Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

İlyas Hüseynov: "Bütün müharibələrin sülh müqaviləsi ilə başa çatması ən arzuolunan ssenaridir:"
Məlum olduğu kimi, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib. Müsahibə zamanı bir sıra məsələlərə toxunan dövlət başçısı, o cümlədən qeyd edib ki, növbəti aylar və ya hətta illərdə sabitliyə nail olunmayacaq: “Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdu. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdi və müharibə yalnız sülh sazişi imzalananda bitir. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq”.
Prezidentin dediyindən belə aydın olur ki, yaxın müddətdə sabitlik olmayacaq. Maraqlıdır, yaxın illərdə sabitlik olmayacaqsa nə gözlənilir?
"Nəinki atəşkəsin elan olunması, eləcə də tərəflər arasında fikir ortaqlığının yaranması sülh müqaviləsinin yaranmasına səbəb ola bilər"
Siyasi şərhçi İlyas Hüseynov Bakı-Xəbər.com-a şərhində bildirdi ki, bütün müharibələrin sülh müqaviləsi ilə başa çatması ən arzuolunan ssenaridir: "Bu həm Rusiya-Ukrayna, həm də digər ölkələrarası müharibələrə aiddir. Həmçinin, sülh müqaviləsinin olmaması təhlükəsizlik sistemini dayanıqlı etmir. Müxtəlif ziddiyət, təxribatlar və gərginliklər mümkün olur. Nəinki atəşkəsin elan olunması, eləcə də tərəflər arasında fikir ortaqlığının yaranması sülh müqaviləsinin yaranmasına səbəb ola bilər".
Həmsöhbətimiz onu da əlavə etdi, Azərbaycan və Ermənistan arasında münasibətlərin formalaşması yekun sülh müqaviləsinə əsaslanmalıdır. Müsbət hal ondan ibarətdir ki, artıq sülh müqaviləsi layihəsinin açıq qalan maddələri də razılaşdılıb: "Ermənistan Azərbaycanın tələblərini, sərhədini qəbul edir. Bununla yanaşı, bəzi tələblərimiz də mövcuddur. Ermənistan konstitusiyasının dəyişdirilməsi, erməni xalqının sülhə hazırlanması kimi tələbləri də yerinə yetirməlidirlər".
Günel CƏLİLOVA