdır ki, qadın çadra örtübsə müsəlmandır. Bu, dinin şəkliyyət formalarından, görünən tərəflərindən yalnız biridir. Heç bir cəmiyyət qadınları ucdantutma və zorən çadraya bükməklə müsəlman edə bilməz. Müsəlmanın qəlbində Allah xofu, iman və təqva olması kifayətdir. Bundan sonra gələnlər isə İslamın dərəcələridir. Müsəlman olaraq insanları tanıdan görüntülər (saqqal, təsbeh, əba, fəs, çadra və ya hucab, leksikona əlavə edilən fərqli ifadələr və s.) dinin şəkliyyət formasıdır və həqiqi müsəlman üçun o qədər də ciddi əhəmiyyətə malik deyil. Qəlbən kafir olan, İslam dininə nifrət edən bir qadın guya İran sərhədində hökumətin tələblərinə uyğun olaraq çadra və ya hucab geyinirsə, dərhal dönüb müsəlman olurmu? Əlbəttə, bu mümkün deyil. Əgər mümkun deyilsə, bu tələbi qoymaqda İran İslam Respublikasının amacı, məqsədi və məramı nədir? Əlbəttə, İran teokratik rejimi bununla göstərmək istəyir ki, İran İslam ölkəsidir. İran İslam ölkəsidirsə, bunu göstərməyə nə ehtiyac var? Görüntü o zaman vacib olur ki, həmin məsələdə mütləq hansısa kəm-kəsir var və bu kəm-kəsiri örtmək üçün görüntüyə, maskalanmağa ciddi ehtiyac var. Biz idda etmirik ki, İran İslam Respublikasının İslam ölkəsi olmasında şübhələr var, sadəcə olaraq ölkədə İslam görüntüsü yaratmaq cəhdlərinin məntiqi bunu söyləyir. Bir insan əgər həqiqi müsəlmandırsa, qısa zamanda ətrafınfaki insanlara əməli ilə bunu təsdiqləyəcək və ətrafı onun əməlindən zaman-zaman duyacaq ki, bu insan doğrudan da müsəlmandır, ona inanmaq və etibar etmək olar. Biri də var ki, "müsəlman qiyafəsi" adlandırılan şəkillə dərhal hamıya qəbul etdirməyə çalışırlar ki, "mən müsəlmanam"! Əməllərinə diqqət edəndə isə görürsən ki, bu adamda müsəlmanlıqdan əsər-əlamət yoxdur, əsl müşrikdir. İndi İranda müsəlman donu geyinmiş milyonlarla İslama heç bir dəxli olmayan insan var. Azərbaycanda belələri yalnız fırıldaqçılıq məqsədi ilə İslam qiyafəsinə girir. İranda isə insanlar həm fırıldaqçılıq, həm də hökumətin tələbi ilə "müsəlman qiyafəsi" (bu ifadəni ona gorə dırnağa salıram ki, İslamda belə bir məfhum yoxdur) geyinirlər.
O ki qaldı Azərbaycanda qadınların çadra və ya hicab geyməsinə, qəlbində buna ehtiyac hiss edən hər bir qadın o qiyafəni geyinməkdə heç bir problem yaşamır. Cəmiyyətdə isə belə qadınlara münasibət daha yaxşıdır. Hicabli xanım görən kimi hamı ozünu yığışdırır, onlara hörmətlə yanaşılır və onlara daha çox etibar edilir. Çünki o xanım İrandakı kimi hökumətin məcburiyyəti ilə deyil, öz qəlbinin hökmü ilə hicab geyməyə ehtiyac duyub.
Düzdür, onilliklər əvvəl - Azərbaycan sovet rejimindən təzə çıxanda hicab cəmiyyət üçün vərdiş edilməyən qiyafə sayılırdı. Bəzi məktəblərdə və digər dövlət idarələrində bununla bağlı problemlər yaşanırdı. Lakin indi bu problemlər tamamilə aradan qalxıb. Hətta ölkənin birinci xanımı belə məscidlərə daxil olanda çadra geyinir. İranli ideoloqlar deyəsən Azərbaycanın həmin dönəmində ilişib qalıb, bugünkü Azərbaycandan xəbərləri yoxdur.
Bir daha vurğulamaq yerinə düşər ki, İran rejiminin tələbi ilə hicab geyinməklə müsəlman olmaq mümkün deyil. Çünki din cəmiyyət, dövlət və ya toplum məsələsi deyil. Din fərdi məsələdir və insan qəlbən ona yetişməlidir. Elə ingilis, alman, fransız və s. milli mənsubiyyətə malik olan insan var ki, başı əmmaməli İran mollasından on qat daha çox müsəlmandır. Deməli, dövləti İslam respublikası adlandırmaqla vətəndaşların hamısını standart müsəlman etmək mümkün deyil, elə isə teokratik İran rejimi kimi aldatmaq istəyir?
Akif NƏSİRLİ