MM-in deputatları hökumətə "milli təhlükəsizliyə zidd təklif verdilər"...

Aydın Mirzəzadə: “Milli təhlükəsizliyə zidd olduğu üçün həmin məsələyə baxılmayıb, geri qaytarılıb”
Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatı təqdim edilib. Baş nazir Əli Əsədov hesabatı təqdim edərkən bildirib ki, ötən il Hökumətin hesabatı təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub:
"34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olmuşdur. Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir. İki məsələ isə milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayıb”.
Maraqlıdır, hansı məsələlər təhlükəsizliyə zidd olduğu üçün qəbul edilməyib?
“Hansısa müraciətə baxılmayıbsa, deməli belə məsləhət imiş, təhlükəsizlik baxımından görülən hər bir iş təqdir olunmalıdır”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə şərhində bildirdi ki, parlamentdə deputatlar tərəfindən müxtəlif məsələlər müzakirə edilir: “2 məsələ isə milli təhlükəsizliyimizə zidd olduğu üçün baxılmayıb, geri qaytarılıb. Əsas odur ki, bu gün hökumətlə parlament arasında sıx əməkdaşlıq var. Hər biri öz səlahiyyəti çərçivəsində hərəkət edir. Millət vəkilləri seçicilərin və ya ölkənin hər hansı bir problemi ilə bağlı icra hakimiyyətinin istənilən strukturuna müraciət edib, cavab ala bilir. Baş nazir Əli Əsədovun parlamentdə çıxışı bunu bir daha təsdiq edir”.
Həmsöhbətimizin sözlərinə görə, millət vəkilləri müxtəlif məsələləri müzakirə edir, baxılması üçün müraciət edir. Hansısa müraciətə baxılmayıbsa, deməli belə məsləhət imiş: “Təhlükəsizlik baxımından görülən hər bir iş təqdir olunmalıdır”.
Günel CƏLİLOVA