Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

Ceyhun Məmmədov: “Sülh sazişi imzalanandan sonra Aİ missiyası vaxtından əvvəl Ermənistanı tərk edəcək”
Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.
Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.
O da məlumdur ki, Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul etdi. O şərtlərdən biri də iki ölkə sərhədində başqa ölkənin missiyasının olub-olmaması məsələsidir. Ancaq məsələ ondadır ki, ötən il əldə edilən razılaşmaya görə, Avropa İttifaqı müşahidə missiyasının müddəti 2027-ci ilə qədər uzadılıb. Maraqlıdır, sülh sazişinin yaxın vaxtlarda imzalanması o demək olacaqmı ki, Aİ missiyası yarımçıq şəkildə, yəni 2027-ci ili gözləmədən Ermənistanı tərk etməlidir?
“Prezidentin prinsipial, qətiyyətli mövqeyi ondan ibarətdir ki, regionda üçüncü dövlətin hansısa ordu birləşmələri ola bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, Azərbaycan tərəfinin davamlı olaraq bu məsələni qaldırmasına baxmayaraq, hələ də Fransa Ermənistanı silahlandırmaqla məşğuldur: “Bu gün də biz Ermənistanın silahlandırıldığını görürük. Fransa bu prosesdə çox fəal şəkildə iştirak edir. Təəssüf ki, bu gün bölgəyə sülhün gəlməsinə ən çox mane olan ölkələrdən biri də məhz Fransadır. Əfsuslar olsun ki, Avropa İttifaqı da bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Azərbaycanın razılığı nəzərə alınmadan sərhədə öz missiyasını göndərib. Bu missiyanın fəaliyyəti isə Azərbaycanda qıcıq doğurur. Ona görə ki, onların bu fəaliyyəti ümumi işə töhvə vermir. Tam əksinə, casusluq fəaliyyəti ilə məşğuldular. Qaldı ki, Aİ missiyasının fəaliyyətini davam etdirməsinə, Azərbaycanın buna münasibəti bəllidir. Azərbaycan tez bir zamanda missiyanın sərhədi tərk etməsini istəyir. Sülh danışıqlarında üzərində durulan məqamlardan biri də budur. Prezident İlham Əliyevin prinsipial, qətiyyətli mövqeyi ondan ibarətdir ki, regionda üçüncü dövlətin hansısa ordu birləşmələri ola bilməz. Çox güman ki, sülh sazişi imzalanandan sonra Aİ missiyası vaxtından əvvəl Ermənistanı tərk edəcək. Baş nazir Nikol Paşinyan da son açıqlamasında bunu istisna etmədi”.
Vidadi ORDAHALLI