Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

Tural İsmayılov: “Ermənistana səfər edən türkiyəli jurnalistlər milli, Türkiyənin dövlət maraqlarını nəzər almayanlardır”
Məlum olduğu kimi, bu günlərdə Türkiyənin media nümayəndələri Ermənistana səfər ediblər. Burda onlar Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb, bəzi ərazilərə baş çəkiblər.
Ermənistana səfər edən bəzi jurnalistlərin regionda proseslerə yanaşması heç də obyektiv xarakter daşımayıb. Onlardan jurnalist Barçın Yınanç Türkiyə-Azərbaycan münasibətləri və onun bölgəyə təsiri ilə bağlı analitik məqalə dərc edib. “Qərarları kim verir? Azərbaycanın Türkiyəyə təsiri artır” adlı məqalədə qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında yaxşı münasibətlər olsa da, Qafqazda regional sülhlə bağlı razılığa gəlmirlər: “On ildən artıqdır ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər kiçik ölkənin daha böyük ölkənin xarici siyasətini girov saxladığı ABŞ və İsrail arasındakı münasibətlərə bənzəyir. Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla münasibətlərdə Ankaraya heç bir manevr yeri qoymur. Dağlıq Qarabağda müharibənin başa çatmasına və Bakı ilə İrəvan arasında yekun sülh sazişi üzrə danışıqların davam etməsinə baxmayaraq, Bakı Ankaraya İrəvanla münasibətləri normallaşdırmaq üçün danışıqlara başlamağa “icazə vermir”.
Türkiyəli jurnalistin fikrindən belə aydın olur ki, guya Azərbaycan Ermənistanla Türkiyənin münasibətlərinin düzəlməsinə mane olur.
“Həmin şəxslərin kimliyinə, simasına baxanda Türkiyə mediasında çox tanınan, göz önündə olmayan şəxsləri görürük”
Məlum məsələ ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistana gedən türkiyəli jurnalist heyətinin tərkibinə baxmaq lazımdır: “Burda milli, Türkiyənin dövlət maraqlarını nəzər almayan şəxsləri görürük. Onların içərisində Türkiyədəki təxribatçı erməni qəzetinin nümayəndələri də yer alır. Həmin şəxslərin kimliyinə, simasına baxanda Türkiyə mediasında çox az tanınan, göz önündə olmayan şəxsləri görürük. Son zamanlar Avropa Parlamentində Azərbaycana qarşı ermənipərəst qüvvələrin verdiyi dırnaqarası bəyanatlar, eyni zamanda, Ermənistanınözünü dünyaya sırımağa çalışdığı sülhpərvər obrazı çaşdırıb. Reallıqda təxribat və provokasiyaları davam etdirən mövqelər qoyulan bir vaxtda Türkiyədən olan jurnalistlərin həmin ölkəyə səfəri fonunda Ermənistan bir mənzərə yaratmaq istəyir. Guya Ermənistanın baş naziri hansısa bir məsələ ilə bağlı Türkiyə ilə danışır, ortaya mövqelər qoyur. Bu kimi addımlar yanlışdır”.
Günel CƏLİLOVA