Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

Mətin Məmmədli: "Azərbaycan-Amerika münasibətlərində yaranan böhranın kökündə ilk növbədə Bayden administrasiyasında Blinkenin Azərbaycanla, Cənubi Qafqazla bağlı həyata keçirdiyi siyasət durur"
"Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi". Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. “Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2001-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, - deyən Prezident Əliyev vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.
"Onun da mövqeyi və yanaşması, təəssüf ki, iki ölkə arasında münasibətlərə ciddi xələl gətirib"
Azərbaycan Prezidentinin ABŞ-ın keçmiş dövlət katibi Antoni Blinken barədə dediklərinin tam əsaslı olduğunu deyən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli "Bakı-Xəbər"ə şərhində "Azərbaycan Prezidenti XII Bakı Qlobal Forumunda Amerika-Azərbaycan münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərdə xüsusilə Bayden administrasiyası dövründə iki ölkə arasında əlaqələrə diqqət yönəltdi. Cənab Prezident bildirdi ki, Bayden administrasiyası, konkret olaraq Blinken iki ölkə arasında münasibətlərin korlanmasında böyük rol oynayıb. Məsələ ondan ibarətdir ki, dəfələrlə Azərbaycan Prezidenti də, dövlət rəsmilərimiz də Amerikanın Cənubi Qafqaz regionunda Ermənistan mərkəzli bir siyasət həyata keçirdiyini qeyd ediblər. Eyni zamanda postmünaqişə problemlərinə qərəzli, ədalətsiz yanaşıb. Bütün bunlar, təbii ki, iki ölkə arasında münasibətlərin soyumasına, problemlərin yaranmasına səbəb olub" - deyə bildirdi.
M.Məmmədlinin sözlərinə görə, iki ölkə arasında münasibətlərin o səviyyədə olması Bayden hökumətinin yürütdüyü siyasətin nəticəsi olub. "Azərbaycan-Amerika münasibətlərində yaranan böhranın kökündə ilk növbədə Bayden administrasiyasında Blinkenin Azərbaycanla, Cənubi Qafqazla bağlı həyata keçirdiyi siyasət durub. Məhz bunu nəzərdə tutaraq Prezident qeyd edib ki, münasibətlərimizin korlanmasında Blinkenin rolu olub. Blinken dövlət katibi olaraq Amerikanın xarici siyasətində əsas söz sahibi idi. Onun da mövqeyi və yanaşması təəssüf ki, iki ölkə arasında münasibətlərə ciddi xələl gətirib".
Yeni administrasiyadan Azərbaycanın gözləntilərinin böyük olduğunu deyən M.Məmmədlinin sözlərinə görə, biz gözləyirik ki, Tramp administrasiyası sələfinin səhvlərini ən azı təkrar etməyəcək. "Azərbaycanla münasibətləri, Prezidentin də dediyi kimi, yenidən etibarlı tərəfdaşlıq münasibətlər səviyyəsinə qaldıracaq. Bu gözləntilərin də müəyyən əsasları var. Trampın birinci prezidentliyi dövründə iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edib, böhranlar, problemlər yaşanmayıb. Eyni zamanda Tramp administrasiyasının Baydendən fərqli olaraq dünya siyasətinə, postsovet məkanına özünəməxsus yanaşması var. Yanaşması bizim tərəfimizdən daha praqmatik hesab olunur. Bütün bunlar bizdə müəyyən gözləntilər yaradır. Prezident də bütün bunları nəzərdə tutaraq Bakı Qlobal Forumunda fikirlərini ifadə etdi" - deyə Məmmədli qeyd etdi.
İradə SARIYEVA