BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

Avropa Parlamentində anti-Azərbaycan mövqeyi, ölkəmizə qarşı qərəzi heç kimə sirr deyil. Korrupsiya və rüşvət girdabında boğulan, erməni lobbisinin təsiri altında olan bir sıra avroparlamentarilər növbəti dəfə Azərbaycan əleyhinə böhtan xarakterli qətnamə layihəsi ilə çıxış ediblər.
Söhbət Bakıda məhkəmə prosesi keçirilən və konkret hərbi cinayətlərdə ittiham olunan ermənilərin müdafiə cəhdindən gedir.
Qeyd edək ki, Avropa Parlamenti Azərbaycan hökumətini Qarabağ separatçılarını azadlığa buraxmağa çağıran qətnamə qəbul edib. Qətnamə “Dağlıq Qarabağdan olan yüksəksəviyyəli siyasi nümayəndələrin qanunsuz həbsi və saxta məhkəməsi” adlanır. Sənəd 523 deputat lehinə, 3 nəfər əleyhinə və 84 nəfər bitərəf olmaqla qəbul edilib. Avropa Parlamentinin deputatları Avropa İttifaqı (Aİ) səfirliklərini separatçıların Bakıda keçirilən məhkəmə proseslərinə nəzarət etməyə və onlara baş çəkməyə çağırıblar. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev artıq məsələyə reaksiya verib.O qeyd edib ki, Avropa Parlamentində Ermənistanın maraqlarını təmsil edən müxtəlif lobbi qruplarının Azərbaycana qarşı yeni qətnamə layihəsi qəbul etməsi məhkəmə ilə əlaqədardır". Onun fikrincə, insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılmağa çağırılması, onların “əsir” və “girov”adlandırılması qəbuledilməz haldır. Bununla yanaşı, prezidentin köməkçisi əlavə edib ki, onların mühakiməsi davam etdiriləcək: “Amma bunun əksinə olaraq, Ermənistandan gözləntimiz odur ki, əgər regionda ədalətli sülhün təmin olunmasını istəyirsə və bunda maraqlıdırsa, məhkəmə ilə yaxından əməkdaşlıq etsin. Ermənistanın ərazisində olan, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayət əməlləri törətmiş, hərbi cinayətlər törətmiş şəxslər var ki, onların da istintaqa və məhkəmə prosesinə cəlb edilməsinin təmin olunması həyata keçirilməlidir”. Hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Ruben Vardanyan, Davit Babayan, Davit İşxanyan və başqalarından ibarət 16 nəfərin məhkəməsi gedir. Mühakimə olunan bu şəxslərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Onların cinayəti üzrə sübutlar yetrəincədir. Bunu həttan BMT də təsidiq edir. BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu rəyi də bunun təsdiqidir.
Rəsmi Bakı artıq bu yanaşmanı alqışladığını bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib: “BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq”. Qeyd olunub ki, İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib: “Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub. Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir. Eyni zamanda, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın “təqsirsizlik prezumpsiyasını” qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib. Guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrup bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib. Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrup qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub”. Bu, həm də Avropa Parlamentinə bir cavab da hesab edilə bilər. Amma o da faktdır ki, Avropanın ali qanunverici qurumunda heç bir əsasa söykənməyən, daxili mülahizələrdən, qərəzli münasibətdən çıxış edən müəyyən qrupun hazırladığı belə qətnamələrin qəbulu adi hal alıb. Ümumiyyətlə, Avropa Parlamentinin bütün qətnamələri islamofobiya, qərəz və ikili standartları özündə əks etdirib. Avropa Parlamenti bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmir. Onlar dərk etmək istəmirlər ki, münaqişə artıq başa çatıb və bu gün “Dağlıq Qarabağ” adlı münaqişə və bu adda ərazi vahidi yoxdur. Avropa Parlamentinin bu cür qərəzli mövqeyi Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması ilə ziddiyyət təşkil edir. Bu qurum işğal dövründə olduğu kimi postmünaqişə dövründə də Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkmir.
Tahir TAĞIYEV