Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

Arzuxan Əlizadə: "Yalnız iki məsələ ilə bağlı hələ yekun qərar yoxdur"
Avstriya xarici işlər nazirliyi Bakı və İrəvanın sülh müqaviləsinin mətni üzrə razılaşmalarını alqışlayır.
“Ermənistan və Azərbaycan arasında sülh işində əldə edilmiş irəliləyişi ürəkdən alqışlayırıq. Sazişin tezliklə imzalanacağına ümid edirik. Hərtərəfli və ədalətli saziş, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”, - xarici siyasət idarəsinin məlumatında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlamışdı.
Sülh sazişinin mətni hazırdırsa, bundan sonrakı mərhələ nədən ibarət olacaq? Yəni iki ölkə arasındakı bütün problemlər həllini tapdımı?
Baki-xeber.com saytına məsələ ilə bağlı açıqlamasında millət vəkili, AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı iki bənd xaricində razılaşmanın əldə edildiyi barədə hər iki dövlətin XİN-i bəyanat verib: "Uzun müddətdir ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların olduğu məlum idi. Sülh sazişinin maddələrinin razılaşdırılması da mərhələlərlə açıqlanırdı. Yalnız iki məsələ ilə bağlı hələ yekun qərar yoxdur. Bunlar isə Azərbaycanın haqlı tələbləridir. Sülh müqaviləsi imzalanacağı təqdirdə, təbii ki, bu iki məsələ imzalanma mərasimindən əvvəl mütləq şəkildə razılaşdırılmalıdır. Bunlardan biri konstitusion müstəvidə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından geri çəkilməsidir. Bunun üçun Ermənistan konstitusiya dəyişikliklərinə getməlidir və müvafiq dəyişikliklər edilməlidir. Digər məsələ isə ATƏT-in Minsk qrupunun həmsədirlərinin vasitəçiliyindən imtina edilməsi ilə bağlıdir. Buna da Ermənistan tərəfi reallaşdırmalıdır. Bu məsələlər sülh müqaviləsinin mətninə daxil edilməyib.
Təbii ki, digər tələblər də var, lakin bu tələblərin sona qədər yerinə yetrilib-yetrilməməsi ilə bağlı məlumatlı deyilik. Amma istənilən halda delimitasiya və demarkasiya işlərinin konstruktiv aparılması ümidlər verir. Hələ də Naxçıvanım Kərki kəndi və Qazaxın üç kəndi geri qaytarılmayıb. Eyni zamanda nəqliyyat əlaqələrinin açılması da sazişin mətnindən çıxarılıb. Naxçıvanla əlaqə yolunun açılması hələ 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin tələblərinə uyğun olaraq dərhal icra edilməli idi. Bununla Ermənistan üzərinə öhdəlik götürub və bu öhdəlik geciksə də yerinə yetrilməlidir.
Lakin sazişə daxil olan sərhəddən üçüncü qüvvələrin geri çəkilməsi və diplomatik iddialardan əl çəkilməsi məsələlərini Ermənistan qəbul edib.
Gözləntimuz odur ki, Ermənistan konstitusiyasına dəyişikliklər edəcək - Azərbaycana və qardaş Türkiyəyə ərazi iddialarından əl çəkəcək, eyni zamanda, ATƏT-in Minsk qrupunun olmayan fəaliyyətindən imtina edilməsi ilə bağlı məsələyə razıliq verəcək. Bütün bunlar baş verəcəyi təqdirdə tərəflər arasında ilk olaraq sülhə aparan çərçivə müqaviləsinin bağlanması mümkündür.
İstənilən halda, regionda sülhə nail olunması üçün tərəflər arasında sülh müqaviləsinin bağlanması olduqca vacibdir. Bununla bağlı artıq bir necə ölkə öz müsbət mövqeyini bildirib, bunun regionda sülh və sabitliyə böyük töhfə verəcəyini deyiblər. Azərbaycan da regionun əsas güc və söz sahibi dövləti olaraq regionda sabitliyə nail olunmasında maraqlıdır. Regiondankənar qüvvələrin regiona təsir imkanlarının tamamilə aradan qaldırılmasında maraqlıyıq. Bu mənada Ermənistan üzərinə götürdüyü öhdəlikləri və Azərbaycanın haqlı tələblərini yerinə yetirməlidir ki, nəhayət, bölgəyə sülh və barış gəlsin".
Dəniz NƏSİRLİ