Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

Dünya gündəminin əsas mövzularından biri Azərbaycan və Ermənistan arasında sülh mətninin razılaşdırlmasıdır. Artıq dünyanən ən müxtəlif ölkələri bununla bağlı müvafiq reaksiyalar verirlər. Sülh mətninin razılaşdırlması alqışlanır. İndi əsas məsələ sazişin nə vaxt imzalanacağı, həmçinin gələcək əməkdaşlıq üçün Ermənistanın digər şərtləri nə vaxt yerinə yetriəcəyidir.
Həmin şərtlərin nədən ibarət olması Azərbaycan Xarici İşlər Nazirliyinin sülh mətni ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Qurumun Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanatında deyilir: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı bildirib: “Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb”. Nazirin sözlərinə görə, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib: “Sülh sazişinin mətni ilə bağlı artıq danışıqlar prosesi yekunlaşıb. Son iki açıq maddə qalmışdı, yaxınlarda Ermənistan tərəfi həmin iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini bizə əlaqə kanallar vasitəsilə çatdırıb. Ona görə mətn üzrə işlərin yekulaşdırıldığını qeyd edə bilərik. Növbəti addım olaraq. Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiyaya dəyişikliklər edilməsi yoluyla aradan qaldırılması baş tutmalıdır. Bu, sazişin imzalanması üçün labüd ilkin şərtdir”. Ermənistan Xarici İşlər Nazirliyi də Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb. Qurum bildirir ki, İrəvan Bakı ilə onun imzalanma vaxtı və yeri ilə bağlı müzakirələrə başlamağa hazırdır. Nazirlik həmçinin sülh müqaviləsi üzrə danışıqların başa çatdığını təsdiqləyib: “Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş” layihəsinin təsdiq edilməsi faktını, habelə bu layihənin təsdiqi ilə bağlı danışıqların başa çatdığını təsdiq edir”.
Ermənistanın baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb. O, əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı belə cavablandırıb: “Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, mətni təhlil edərək qavrayışımızı dəyişmişik. Təhlükəsizlik Şurasında müzakirə apardıq və belə nəticəyə gəldik ki, bu mətnlərin mübadiləsi prosesi artıq özünü tükədib və biz bütövlükdə sülh sazişinin mətnini təhlil edərək növbəti mərhələyə keçdik. Bu təhlil nəticəsində belə qənaətə gəldik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətni Ermənistan üçün məqbul ola bilər”. O, eskalasiya üçün heç bir səbəbin olmayacağına dair zəmanət alıb-almadığını soruşduqda belə cavab verib: “Zəmanət çox aydın söz kimi görünür, lakin bir çox hallarda anlaşılmazdır. Deyirəm ki, əslində bu mətnlər statik olaraq dəyişməz qalmayıb, müəyyən təkamül keçiriblər və mətnlərin keçdiyi bu təkamül bizim üçün ən arzuolunan variant deyil, lakin biz bu təkamülü özümüz üçün məqbul kimi qiymətləndirmişik”. İndi əsas məsələ Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların aradan qaldırlmasıdır. Çünki Azərbaycana sadəcə kağız parçası yox, davamlı sülh lazımdır. Bunun üçün isə tələblər yerinə yetirilməlidir. Həmin şərtlərin ən vaciblərindən biri Ermənistanın konstitusiya dəyişikliyinə getməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etməsidir. Bu olmadıqca, əlbəttə, mümkün sülh kövrək olacaq. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi o deməkdir ki, bir neçə il sonra qarşı tərəf yenidən hansısa revanşa cəhd edə bilər. Rəsmi Bakı məhz bu ssenarinin qarşısını almağa çalışır. 17 maddədən ibarət sənədin razılaşdırılması hələ onun imzalanması demək deyil. Prosesin bundan sonra necə inkişaf edəcəyi məhz Ermənistanın davranışından asılıdır. Ermənistan qəbul etməlidir ki, hazırkı prosesin davam etməsi məhz onun konstruktiv mövqe tutmasından, o cümlədən Azərbaycanın tələblərini yerinə yetirməsindən asılıdır. Xüsusən də Azərbaycana qarşıəraziiddialarına son verilməlidir. İrəvanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyan da razılaşır ki, konstitusiya dəyişikləri uzun çəkən bir prosesdir, amma o bunu mümkünsüz də saymır: “Konstitusiya dəyişikliklərini Ermənistan tərəfi qəbul edir. Lakin konstitusiya dəyişikliyi hüquqi proses kimi 2026-cı ilin iyunundan tez başa çatmayacaq. Tərəflərin açıqlamaları çoxdan gözlənilən ikitərəfli müqaviləni yekunlaşdırmaq və imzalamaq üçün real fürsətdən xəbər verir”. Qiraqosyan inanır ki, son dəqiqədə hansısa əlavə tələblər qaldırılmasa, Azərbaycan və Ermənistan diplomatiyada çıxılmaz durumu geridə buraxa bilər. Lakin məsələ burasındadır ki, Ermənistan baş verənlərə paralel şəkildə sürətlə silahlanır. Yəni, bu ölkə sülh ritorikası altında müharibə hazırlığını gizlətməyə çalışır. Bu gün müəyyən qüvvələr tərəfindən Ermənistanın dəstəklənməsi, silahlandırılması və ondan silahlı təzyiq vasitəsi kimi istifadə olunması Cənubi Qafqazda sülhü, sabitliyi və təhlükəsizliyi mümkünsüz edir. Diqqət çəkən daha bir məqam Fransanın liderliyi ilə Ermənistanın hərbləşdirilməsinə yönəlmiş, hətta öldürücü və hücum tipli silah növlərinə aid hərbi təchizatın təmin ediləcəyi ilə bağlı aparılan kampaniyadır. Eyni zamanda, Avropa İttifaqının digər üzvü Yunanıstan Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları da təsadüfi sayıla bilməz. Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə nail olmağın yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə tərəfsiz, qərəzsiz mövqe sərgiləməkdən keçir. Azərbaycan dəfələrlə bəyan edib ki, bütün suallar və problemlər iki ölkənin birgə müzakirələri ilə həll olunmalıdır. Üçüncü dövlətlərin və ya təşkilatların qərəzli vasitəçi qismində müdaxiləsi vəziyyəti gərginləşdirir. Ermənistan və himayədarları üzləşdikləri keçmiş acı təcrübələri yada salaraq bu məqamı unutmamalıdırlar. Iksı halda yeni toqquşma qaçılazmdır və bu da bütün sülh prosesini təhdid altına alır.
Samirə SƏFƏROVA