İran üzərindən Naxçıvana açılacaq yol heç bir halda "Zəngəzur dəhlizi" adlandırıla bilməz... Türkiyə naziri nə deyib?...

Türkiyənin nəqliyyat naziri cənab Uraloğlu bilmir ki, Zəngəzur dəhlizinin İran üzərindən keçməsi kimi bir layihə yoxdur və ola bilməz. Yayılan məlumatlara görə, nazir Uraloğlu Zəngəzur dəhlizinin 224 kilometrlik Türkiyə hissəsinin, yəni Dilucu - İğdır- Qars hissəsinin tikintisinə başlanılacağını deyib və guya əlavə edib ki, Zəngəzur dəhlizi Azərbaycandan başlayaraq İran və ya Ermənistan üzərindən keçərək Türkiyənin Qars şəhərində Bakı - Tiflis - Qars dəmiryoluna birləşəcək. Uraloğlunun bu inanılmaz sözləri həqiqətən deyib-demədiyi hələ məlum deyil. Burada erməni mənbələri məqsədli yozumlara da yer verə bilərlər...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Ancaq Uraloğlu həqiqətən belə deyibsə, bilmir ki, İranda Zəngəzur torpağı var, yoxdur?.. Azərbaycanın qədim Zəngəzur vilayətinin qərb hissəsi (Qərbi Zəngəzur) 1920-ci ildə bolşevik Rusiyası tərəfindən Ermənistana hədiyyə edilib. Azərbaycanın qərbindən Naxçıvana açılacaq keçid isə Ermənistanın, yəni Qərbi Zəngəzur mahalının üstündən olmaqla Zəngəzur dəhlizi adlandırılır. Biz azərbaycanlıların təsəvvürü və hörmətli prezidentimiz İlham Əliyevin imzası ilə artıq təsdiqlənmiş reallıq budur ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməlidir və keçəcək. Azərbaycanın qərbindən Naxçıvana İran üzərindən açılacaq keçid isə heç bir halda Zəngəzur dəhlizi adlandırıla bilməz. Çünki qədim Zəngəzur torpaqlarımızın bir hissəsini bolşeviklər bizdən qopararaq İrana yox, Ermənistana veriblər.
İran ərazisindən Naxçıvana açılacaq gələcək keçidin adı isə başqa cür adlandırılmalıdır - məsələn, Azərbaycandan Azərbaycana Arazboyu keçid. İran ona başqa cür ad verə bilər. Ancaq heç bir halda bu yol Zəngəzur dəhlizi adlandırıla bilməz. Bu cür yanaşma ziyanlıdır, çünki Zəngəzur dəhlizinin 10 noyabr üçtərəfli razılaşmada müəyyən olunmuş həqiqi marşrutu ətrafında pozucu manipulyasiyalara yol aça bilər.
Zəngəzur dəhlizinə "O olmasın, bu olsun" kimi qeyri-ciddi yozumlara əsas verən yanaşmalar ortaya qoymaq yolverilməzdir...
Tahir TAĞIYEV