Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

Əli Orucov: "Bu sənəd Azərbaycanın siyasi mövqeyinin daha da gücləndirilməsi baxımından da əhəmiyyətlidir"
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.
Bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
“Təcavüzün səbəb və nəticələrinin ümumi qiymətləndirilməsi və mövcud sübutlar tam aydın göstərir ki, Xocalıda törədilmiş cinayətlər tək-tək və ya təsadüfi deyil, etnik, dini nifrət və dözümsüzlük zəminində törədilən vəhşiliklərin geniş və sistemli siyasət praktikasının tərkib hissəsidir.
Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır.
Azərbaycan öz xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq”, - paylaşımda deyilir.
Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə göndərdiyi məktubun rəsmi sənəd kimi dərc edilməsi dövlətinizə hansı üstünlüklər gətirə bilər? Bununla yanaşı, sülh sazişinin bir maddəsi də beynəlxalq diplomatik iddialardan qarşılıqlı əl çəkilməsidir, həmin maddə ilə bu sənəd ziddiyyət təşkil etmirmi?
Baki-xeber.com-un sualına cavabında politoloq Əli Orucov bildirdi ki, 1992-ci ildə erməni silahlı qüvvələrinin Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalıda yaşayan dinc sakinlərə qarşı törətdikləri soyqırım bəşəriyyə, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir: "Məhz azərbaycanlı olduqları üçün kütləvi şəkildə vəhşicəsinə həmin insanlar qətlə yetirilmiş, dəhşətli işgəncələrə və ağır rəftara məruz qalmışlar. Etiraf etmək lazımdır ki, Xocalı soyqırımının dünyaya çatdırılması və bir sıra dövlətlərin parlamentində soyqırım kimi tanınması H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və vitse-prezident Leyla Əliyevanın davamlı və sistemli fəaliyyıti nəticəsində mümkün olub. Fondun "Xocalıya ədalət" devizı altında keçirdiyi çoxşaxəli tədbirləri və görüşləri, apardığı təbliğat bu gün də davam etməkdədir. Buna qədər isə Xocalı soyqırımı ancaq təqvim günlərində anılırdı və daxildə müəyyən tədbirlərlə yekunlaşırdı. Bildiyim qədər, bundan öncə də Xocalı soyqırımı ilə bağlı BMTyə Azərbaycan tərəfindən təqdim olunan sənəd təşkilatın rəsmi sənədi kimi yayılıb. Baxmayaraq ki, həmin sənəd daha çox siyasi xarakter daşıyır və Ermənistanın üzərinə hansısa hüquqi məsuliyyət qoymur. Bununla belə, Ermənistanın gələcəkdə soyqırım cinayətlərində ittiham edilməsində bu sənəddən istifadə edilə bilər. Eyni zamanda, bu sənəd Azərbaycanın siyasi mövqeyinin daha da gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan çəkilməsinin Xocalı soyqırıma aidiyyəti yoxdur. Azərbaycan tərəfi bu soyqırımın həyata keçirilməsində və hazırlanmasında birbaşa iştirak edən vəzifəsindən asılı olmayaraq bütün cinayətkarları məhkəmə qarşısına çıxarıb cəzalandırmaqda da tam haqlıdır. Onlardan bir qismi artıq Azərbaycanda mühakimə edilir. Digərləri barədə də beynəlxalq axtarış verilib.
Şübhə etmirəm ki, həmin cinayətkarlar tutulub əlləri qandallı istintaq orqanlarına təhvil veriləcək. Digər tərəfdən, qarşılıqlı iddialardan imtina mülki xarakterli iddalardı. Soyqırım cinayəti isə istər Azərbaycan qanunvericiliyində, istərsə də beynəlxalq qanunvercilikdə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və ən ağır cəzalar nəzərdə tutulur. Ona görə də Azərbaycan Xocalı soyqırımı və onun törədənlərlə bağlı tələblərindən imtina edə bilməz. Bunun da Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və münasibətlərin normallaşması istiqamətində aparılan prosesi pozacağını düşünmürəm. Əksinə, hesab edirəm ki, rəsmi İrəvan məsuliyyətini üzərinə götürməklə və ədalət mühakiməsindən yayınan cinayətkarların tutub Azərbaycana təhvil verməklə heç olmasa bir dəfə humanizm göstərər".
Dəniz NƏSİRLİ