Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

Mətləb Salahov: İki nəhəng dövlətin liderləri açıqca bir-birinin əlinə “işləyirlər”
Donald Tramp yenə gündəmdədir. Əslində ikinci dəfə prezident seçilən günün səhərindən başlayaraq ta indiyə qədər bu adam dünyanın gündəmindən bir saniyə də düşmədi. Xüsusuilə Ukrayna böhranı və bir sıra ölkələri ilhaq və gömrük hədələməsi ilə bağlı sərt qərarlar verən Ağ Ev rəhbəri indi istək və maraqları üçün daha kritik addımlar atır. Həttda bu addımlar yalana, dezinformasiyaya söykənsə belə.
Yenicə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə bəyanat verən D.Tramp, əslində böyük bir siyasi sirrin də üstünü açmış oldu. Məsələ nədir? Bu adam açıqlama yayır ki, o V.Putinlə bir sıra məsələlər barədə kritik müzakirə aparıb. Sonra deyir ki, Kurskda on mindən çox Ukrayna əsgəri Rusiya ordusunun mühasirəsindədir və şəxsən özü V.Putindən o əsgərlərin həyatı üçün israrlı xahiş edib. Yəni onları öldürməyin! Amma çox çəkmədi ki, D.Trampın bu iddiası ifşa olundu.
Jurnalist – ekspert Mətləb Salahov “Bakı-xəbər”ə açıqlamasında bildirib ki, əslində siyasətlə azacıq əlaqəsi və məlumat olan istənilən şəxsə məlum olur ki, iki nəhəng dövlətin liderləri açıqca bir-birinin əlinə “işləyirlər”.
M.Salahov qeyd edib ki, amma Ukrayna əsgərləri barəsindəki informasiyada sanki D.Tramp dezinformasiya yolu ilə Ukraynaya və Ukrayna ictimai rəyinə təsir etmək üçün istifadə etməyə çalışır. “O deyir ki, minlərlə Ukrayna əsgəri Kurskda mühasirədədir. Üstəlik bu informasiyanı Rusiya mediası neçə gündür ki, tirajlayır. Amma Estoniya kəşfyyatı tamam başqa qənaətdədir. Estoniya kəşfiyyatı Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətindən öz hərbi kontingentini tədricən çıxardığını təsdiqləyib, həmçinin Donetsk istiqamətindəki vəziyyət barədə məlumat yayıb. “European Pravda” xəbər verir ki, bu barədə Estoniya kəşfiyyatının rəhbərinin müavini Janek Kesselmann bildirib. Bu artıq məlumatın rəsmi təsdiqidir. J.Kesselman bəyan edib ki, Ukrayna əsgərlərinin Rusiya ordusunun mühasirəsində olması barədə fakt mövcud deyil.
Belə görünür ki, D.Tramp Həm Ukrayna prezidentinə təzyiq etmək, Ukraynaya aid olan sərvətlər barədə ölkə rəhbərliyini “dizə gətirmək”, habelə Ukrayna xalqında özünə qarşı “xilaskar” obrazı yaratmaq üçün bu dezinformasiylara əl atır. Baş verənlər həm də onu göstərir ki, ABŞ prezidenti Ukrayna barədəki hədəflərinə çatmaq üçün bütün vasitələri işə salıb.”
Namiq Quliyev