Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

Paşinyan sülh sazişinin son 2 maddəsini özbaşına qəbul etmədi ki... Özbaşına olsaydı, 2 gün əvvələ qədərki inadını davam etdirərdi.
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Paşinyanı kim və nə dəyişdi ki, aylardan bəri Bakı - Yerevan mübadilə marşrutunda " pardaxlanmış" 17 maddəlik layihəni tam təsdiqlədi?..
Halbuki mübahisəli 2 maddənin hər biri haqqında Paşinyanın öz inkar arqumentləri var idi və aylarla mövqeyindən ( oxu - tərsliyindən) geri durmurdu.
1. Sərhədlərdə " 3- cü qüvvələrin" yerləşdirilməsindən imtina etmək.Paşinyan bunu qəbul etmək istəmirdi. Deyirdi onlar atəşkəsə nəzarət edir, onlar getsə "qan dizə çıxar" , odur ki, Azərbaycanla sərhədlərin delimitasiya olunmuş hissəsindən 3- cü qüvvələr çıxsın, qalan yerlərdə isə delimitasiya bitənə qədər qalsınlar. Ancaq baş nazir sonda qəbul etdi ki, 3- cü qüvvələr sərhədlərimizin bütün hissələrindən çıxarılsın.
2. Hüquq müstəvisində bir - birinə qarşı iddialardan imtina etmək. Paşinyan ilk əvvəl buna da qol qoymaq istəmirdi. Deyirdi dövlətlər miqyasında imtina edək, lakin fərdlər üçün fərdi qaydada hüquqi iddia imkanı saxlansın. Aşkar görünürdü ki, burada Paşinyan sırf daxili siyasi hədəflərə köklənib. Qorxurdu ki, vaxtilə Bakıdan, Sumqayıtdan, Qarabağdan aldadıb köçürdükləri ermənilər "sən bizi fərdi iddia qaldırmaq hüququndan məhrum edirsən" kimi ittihamlarla ona qarşı çıxa bilərlər. Azərbaycan hakimiyyəti üçün belə təhlükə yoxdur. Çünki Qarabağdan və Şərqi Zəngəzurdan olan məcburi köçkünlərimiz dövlətimizin himayəsi altında öz yurdlarına qayıdır, qaçqınlarımız isə "Qərbi Azərbaycana qayıdış" konsepsiyası əsasında öz yerlərinə nə vaxtsa qayıtmaq və itirdikləri mal - mülkə yenidən sahiblənmək şansına malikdir. Göründüyü kimi, Paşinyana daxildən böyük təpki risqi olsa da, o, 2- ci mübahisəli maddə ilə də razılaşdı..halbuki bu da onun üçün çox çətin idi...
Niyə??? Necə oldu ki, baş nazir bu qədər kəskinliklə mövqeyini dəyişdi?
İki əsas səbəb var.
1. Azərbaycanın diplomatik - siyasi basqıları.
2. Dünyadakı geosiyasi güc nisbətlərində dəyişiklik meylləri. Həm də Ermənistan üçün əlverişli olmayan dəyişikliklərdən söhbət gedir. Baxın, Amerikanın Ermənistana dəstəyi zəifləyir, Amerika Ukraynada yumşaq kursa keçdiyi üçün Rusiya yavaş- yavaş özünə gəlir, Avropa Ermənistanı atmaq istəməsə də, əvvəlki fəallığı göstərə bilmir, çünki öz hayına qalmaq zorundadır. Bu vəziyyətdə Rusiyanın Paşinyana təzyiqləri bir qədər güclənmək imkanına malikdir. Avropadakı " müəllimlər" Paşinyana dərhal tövsiyə verdilər. Dedilər eyni vaxtda həm Azərbaycanın, həm də Rusiyanın təzyiqi altında qalmaq sizin üçün əlverişli mövqe deyil və Azərbaycanla vəziyyəti qismən yumşaldaraq ikitərəfli zərbənin hədəfindən çıxmaq məsləhətdir.Eyni zamanda Avropadan Paşinyana bu da xatırladılıb ki, Türkiyə ilə açılım sizin xeyrinizədir, Azərbaycansız bunu edə bilməzsiniz və Türkiyə üzərindən Avropaya çıxış imkanı almaqla Rusiyanın basqıları qarşısında qismən əlavə güc ala bilərsiniz. Beləliklə, Avropanın məsləhəti ilə hərəkət edən Ermənistan bir daha müstəqil ölkə olmadığını sübut etdi. Bu mənada Ermənistanın formal olaraq sülhə müyllənməsi sadəcə müvəqqəti xarakter də daşıya bilər. Yəni Rusiya- Ukrayna cəbhəsində və Amerika - Rusiya münasibətlərində geriyə dönüş başlasa, Paşinyan Avropadakı dostlarından yeni sifariş alacaq - Azərbaycanla gərginlik bərpa edilməlidir.
Ermənistanın bu ssenari üçün də ayrıca arqumentləri var. Məsələn, indidən başlayıblar ki, Avropa Birliyinin missiyası sərhədlərdən çıxarılmağa bilər , çünki onlar hərbi qüvvə yox, mülki missiyadır. Eləcə də konstitusiyanın dəyişdirilməsi və Minsk Qrupundan imtina məsələsini bu məqsədlə bəhanə kimi işlədə bilərlər...
Tahir TAĞIYEV